Aprelin 7-də Bakıda Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ikinci iclasına həsr olunmuş hibrid formatında dəyirmi masa keçirilib. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, ekspert şurası ötən ilin mayında təsis olunub və qısa müddət ərzində artıq ikinci iclası təşkil olunub. Onun sözlərinə görə, ikitərəfli əlaqələri təhlil etmək, həll olunmalı məsələləri danışmaq və ümumilikdə dinamikanı müzakirə etmək üçün bu kimi görüşlər hər zaman aktualdır. Fərid Şəfiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Qazaxıstana planlaşdırılan səfəri də ikitərəfli əlaqələrin inkişafına növbəti təkan verəcək. Onun sözlərinə görə, hazırda Xəzər regionunda çətin siyasi proseslər gedir və bu proseslərlə bağlı ekspertlər səviyyəsində də müzakirələrə ehtiyac var: “Qazaxıstan da regionda etimad və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aktiv işləyir. Ümumilikdə, Cənubi Qafqaz və Mərkəzi Asiya tarixi iqtisadi, təhlükəsizlik, nəqliyyat baxımından bir-birinə çox bağlıdır. Hər iki ölkə böyük enerji potensialına malikdir və bu sahədə əməkdaşlıq dünyanın iqtisadi xəritəsində böyük rol oynayır”.
Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov bildirib ki, ikitərəfli əlaqələrə dair görüşlərin dinamik şəkildə keçirilməsi iki ölkənin bir birinə marağının artmasının göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin gələn həftə Qazaxıstana nəzərdə tutulan səfəri ikitərəfli əlaqələrin inkişafına impuls verəcək. O həmçinin bildirib ki, əlaqələrin daha da inkişafında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Orta Dəhliz çox böyük potensiala malikdir.
Mərkəz rəhbəri əlavə edib ki, turizm sahəsi də ikitərəfli əlaqələrin inkişafında diqqət edilməli məsələlərdən biridir: “Biz bir-birimizi daha çox tanımalıyıq. Ümid edirəm ki, Bakı ilə Astana arasında yeni reysin açılması buna təkan verəcək”.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bildirib ki, bu gün müzakirə olunacaq məsələlər iki ölkə arasında inteqrasiya proseslərinə müsbət təsir edəcək. Onun sözlərinə görə, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində Qazaxıstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Səfir əlavə edib ki, ötən ilin avqustunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik qarşılıqlı münasibətlərinin dərinləşməsi haqqında Bəyannamədə əlaqələrin inkişaf sahələri qeyd olunur. Onun sözlərinə görə, Azərbaycan-Qazaxıstan əlaqələri türk ölkələrinin inteqrasiyası prosesində vacib rol oynayır.
Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Jandos Nurmahambetov ötən il iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğunu deyib və ilin kifayət qədər dinamik proseslərlə yadda qaldığını vurğulayıb. Onun sözlərinə görə, əlaqələrin inkişafı artıq sistemli şəkil alıb.
Daha sonra AR XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini Zamin Əliyev, Qazaxıstan “Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu”nun direktoru Talqat Kaliyev, AzTV-nin İctimai-siyasi proqramlar Studiyasının direktoru Tofiq Abbasov, Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun Asiyaşünaslıq şöbəsinin baş eksperti Bulat Auelbayev, “STEM Lab” Mərkəzinin direktoru Orxan Yolçuyev, Beynəlxalq Türk Akademiyasının baş eksperti Timur Kozırev çıxış edib. Çıxışlar zamanı Zəngəzur dəhlizinin açılmasının regional inkişaf proseslərinə təsiri, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı və bu məsələdə Azərbaycan Qazaxıstan ikitərəfli əlaqələrinin rolu, nəqliyyat, enerji dəhlizləri istiqamətində müzakirələr aparılıb.