BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Azərbaycan və Avropa İttifaqı ikitərəfli münasibətlərdə yaranmış yeni dinamikanı dəyərləndirməlidir

2025-05-13 11:34

2024-cü il aprelin 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri baş tutdu. Bu, son doqquz ildə Aİ-nin ən yüksək səviyyəli diplomatik nümayəndəsinin Bakıya ilk səfəri idi. Həm Azərbaycan, həm də Aİ bu səfər zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı müsbət mesajlar verdilər. Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın Aİ üçün etibarlı tərəfdaş olduğunu bir daha bəyan edərək son dörd il ərzində Avropaya təbii qaz nəqlini təmin edən Cənub Qaz Dəhlizinin mühüm roluna diqqət çəkdi. Hazırda on Avropa ölkəsi – səkkizi Aİ üzvü olmaqla – Azərbaycan qazını idxal edir. Bu da Bakını qitənin enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevirir. Prezident, həmçinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində uğurlu əməkdaşlığı və bərpa olunan enerji sahəsində mövcud potensialı vurğuladı. Azərbaycanın Transxəzər Enerji Dəhlizinin inkişafında və Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstan kimi ölkələrlə Qara dəniz üzrə birgə enerji layihələrində fəal iştirakına da diqqət yetirildi.

K. Kallas öz növbəsində Azərbaycanın strateji enerji rolunu vurğulayaraq tərəfdaşlığın dərinləşdirilməsinə maraqlı olduqlarını bildirdi. Xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşdə regional sülh və postmünaqişə dövründəki normallaşma məsələləri müzakirə olundu. Rəsmi Bakı isə Ermənistanla sülh sazişinin imzalanması üçün bu ölkənin konstitusiya dəyişikliklərini həyata keçirməsinin zəruriliyini bir daha bəyan etdi. Ceyhun Bayramov səfəri optimist notlarla yekunlaşdıraraq Aİ–Azərbaycan arasında hazırlanmaqda olan yeni sazişin artıq 90–95 faiz hazır olduğunu qeyd etdi.

Kallasın səfərinin yaratdığı müsbət atmosferə baxmayaraq, Aİ–Azərbaycan münasibətlərinin hələ də öz tam potensialına çatmadığını etiraf etmək lazımdır. İkitərəfli əlaqələrdə gərginliyə səbəb olan bir sıra amillər mövcuddur. Azərbaycanın əsas narahatlıqlarından biri Aİ və Kanada tərəfindən Ermənistan–Azərbaycan sərhədi boyunca yerləşdirilən müşahidə missiyası ilə bağlıdır. Bakı bu missiyanın sırf mülki xarakter daşıdığı,hərbi və ya kəşfiyyat məqsədi güdmədiyi ilə bağlı Qərbin verdiyi izahatları qənaətbəxş hesab etmir. Missiyanın mandatı iki dəfə Azərbaycanın razılığı olmadan uzadılıb ki, bu da tərəflər arasında gərginliyi daha da artırıb. Azərbaycan bu addımı ikitərəfli dostluq ruhuna uyğun olmayan addım kimi qəbul edir. Xüsusilə nəzərə alınmalıdır ki, Aİ onilliklər ərzində Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalına səssiz qaldığı halda, Ermənistanın öz təhlükəsizliyinə təhdid gördüyü anda dərhal reaksiya verib.

*Məqalənin ingilis dilində olan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.commonspace.eu/index.php/opinion/azerbaijan-and-eu-should-seize-new-momentum-bilateral-relations