Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır, Ermənistan da buna hazırdırmı?

Beynəlxalq münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun Avropa İttifaqının “Karabakh Space” portalında “Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır, Ermənistan da buna hazırdırmı?” başlıqlı məqaləsi dərc olunub. Bildirilir ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında müzakirələrin gündəliyinə Ermənistanın ərazi bütövlüyü ilə bağlı məqamlar da daxil olub. Belə ki, əgər əvvəllər tərəflər arasında Azərbaycanın torpaqlarının işğalı və beləliklə, Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə edilirdisə, müharibədən sonra Ermənistanda ərazi bütövlüyü ilə bağlı narahatlıqlar yaranıb. Müəllif yazır ki, mayın 12-də Ermənistan hakim dairələrinin guya Azərbaycan ordusunun iki dövlət arasındakı sərhədi pozaraq Ermənistan ərazisinə daxil olması ilə bağlı yaydıqları əsassız iddialar fonunda bu məsələnin aktuallığı daha da artıb. “Yaxşı xəbər budur ki, tərəflər bu məsələləri qeyri-hərbi yolla həll etməyi seçdilər. Mayın 20-də Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətinin Azərbaycanla beynəlxalq sərhəd komissiyasının yaradılması barədə sazişi müzakirə etdiyini təsdiqlədi. Onun sözlərinə görə razılıq əldə olunarsa, komissiya Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyasını həll edəcək”,- deyə müəllif qeyd edir.

Vasif Hüseynov bildirir ki, Azərbaycan hökuməti prosesə tam dəstək verir: “Prezident İlham Əliyev mayın 20-də elan edib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır, lakin Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ölkə başçısı Ermənistanla sülh müqavilə danışıqlarına hazır olduğunu da vurğulayıb”.

Daha ətraflı: https://karabakhspace.commonspace.eu/opinion/opinion-azerbaijan-ready-recognise-armenias-territorial-integrity-armenia-ready-recognise