907-ci düzəlişi ləğv etməyin vaxtı çatıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin “Caspian Policy Center”də “907-ci düzəlişi ləğv etməyin vaxtı çatıb” başlıqlı məqaləsi dərc olunub. Məqalədə qeyd olunur ki, bu il ABŞ-ın yeni prezidenti Co Bayden Azərbaycana qarşı tətbiq olunan “Azadlığa Dəstək Aktı”na 907-ci  düzəlişi növbəti bir il üçün dondurub və xəbəri ABŞ dövlət Katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı çatdırıb. Müəllif 907-ci düzəlişin 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı qəbul olunduğunu və 2002-ci ildə bəzi düzəlişlər edilərək ABŞ prezidentinə bir il müddətinə dondurmaq səlahiyyətlərinin verildiyini xatırladıb. Bildirilir ki, dövlət katibi Entoni Blinken Konqresə göndərdiyi məktubunda 907-ci düzəlişin daha bir dondurulmasını ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizəsi nöqteyi-nəzərindən lazımlı olduğunu qeyd edib. “907-ci düzəlişin bir il daha dondurulması eyni zamanda Bayden administrasiyasının  post-konflikt dövründə Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesində rol almaq istədiyini göstərir. Lakin 907-ci düzəliş tamamilə ləğv edilməlidir. Bu düzəlişin ABŞ Konqresi tərəfindən erməni lobbi və diaspor təşkilatlarının təzyiqi ilə qəbul edildiyi məlumdur. Uzun illər ABŞ administrasiyaları və diplomatları 907-ci düzəlişin ləğvi üçün açıqlamalar verib. Bu mənada 907-ci düzəliş nə ədalətli bir qərardır, nə də ABŞ-ın regiondakı maraqları ilə üst üstə düşür”,- deyə müəllif bildirir.

Qeyd edilir ki, 907-ci düzəlişin qəbul edilmə şərtlərinə baxdıqda onun davam etdirilməsi üçün həmin şərtlərin ortadan qalxdığını demək mümkündür: “Birincisi, post-konflikt dövründə Azərbaycan-Ermənistan arasında yekun sülh  müqaviləsi haqqında müzakirələr davam edir. Yəni, regionda müharibə riski azalıb. İkincisi, Ermənistanın regional layihələrdə iştirakı üçün konkret təkliflər verilib. Yəni, 907-ci düzəlişdə deyildiyi kimi, Ermənistanın blokadadan çıxması üçün təkliflər var. Üçüncüsü, Azərbaycan Qarabağ ermənilərinin Azərbaycanın geri qalan hissəsi ilə inteqrasiyası üçün layihələr həyata keçirir. Sonuncusu, 907-ci düzəlişin ləğvi ABŞ-ın regionda nüfuzunun artmağına kömək edəcək. Bu, Obama dövründən etibarən regionda mövqeyi zəifləyən ABŞ-ın rolunun artmağına kömək edə bilər. Bunun üçün isə Bayden administrasiyası Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün tərəflər arasında sərhədlərin dəqiqləşməsi prosesinə və Azərbaycanın Türkiyə ilə birlikdə həyata keçirdiyi regional layihələrə dəstək verməlidir. Bu şəkildə eyni zamanda Bayden administrasiyası regionda müsbət atmosferin yaranmasına köməklik göstərə bilər”.

Daha ətraflı: https://www.caspianpolicy.org/it-is-time-to-repeal-section-907/