BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbir keçirilib

2024-10-01 15:05

01.10.2024-cü il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbir keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında cari qlobal və regional böhranlar fonunda Azərbaycan xarici siyasətinin prioritetləri, ölkəmizin üzləşə biləcəyi təhlükəsizlik çağırışlarına adekvat reaksiya mexanizmləri barədə ətraflı çıxış etdiyini diqqətə çatdırdı.

Müasir dövrdə hibrid müharibə taktikalarının genişləndiyini qeyd edən F. Şəfiyevin sözlərinə görə, artıq dövlətlər öz hüdudlarınım təhlükəsizliyini hərbi sursatlarla yox, həm də texnoloji imkanlardan faydalanaraq qorumalıdır.

Azərbaycanın hər zaman milli maraqlara əsaslanan balanslı xarici siyasət yürütdüyünü deyən BMTM sədri ölkəmizin həm Qərb, həm də Şərq ölkələri ilə fəal əməkdaşlıq etdiyini bildirdi.  O həmçinin ABŞ və Avropa İttifaqında Azərbaycan əleyhinə çalışan qüvvələrlə yanaşı, Azərbaycanı dəstəkləyən və əməkdaşlığın inkişafı üçün çalışan qüvvələrin olduğunu diqqətə çatdırdı. 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasət xətti və geosiyasi  vəziyyət” mövzusundakı paneldə çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov Azərbaycanın regional geosiyasəti formalaşdıran ölkə olduğunu və Ermənistanın kənar qüvvələr tərəfindən silahlandırılmasının bu gerçəkliyi dəyişməyəcəyini bildirdi.

Millət vəkili qeyd etdi ki, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq üçün geniş imkanlar olduğu halda, Ermənistan daxilindəki revanşizm və üçüncü dövlətlərin regiona müdaxilə cəhdləri bu tarixi fürsətdən yararlanmaq imkanlarının qarşısını alır.

Azərbaycanın Mərkəzi Asiya, Xəzər regionu, digər regional və qlobal aktorlara münasibətdə fəal xarici siyasət yürütdüyünü deyən R. Musabəyov ölkəmizin bu əlaqələrdə subyektivlik amilini qoruduğunu nəzərə çatdırdı.

Milli Məclisin deputatı Fariz İsmayılzadə çıxışında artan hibrid hücumlara diqqət çəkərək Kanada və Avropa dövlətləri tərəfindən Ermənistana verilən dəstəyin təhlükəsizlik riskləri yaratdığını, Cənubi Qafqazda sülh və əmin-amanlıq əvəzinə rəqabət və silahlanmanı gücləndirdiyini bildirdi. F. İsmayılzadə çıxışında iqtisadi potensialın gücləndirilməsinin də vacibliyinə toxundu.

Milli Məclisin deputatı Qaya Məmmədov Ermənistan daxilindəki revanşist qüvvələrlə yanaşı, hökumətdəki qüvvələrin anti-Azərbaycan siyasətini regional təhlükəsizliyə əsas hədə olaraq dəyərləndirdi. Onun sözlərinə görə, Fransa və Hindistanla artan hərbi əməkdaşlıq, böyük atəş gücünə malik silahların tədarükü və xarici məsləhətçilərin Ermənistan ordusuna cəlb edilməsi, bunlarla paralel, minatəmizləmə fəaliyyətlərində Azərbaycana adekvat dəstək göstərilməməsi həmin ölkələrin İrəvanın təcavüzkar siyasətlərinə birbaşa dəstək verməsinin göstəricisidir. 

Millət vəkili Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdən kənarda saxlanmasını isə ikili standartlar siyasətinin təzahürü olaraq xarakterizə etdi.

Milli Məclisin deputatı Ramid Namazov Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı səsləndirdiyi fikirlərin daxili auditoriya ilə yanaşı, Ermənistan və onu dəstəkləyənlər, dost və müttəfiq ölkələrə aid tezislər ehtiva etdiyini qeyd etdi. Qarabağ müharibəsinin nəticələrinin bütün dünya tərəfindən tanındığını deyən R. Namazov Ermənistandaxili revanşizm, habelə Fransa, Hindistan kimi ölkələrin Cənubi Qafqaza müdaxilə cəhdlərini əsas təhdid mənbəyi kimi xarakterizə etdi.

Daha sonra BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədlinin moderatorluğu ilə keçirilən “Parlament diplomatiyası və beyin mərkəzləri icması” mövzusundakı paneldə ölkə xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsində parlament fəaliyyətlərinin rolu və beyin mərkəzlərinin sözügedən proseslərə töhfəsi müzakirə edildi.

Prezident İlham Əliyevin çıxışını strateji sənəd olaraq dəyərləndirən politoloq Fikrət Sadıqov xarici dairələrin davamlı təzyiq və qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycanın prinsipial və konkret addımları nəticəsində İkinci Qarabağ müharibəsinin nəticələrini dünyaya qəbul etdirdiyini bildirdi. F. Sadıqovun sözlərinə görə, Avropa Sülh Fondu vasitəsilə Ermənistana hərbi yardımlar edilməsi öıkədə revanşizmin aktivləşməsi gətirib çıxarmaqla yanaşı, Qərbin sülh niyyətləri ilə bağlı bəyanatlarını da sual altına qoyur.

Milli Məclisinin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Vətən müharibəsindən sonra yaranmış və beynəlxalq hüquqa əsaslanan yeni geosiyasi reallıqların şərtləndirdiyi parlament diplomatiyası, ideoloji təhlükəsizliyin təmin olunması işində MM-in fəaliyyəti və Azərbaycan Respublikası Prezidentinin bu sahədə tövsiyələri və tapşırıqları, informasiya təhlükəsizliyi, ictimai diplomatiyanın aparılmasında beyin mərkəzlərinin rolu və vəzifələri barədə məruzə etdi. Deputat hərbi və diplomatiya sahəsində paralel olaraq gücünü artıran ölkəmizin hər iki sahədə yeni coğrafi məkanlarda təmsilçiliyinin artırılması üçün apardığı fəaliyyətləri vurğaladı.

Milli Məclisin deputatı Kamal Cəfərov parlament diplomatiyasının son illərdə xarici siyasətdə daha çox əhəmiyyət kəsb etməsinə diqqət çəkərək bu mənada ölkəmizin müstəqil və balanslı siyasətinin aparılmasında bu istiqamətin xüsusi rolunu qeyd etdi. Kamal Cəfərov çıxışında parlamentlərarası əlaqələrin genişləndirilməsi, parlament diplomatiyasını institusional inkişafı, beyin mərkəzlərinin Azərbaycanda inkişafı imkanlarının genişləndirilməsi, beynəlxalq beyin mərkəzləri ilə əməkdaşlığın inkişafı məsələlərinə xüsusi diqqət çəkdi.

Qafqaz Beynəlxalq Münasibətlər və  Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı Azərbaycanın beynəlxalq miqyasda əldə etdiyi uğurlarının təməlində milli maraqlara əsaslanan, balanslı və əməkdaşlıq yönümlü xarici siyasət kursunun durduğunu bildirdi. O həmçinin inkişaf və təhlükəsizlik istiqamətlərinin  regional və qlobal risklərə qarşı sığortalanmaqda vacib yeri tutduğunu, ölkə mövqeyinin daxili və beynəlxalq auditoriyaya düzgün çatdırılmasında beyin mərkəzləri üzərinə ciddi iş düşdüyünü vurğuladı.

Tədbir sual-cavab sessiyası ilə davam etdirildi.