BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Aİ-Azərbaycan münasibətlərinə həsr olunmuş vebinar keçirilib

2023-02-13 11:06

BMTM və Brüsseldə fəaliyyət göstərən "New Direction" fondunun birgə təşkilatçılığı ilə “Aİ-Azərbaycan münasibətlərinə baxış” adlı birgə hesabata həsr olunmuş vebinar keçirilib. “New Direction”in icraçı direktoru Vitold Şevili bildirib ki, təmsil etdiyi təşkilat Cənubi Qafqaz və Mərkəzi Asiyanı tədqiq etməkdə çox maraqlıdır. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi kontekstində Aİ üçün daha təhlükəsiz yollar tapmaq çox önəmlidir və o, Orta Dəhlizin Aİ-Azərbaycan əlaqələrinin inkişafı baxımından əhəmiyyətini qeyd edib.  O, nəqliyyat dəhlizləri ilə yanaşı qaza çıxışın da Avropa İttifaqının iqtisadiyyatı üçün çox vacib olduğunu vurğulayıb: “Qaz haqqında danışarkən Azərbaycan yada düşür. Bunu Avropa Komissiyası da yaxşı anlayır. Azərbaycan və Aİ arasında Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bu istiqamətdə atılmış vacib addımdır”.

Fondun icraçı direktoru həmçinin Azərbaycanın “Üç Dəniz” Təşəbbüsünə qoşulmasının çox məqsədəuyğun hesab etdiyini bildirib və  bu təşəbbüsdə iştirakın Orta Dəhlizin Via Karpatiyaya inteqrasiya baxımından əhəmiyyətini qeyd edib.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Aİ ilə Azərbaycan, ümumilikdə Xəzər regionu arasında əməkdaşlığı artırmaq üçün böyük potensial var. Onun sözlərinə görə, Azərbaycan bir çox layihələrin, o cümlədən enerji layihələrin təşəbbüskarıdır.  Hesabat barədə danışan F.Şəfiyev əlavə edib ki, bu sənəd Aİ ilə Azərbaycan arasında əlaqələrin hansı istiqamətlər üzrə inkişaf edə biləcəyini əks etdirir: “Bütün bunların fonunda təhlükəsizlik məsələsi çox vacibdir. Təhlükəsizlik məsələsi ərazi bütövlüyü prinsipinə bağlıdır. Ukrayna müharibəsi ərazi bütövlüyü məsələsinin və sərhədlərə hörmət əsasında qarşılıqlı fayda kəsb edən əlaqələrin qurulmasının vacibliyini bir daha göstərdi.  Şarl Mişelin vasitəçiliyi ilə ötən Azərbaycan və Ermənistan liderləri  arasında bir sıra müsbət görüşlər oldu. Hazırda bir qədər qeyri-müəyyən vəziyyətdir”

Fərid Şəfiyev əlavə edib ki, beyin mərkəzlərinin apardığı bu müzakirələr Cənubi Qafqazda sülh danışıqlarının vacibliyini bir daha ortaya qoyur.

“New Direction” Fondunun əməkdaşı Robert Tayler hesabatın üç hissədən ibarət olduğunu qeyd edib. Belə ki, hesabat “Aİ-Azərbaycan əlaqələri  və Ermənistan-Azərbaycan münaqişəsi”, “Aİ və Azərbaycan əlaqələrində enerji” və “Qlobal çağırışlar şəraitində Orta Dəhliz üçün fürsətlər” başlıqları altında yazılıb.   

BMTM-in şöbə müdiri Vasif Hüseynov Azərbaycan-Aİ əlaqələri, onun qısa tarixi və potensialı haqqında məlumat verib. O, Aİ-nin Cənubi Qafqazdakı sülh təşəbbüslərinə, xüsusilə Ermənistan və Azərbaycan arasındakı sülh danışıqlarına ciddi töhfə verdiyini diqqətə çatdırıb. Bununla yanaşı o, qeyd edib ki, Aİ Ermənistanı üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırmalı və bunun üçün Yerevana təzyiq etməlidir.

BMTM-in eksperti Şahmar Hacıyev bildirib ki, davam edən Rusiya-Ukrayna müharibəsi Avropada iqtisadi və təhlükəsizlik landşaftını kəskin şəkildə dəyişib, bu isə Aİ ölkələrini etibarlı enerji təminatçıları barədə düşünməyə vadar edir. Bu baxımdan Azərbaycanın enerji mənbələri, xüsusilə təbii qazı Aİ üçün enerji mənbələri və yollarının diversifikasiyası baxımından çox vacibdir. Onun sözlərinə görə, təbii qaz və yaşıl enerjinin Avropaya ixracı strateji tərəfdaşlığı dərinləşdirmək istəyən hər iki tərəf üçün faydalıdır.

BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov mövcud geosiyasi təlatümlər şəraitində nəqliyyat bağlantılarının, xüsusən Orta Dəhlizin yüksələn rolu barədə məlumat verərək yükdaşımaların həcminin artdığını rəqəmlərlə göstərib. N.Əhmədov qeyd edib ki, Azərbaycan mövcud nəqliyyat layihələrinin – Bakı Portu və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inkişafı ilə bağlı praktiki addımlar atmağa başlayıb.