BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Avrasiya bağlantısı və COVID-19 pandemiyası dövründə Orta dəhlizin artan rolu”  adlı beynəlxalq vebinar keçirilib

2020-09-22 15:30

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Avrasiya bağlantısı və COVID-19 pandemiyası dövründə Orta dəhlizin artan rolu”  adlı beynəlxalq vebinar keçirilib. Vebinara moderatorluq edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın da digər dünya dövlətləri kimi COVID-19 pandemiyasının nəticələrindən əziyyət çəkdiyini və bu böhranın qlobal təchizat zəncirinə mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, COVID-19 mövcud layihələr üçün təhdid təşkil edir. Lakin o, nəqliyyat nöqteyi-nəzərindən bu müddət ərzində Azərbaycan ərazisindən keçən yükdaşımalarda artım müşahidə olunduğunu diqqətə çatdırıb. Fərid Şəfiyev əlavə edib ki, nəqliyyatla bağlı fərqli layihələr icra olunur və Azərbaycan da diqqətini bir sıra, o cümlədən Orta dəhliz layihəsinə yönəldib. O bildirib ki, layihə iqtisadi üstünlüklərlə yanaşı siyasi əhəmiyyətə malikdir. Moderator pandemiyanın yaratdığı böhranın nəticələri barədə optimist düşündüyünü diqqətə çatdırıb. 

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin direktor müavini Əkbər Kərimov pandemiya dövründə Ələt limanında həyata keçirilmiş sanitar-epidemioloji tədbirləri barədə danışaraq deyib ki, yük maşını sürücüləri sağlamlıq və epidemioloji vəziyyətlə bağlı daimi monitorinq altındadırlar. Onun sözlərinə görə, yalnız virusa yoluxmayan sürücülər steril zonaya daxil ola bilər. Liman rəsmisi həmçinin qeyd edib ki, son dövrlər Xəzər dənizindən keçən layihələr Orta dəhlizin rolunu artırıb: “Trans-Xəzər və Lapis Lazuli dəhlizi okeana çıxışı olmayan  ölkələrinin bağlantısını təmin edən və Avropa bazarına çıxmaq imkanı verən layihələrdir. Orta dəhliz Avropa ilə Asiya ilə arasında ən qısa və ən təhlükəsiz yol kimi qiymətləndirilir”. Əkbər Kərimovun sözlərinə görə, pandemiyaya baxmayaraq ötən illə müqayisədə yükdaşımalarda 27 faiz artım müşahidə olunub. 

Qazaxıstanın “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” Beynəlxalq Assosiasiyasının baş katibinin müavini Leila Batırbekova Azərbaycan və Qazaxıstan limanları arasında aktiv bağlantının olduğunu deyib və bu aktivliyin pandemiya dövründə də davam etdiyini qeyd edib. Onun sözlərinə görə, 6 ay ərzində Ələt limanı ilə Aktau limanı arasında yarım milyon ton yükdaşıma həyata keçirilib və bunun ilin sonuna kimi bir milyon tona çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan, Türkmənistan Aİ-nin həyata keçirdiyi həmçinin rəqəmsallaşdırma və yaşıl iqtisadiyyat layihələrində birlikdə əməkdaşlıq edir. 

Türkiyənin Kadir Has Universitetinin prorektoru Mitat Çelikpala Türkiyənin Azərbaycan və Cənubi Qafqaz regionuna böyük önəm verdiyini və burada icra olunan nəqliyyat layihələrini prioritet hesab etdiyini bildirib. Onun sözlərinə görə, bu layihələr nəinki okeana çıxışı olmayan ölkələr, o cümlədən Türkiyə üçün yaxşı fürsətlər açır: “Orta dəhliz layihəsi qlobal infrastruktur layihəsi olaraq çox ümidvericidir”. 

Özbəkistan prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun direktor müavini Sancar Vəliyev hazırda pandemiyanın beynəlxalq münasibətləri yeni səviyyəyə qaldırdığını deyib. Onun sözlərinə görə, bu bir tərəfdən əməkdaşlıq proseslərini çətinləşdirsə də digər tərəfdən əməkdaşlığın konfiqurasiyası üçün yeni imkanlar aça bilir. Beyin mərkəzinin direktor müavini Özbəkistanın Xəzər hövzəsi və region ölkələri ilə sözügedən layihələrdə əməkdaşlıq etməyə hər zaman hazır olduğunu əlavə edib. 

Türkmənistanın Azərbaycandakı Səfirliyinin iqtisadi məsələlər üzrə birinci katibi Ovazgeldi Cumanazarov ölkəsinin bir sıra beynəlxalq təşəbbüslərdə iştirak etdiyini və ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar həyata keçirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkəsi Mərkəzi Asiyada qlobal inkişaf proseslərinin mərkəzində yerləşir. Səfirlik əməkdaşı Orta dəhlizin inkişafında və məhsulların daha çox ölkələrə çatdırılmasında Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu da xüsusi vurğulayıb. 

Əfqanıstanın Badaxşan Universitetinin müəllimi Zubahulla Başardost  Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstanı birləşdirən Lapis Lazuli Layihəsinin həm siyasi, həm də iqtisadi baxımdan açdığı imkanlardan danışıb. Onun sözlərinə görə, bu strateji layihə Əfqanıstanın Cənubi Qafqaza, Balkana və Avropaya çıxış imkanı deməkdir və bu da ölkədə makroiqtisadi göstəricilərə ciddi təkan verəcək.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Liman əməliyyatları departamentinin müdiri Yucin Sih böhrandan yükdaşımaların asanlaşdırılması üçün imkan kimi istifadə etməyin mümkün olduğunu deyib. O həmçinin yükdaşımalarda rəqəmsallaşdırmanın vacibliyindən danışıb.

Vebinar sual-cavab sessiyası ilə davam edib.