BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Azərbaycan və Ermənistanın ABŞ-də əldə etdiyi razılaşmalar necə şərh olunmalıdır?

2025-08-20 18:06

BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyevin “Azərbaycan və Ermənistanın ABŞ-də əldə etdiyi razılaşmalar necə şərh olunmalıdır?” sərlövhəli məqaləsi  “Yeni Şafak” nəşrində dərc edilib.

Məqalədə 2025-ci il avqustun 9-da ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Ağ Evdə keçirilən görüşün detallarına-üçtərəfli birgə bəyanat, mart ayında razılaşdırılmış sülh mətninin xarici işlər nazirləri tərəfindən paraflanması, ATƏT-in Minsk Qrupu prosesinin başa çatdırılması üçün birgə müraciət, Azərbaycan-ABŞ arasında strateji əməkdaşlıq sazişinin hazırlanması məqsədilə İşçi Qrupun yaradılması barədə Anlaşma Memorandumu və ABŞ Prezidentinin imzası ilə 907-ci düzəlişin dondurulmasına dair sənəd- nəzər salınıb.

Qeyd edilir ki, üçtərəfli bəyanata əsasən, Azərbaycan və Ermənistan regionda nəqliyyat və kommunikasiya xətlərinin dövlətlərin suverenliyi və ərazi bütövlüyü çərçivəsində açılmasına dəstək ifadə ediblər.

“Azərbaycanın tələbi əsasında bəyanata Azərbaycanın əsas ərazisindən Naxçıvana maneəsiz gediş-gəlişi təmin edən bənd daxil edilib. Bu bəyanat 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycana maneəsiz keçid hüququ verən ikinci mühüm sənəd hesab olunur.

Azərbaycanı Türkiyəyə, Türkiyəni isə Türk dünyasına birləşdirəcək Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 43 kilometrlik hissəsinə “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Yolu” adı veriləcək və bu yolun istismarı üçün ABŞ-Ermənistan birgə şirkəti yaradılacaq. Bəyanatda bölgəyə ABŞ hərbçilərinin yerləşdirilməsinə dair hər hansı bir şərt yer almır. Beləliklə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Ermənistan Zəngəzur dəhlizinin həmin hissəsinin təhlükəsizlik nəzarətini Rusiya təhlükəsizlik qüvvələrinə vermişdisə, bu dəfə yolun idarəçiliyi ABŞ ilə yaradılacaq birgə şirkətə həvalə ediləcək. Hesab edilir ki, bu bəyanatın şərtlərinin uğurla reallaşdırılması ilə Rusiyanın regiondakı təsiri azalacaq.

Ermənistanın bu dəhlizdə ABŞ şirkətinə rol verməsi region dövlətləri arasında müzakirələrə səbəb olduğu halda, Rusiyanın buna açıq şəkildə etiraz etməməsi diqqət çəkib. Hətta Rusiya Baş nazirinin müavini Aleksandr Overçuk bu məsələyə münasibət bildirərək “Əgər yolun bu şəkildə istismarı Ermənistanın maraqlarına uyğundursa, biz bunu dəstəkləyirik” deyib. Bu dəhlizin açılması Rusiya üçün regional təcriddən çıxmaq mənasına gəlir. ABŞ-də keçirilən görüşdən dərhal sonra Baş nazirin müavini Overçuk regiona səfər edərək Azərbaycan və Ermənistanla əməkdaşlıq imkanlarını müzakirə edib.

Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması, Azərbaycan-Türkiyə arasında alternativ yolun açılması və Ermənistanın da bu prosesə cəlb edilməsi nəticəsində Türkiyənin regiondakı rolu artacaq. Proses boyunca Türkiyə ilə daimi informasiya mübadiləsi aparılıb. İranda isə bu məsələ ilə bağlı iki fərqli yanaşma mövcuddur. Müvafiq bəndlərdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinin pozulmayacağının qeyd olunması İran Prezidenti Məsud Pezeşkian və Xarici İşlər Nazirliyi tərəfindən müsbət qarşılanıb. Lakin İran ali dini liderinin nümayəndəsi Əli Əkbər Vilayəti ABŞ-nin regiona gəlməsinə qarşı olduqlarını bəyan edib. Bununla belə İranın bu mövqeyinə Rusiya tərəfindən dəstək ifadə edilməmişdir”.

Yekunda müəllif əlavə edir ki, Vaşinqtonda əldə olunan razılaşmalara ayrı-ayrılıqda deyil, bir paket şəklində və son dövrlər regionda baş verən geosiyasi proseslər kontekstində yanaşmaq lazımdır.

“Azərbaycan və Ermənistan ABŞ-də əldə edilmiş razılaşmaları təkcə aralarında davam edən sülh prosesinin bir parçası kimi deyil, həm də Rusiyanın hər iki ölkəyə qarşı artan aqressiv davranışları və Rusiya-Ukrayna müharibəsindən sonrakı mərhələni nəzərə alaraq imzalayıblar. Bu baxımdan, hər iki dövlət üçün ABŞ regionda Rusiyanı tarazlaya biləcək əsas güclərdən biri kimi dəyərləndirilir.

*Məqalənin türk dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.yenisafak.com/dusunce-gunlugu/azerbaycan-ve-ermenistanin-abd-anlasmalari-nasil-okunmali-4740792