BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

Azərbaycan-Gürcüstan iqtisadi dialoqu: Hökumətlərarası komissiyanın 11-ci iclası nəyi göstərdi?

2026-11-02 16:57

Oktyabrın sonlarında Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Siqnağidə baş tutan 11-ci iclası iki ölkənin praqmatik tərəfdaşlığa sadiqliyini nümayiş etdirdi. Baş nazirlər Əli Əsədovun və İrakli Kobaxidzenin həmsədrliyi ilə baş tutan bu zirvə təkcə ikitərəfli iqtisadi platforma kimi deyil, həmçinin regional nəqliyyat və enerji sahəsində gələcək prioritetləri müəyyənləşdirən mühüm tədbir kimi rol oynadı.

İkitərəfli iqtisadi dinamika

Məlumdur ki, Azərbaycan Gürcüstanın ən böyük ticarət və investisiya tərəfdaşlarından biri kimi ölkənin makroiqtisadi sabitliyində mühüm paya sahibdir. Statistik göstəricilərə əsasən cari ilin ilk 9 ayında Azərbaycanla ticarət dövriyyəsi 14.1% artaraq ümumilikdə 1 milyard 109 milyon ABŞ dollarına çatıb. Bu gün Gürcüstanın ümumi ticarətində Azərbaycanın payı 5,4% təşkil etməklə tərəfdaş ölkələrin reytinqində 5-ci yerdə qərarlaşıb. İxrac sahəsində həcm 6.9% artaraq 566 milyon 665 min dollara çatıb ki, bununla da Azərbaycan Gürcüstan üçün ixracatçı ölkələr arasında Qırğızıstan və Çindən sonra üçüncü yeri tutub.

Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların ümumi həcmi isə 4 milyard ABŞ dollarına yaxındır. Bununla da, 2025-ci ildəki 214 milyon dollarlıq sərmayə ilə Azərbaycan Böyük Britaniyadan sonra Gürcüstanın ikinci ən böyük sərmayədar ölkəsi olmuşdur.

Turizm və pul köçürmələrində də müsbət dinamika müşahidə edilməkdədir. Quru sərhədlərinin bağlı qalmasına baxmayaraq, may ayından Bakı-Tbilisi qatarının bərpası və hava əlaqələri sayəsində cari ilin ilk 9 ayında 13,1% artımla Azərbaycan Gürcüstana ən çox turist göndərən 5-ci ölkədir. Məhz bu statistik dövrdə ümumilikdə 28.7 milyon dollar pul köçürməsi həyata keçirilib.

İclas müzakirə olunan strateji istiqamətlər

Nəqliyyat-tranzit sahəsində əməkdaşlıq məsələləri də iclasın əsas müzakirə mövzularından olub. Azərbaycan və Gürcüstanın beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm tərəfdaşlar olduğu, xüsusilə Orta Dəhlizin rəqabət qabiliyyətinin və tranzit potensialının artırılması istiqamətində birgə səylərin önəmi qeyd edilib. Bu gün məlumdur ki, Şərq-Qərb nəqliyyat qovşağının operativliyinin artırılması istiqamətində Bakı-Tbilisi-Qars dəmiryolunun keçid qabiliyyəti 5 milyon tona çatdırılıb. Həmçinin qeyd etmək lazımdır ki, Gürcüstanın icra etdiyi Şərq-Qərb magistralı, dəmiryollarının müasirləşdirilməsi, Anakliya dərinözüllü dəniz limanı və Tbilisinin yeni hava limanı layihələri bu infrasturukturu tamamlayır. Bu iclasın ən mühüm nəticələrindən bir də “İpək yolu” birgə beynəlxalq avtomobil buraxılış məntəqəsinin fəaliyyətə başlaması haqqında sazişin imzalanması oldu.

Ənənəvi olaraq Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa və Cənub Qaz Dəhlizi layihələri ilə yanaşı, “Yaşıl enerji Dəhlizi” layihəsi də gündəliyin əsas mövzularından biri olub.

İclas çərçivəsində tərəflər həmçinin uzun illərdir durğunluq nümayiş etdirən dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesini də müzakirə ediblər. İrakli Kobaxidzenin bəyan etdiyi kimi, razılaşdırılmamış məsələlərin dostluq müstəvisində və sürətləndirilmiş tempdə davam etdirilməsi qərarı alınıb. Qeyd etməliyik ki, sərhəd delimitasiyası üzrə 15 razılaşdırılmamış hissənin müzakirəsi ilə bağlı məsələ iclasın diqqətçəkən diplomatik nəticəsi hesab oluna bilər.

İclasın yekunları

İclasın yekunlarının dəyərləndirilməsi zamanı bir neçə müsbət trendlər ön plana çıxır. Əvvəla, Azərbaycanın Gürcüstan üçün əsas təbii qaz tədarükçüsü olması Gürcüstanın daxili enerji bazarının sabitliyini təmin edir. Şərq-Qərb dəhlizi üzərindən artan yükdaşımlar da öz növbəsində Gürcüstana mühüm tranzit və logistika gəlirləri gətirəcəkdir.

Ticarət balansının və ümumən ixracın şaxələndirilməsinə gəlincə, ikitərəfli ticarətdə müsbət saldo xarici ticarət balansına da müsbət təsir göstərir. Avtomobil reixracı ilə yanaşı qida, tikinti materialları, dərman məhsullarının ixracındakı artım da bu sahənin şaxələnməsinə kömək edir.

Sərhəd məsələlərində konstruktiv diaqloqun bərpası, qarşılıqlı olaraq ərazi bütövlüyününü dəstəklənməsi və mədəni-humanitar sahədə atılan addımlar iki ölkə arasındakı strateji tərəfdaşlığın sarsılmazlığını təsdiq edir.

Ümumilikdə 11-ci hökumətlərarası komissiyanın yekunun da əldə olunmuş razılaşmalar Bakı və Tbilisi arasında iqtisadi əlaqələrin təkcə ticarətlə məhdudlaşmadığını, həm də qlobal logistika və enerji zəncirində əvəzedilməz regional oxa çevrilmdiyini nümayiş etdirdi.

https://kvira.ge/1114823