ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci Siyasi Forum baş tutub.
Forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Forumun açılışında ADA Universitetinin rektoru Hafiz Paşayev, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış ediblər.
Forumun birinci panelində “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə olunub. Panelə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib. Çıxışçılar qlobal güc balansındakı dəyişikliklərin milli suverenliyə təsiri, bölgədə strateji sabitliyin saxlanması və məsuliyyətli tərəfdaşlıq məsələlərinə toxunublar.
İkinci panel “Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusuna həsr olunub. Panelə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə moderatorluq edib. Müzakirələrdə iqtisadi müstəqillik, texnologiyaların qlobal güc bölgüsünə təsiri və dayanıqlı inkişaf yanaşmaları gündəmə gətirilib.
Forum iştirakçıları tədbirin Xankəndi şəhərində təşkilini Azərbaycanın bərpa və yenidən inteqrasiya siyasətindəki açıq dialoq və beynəlxalq əməkdaşlığa verdiyi önəmin təzahürü kimi qiymətləndiriblər. Bildirilib ki, bu yanaşma postmünaqişə dövründə Qarabağ regionunun yalnız fiziki bərpasına deyil, eyni zamanda, intellektual və mədəni inkişafına fayda verir.
Tədbir yeni dünya nizamı çərçivəsində qlobal enerji təhlükəsizliyi, regional ticarət, rəqəmsal iqtisadiyyat və təbii sərvətlərin idarə edilməsi ilə bağlı müzakirələrlə davam edib.
Xarici qonaqlar Xankəndi şəhəri ilə tanış olduqdan sonra Bakıya yola düşüblər.
Forumun ikinci hissəsi aprelin 9-da ADA Universitetində keçirilib.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev açılış nitqi ilə çıxış edərək forum iştirakçılarının suallarını cavablandırıb.
Daha sonra BMTM-in şöbə müdiri Vasif Hüseynov və İnkişaf və Diplomatiya İnstitutunun nümayəndəsi Damyan Krnjeviç-Mişkoviçin müvafiq olaraq moderatoru olduğu “Qlobal Cənub: Çoxqütblülüyün Səsi” və “Regional təhlükəsizliyin və inkişafın formalaşdırılmasında əsas dövlətlərin rolu” mövzularında iki panel müzakirəsi keçirilib.