BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

“Azərbaycan və İraq türkmanları arasında ictimai əlaqələr: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib

2026-11-19 15:39

19.11.2026-cı il tarixində Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) birgə təşkilatçılığı ilə “Azərbaycan və İraq türkmanları arasında ictimai əlaqələr: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın əsas xarici qonaqları sırasında İraqda yaşayan türkmanları təmsil edən elm və ictimaiyyət nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, eləcə də “Azərbaycan və İraq türkmanları arasında mədəni münasibətlər üzrə Koordinasiya Şurası”nın üzvləri yer alıblar. Tədbirdə, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatları və yerli ekspertlər iştirak ediblər.

Konfrans çərçivəsində Azərbaycan xalqı ilə İraq türkmanlarını birləşdirən ortaq tarixi, etnik, dil və mədəni bağlılıqlar, habelə bu əlaqələrin müasir mərhələdə inkişaf istiqamətləri və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı İraq türkmanlarının Azərbaycan xalqının tarixi-mədəni irsinin ayrılmaz tərkib hissəsi kimi rolu, milli kimliyin, ana dilinin və tarixi-mədəni varisliyin qorunmasının əhəmiyyəti, eləcə də qloballaşma prosesinin yaratdığı çağırışlar diqqətə çatdırılıb. Eyni zamanda, ictimai-mədəni əlaqələrin institusional əsasda genişləndirilməsi, vətəndaş cəmiyyəti institutları və gənclər arasında əməkdaşlığın təşviqi, birgə layihə və təşəbbüslərin həyata keçirilməsi, qardaşlaşmış şəhərlər arasında əlaqələrin inkişaf etdirilməsi, habelə gələcək əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub. Konfransda ortaq tarixi-mədəni irsin Azərbaycan xalqı ilə İraq türkmanları arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün mühüm zəmin təşkil etdiyi vurğulanıb.