BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Azərbaycan, Əfqanıstan və Türkmənistan Avrasiya bağlantısı üzrə əməkdaşlığı dərinləşdirmək məqsədilə üçtərəfli Yol Xəritəsi imzalayıb

2021-02-10 11:09

ABŞ-da fəaliyyət göstərən Ceymstaun Fondunun “Eurasia Daily Monitor” dərgisində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Nağı Əhmədovun “Azərbaycan, Əfqanıstan və Türkmənistan Avrasiya bağlantısı üzrə əməkdaşlığı dərinləşdirmək məqsədilə üçtərəfli Yol Xəritəsi imzalayıb” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə Azərbaycan, Türkmənistan və Əfqanıstandan olan idarələrarası işçi qrupunun rəhbərləri arasında yanvarın 16-da Lapis-Lazuli dəhlizi ilə bağlı əməkdaşlığı daha da genişləndirməyi nəzərdə tutan üçtərəfli yol xəritəsi barədə razılaşmanın əldə edildiyi bildirilir.

Müəllif yol xəritəsinin informasiya texnologiyaları, enerji, telekommunikasiya, nəqliyyat, logistika, ticarət və investisiya kimi bir sıra mühüm sahələrdə üçtərəfli tərəfdaşlığı genişləndirəcəyini, sərhəd və gömrük koordinasiyasının yaxşılaşdırılmasına, Lapis-Lazuli dəhlizi boyunca malların daşınması üçün maneələrin aradan qaldırılmasına kömək edəcəyini diqqətə çatdırır.

Yazıda vurğulanır ki, Azərbaycanın Lapis-Lazuli layihəsində iştirak etmək qərarı regional qarşılıqlı əlaqənin təşviqi üçün onun təşəbbüskar xarici siyasəti ilə uzlaşır. Azərbaycan geostrateji mövqeyinin verdiyi üstünlükdən istifadə edərək Avrasiya bölgəsinin əsas tranzit mərkəzlərindən biri olmaq üçün nəqliyyat sektoruna, o cümlədən dəmir yollarının modernləşdirilməsinə, habelə port və hava limanı infrastrukturunun inkişafına ciddi sərmayə qoyub. Məqalədə, həmçinin bu nəqliyyat dəhlizinin okeana birbaşa çıxışı olmayan Əfqanıstan və Türkmənistan üçün əhəmiyyətinə toxunulur.

Lapis-Lazuli dəhlizinin Avrasiya üçün həlledici strateji tranzit layihəsi olduğu və hər şeydən əvvəl, bütün iştirakçı ölkələrə nəqliyyat infrastrukturlarını və iqtisadiyyatlarını Avropa və Şərqi Asiyanın iqtisadi gücləri ilə birləşdirən daha geniş Şərq-Qərb Avrasiya quru yolu (avtomobil və dəmir yolu) nəqliyyat dəhlizlərinə inteqrasiya etmək imkanı verdiyi diqqətə çatdırılır.

Sonda müəllif bu dəhlizin regional əməkdaşlığı gücləndirəcəyi, Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında qarşılıqlı iqtisadi və mədəni əlaqələri inkişaf etdirərək qarşılıqlı dividendlər gətirəcəyi qənaətinə gəlir. O bildirir: “Artan regional inteqrasiya və Avropa İttifaqının geniş bazarına çıxış Avrasiyanın bu ölkələrinin iqtisadi gələcəyini təmin etmək üçün ən ümidverici fürsət təklif edə bilər”.

Daha ətraflı: https://jamestown.org/program/azerbaijan-afghanistan-and-turkmenistan-sign-trilateral-roadmap-for-cooperation-on-eurasian-connectivity/