Azərbaycan və Ermənistan arasında yaşanan hərbi qarşıdurmanın Ermənistan üçün iqtisadi nəticələri

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Orxan Bağırovun “Azərbaycan və Ermənistan arasında yaşanan hərbi qarşıdurmanın Ermənistan üçün iqtisadi nəticələri” adlı məqaləsi Qafqaz-Asiya Mərkəzi tərəfindən çap edilib.

Məqalədə əsas diqqət Azərbaycanla Ermənistan arasında yaşanan hərbi qarşıdurmanın Ermənistan iqtisadiyyatına, o cümlədən müxtəlif iqtisadi göstəricilərinə təsirlərinə yönəlib. Ermənistanın təxribatına cavab olaraq Azərbaycan ordusunun sentyabrın 27-dən etibarən həyata keçirdiyi əks-hücum əməliyyatlarının Ermənistan üçün yaratdığı humanitar və siyasi problemlərə toxunulub. 

Qeyd edilib ki, hərbi xərclər artdığından Ermənistan hökuməti büdcə layihəsinə yenidən baxmaq məcburiyyətində qalıb və nəticədə büdcə xərcləri 84 milyon ABŞ dolları həcmində artıb. Bu isə büdcə xərclərinin ÜDM-in 26.5%-nə çatması deməkdir. Bununla yanaşı göstərilir ki, vergi gəlirlərinin azalması Ermənistanda büdcə kəsrinin əsaslı şəkildə artmasına yol açır. Nəticədə, ilin sonuna büdcə kəsri ilkin büdcə layihəsi ilə müqayisədə 3 dəfə artaraq 963 milyon dolları ötəcək. 

“Belə olan halda Ermənistan hökuməti büdcə kəsrini maliyyələşdirmək üçün xarici borc cəlb etmək məcburiyyətində qalacaq ki, bu da onsuzda yüksək olan dövlət borcunun daha təhlükəli səviyyələrə qalxmasına səbəb olacaq. Əgər aprel ayında büdcəyə edilən ilk dəyişikliklərdən sonra 532.3 milyon ABŞ dolları həcmində borc götürməyə ehtiyac yaranmışdısa, indiki halda əlavə olaraq 825 milyon dollar borcun cəlb edilməsinə ehtiyac yaranır. Bu isə dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin 60% həddini keçərək təhlükəli həddə, yəni 67%-ə çatmasına səbəb olacaqdır. Bu isə maliyyə təhlükəsizliyi baxımından çox böyük göstəricidir”, deyə müəllif yazır.

Məqalədə eyni zamanda vurğulanıb ki, Ermənistan hökuməti mənfi iqtisadi proseslər fonunda ilin sonuna ÜDM-in 6.8 azalmasını proqnozlaşdırır. Bundan başqa qeyd edilir ki, mənfi iqtisadi proseslər Ermənistanın beynəlxalq reytinqlərinin də pisləşməsinə yol açır: “Təsadüfi deyildir ki, Fitch Ratings agentliyi oktyabr ayında Ermənistanın reytinqini hərbi qarşıdurma ilə əlaqədar olaraq aşağı salıb. Bu isə Ermənistan üçün xarici borc cəlb etmək imkanlarının azalması deməkdir”. 

Sonda müəllif bildirir ki, qarşıdan gələn illərdə Ermənistan ciddi maliyyə problemləri ilə qarşılaşacaq: “Həm hərbi qarşıdurmanın davam etməsi, həm də COVİD-19 virusunun Ermənistanda yenidən sürətlə yayılması iqtisadi və sosial vəziyyəti daha da gərginləşdirəcək. Bu isə Ermənistanı xarici borc götürmək məcburiyyətində qoyur. Həddindən artıq borclanma isə Ermənistanın öz üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi risklərini artırır ki, bu da  Ermənistan iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər. Ona görə də ciddi maliyyə problemlərinin mövcudluğu şəraitində uzun illər Ermənistan iqtisadiyyatını ayaq üstə saxlayan “borcu yeni borcla qaytar” yanaşması bu dəfə iflasa uğrayacaq”.

https://medium.com/caucasus-asia-center/economic-implications-of-azerbaijan-armenia-military-confrontation-for-armenia-7def0c8e5825