BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“5+1”dən “6-lığa” doğru: Azərbaycanın Mərkəzi Asiya ilə birliyi

2025-09-08 09:19

Son 5-6 il ərzində Azərbaycanın Şərqə doğru yönəlməsi müxtəlif formatlarda özünü göstərib. Bura Türk Dövlətləri Təşkilatı (TDT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), habelə Çin, Vyetnam və digər Asiya dövlətləri ilə strateji tərəfdaşlıqlar daxildir.

1990-cı illərdə Azərbaycan xarici siyasət addımlarının əksər hissəsini Avropa institutlarına yönəldirdisə, sonrakı geosiyasi hadisələr, xüsusilə Ermənistanla olan keçmiş münaqişə rəsmi Bakını siyasət spektrini şaxələndirməyə vadar etdi.

Mərkəzi Asiya dövlətləri Bakı üçün təbii tərəfdaşlardır. Tarixi, dini, dil və mədəni bağlara əlavə olaraq, Azərbaycanın keçmiş Sovet İttifaqı ölkələri ilə ortaq tarixi mövcuddur.

Bu münasibətlərdən başqa, qeyd edilən ölkələr xüsusilə enerji, nəqliyyat və regional infrastrukturun inkişafı sahələrində ortaya çıxan geoiqtisadi layihələr vasitəsilə getdikcə daha da bağlanırlar. Qlobal güclər arasında tarazlığı saxlamaq və bölgədə sabitliyi qorumaq ehtiyacı kimi geosiyasi imperativlərlə möhkəmlənən bu çoxşaxəli əlaqələr Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında daha güclü və davamlı əməkdaşlığa yol açıb.

Azərbaycanın son illərdə Mərkəzi Asiya liderlərinin C5 sammitlərində fəal iştirakı bu tendensiyanın nümunəsidir. Azərbaycan ilk dəfə olaraq 14-15 sentyabr 2023-cü ildə Tacikistanın paytaxtı Düşənbədə keçirilən C5 sammitinə dəvət olunub. Prezident İlham Əliyev bu məşvərət görüşündə fəxri qonaq kimi iştirak edib. Daha sonra 9 avqust 2024-cü ildə Qazaxıstanda keçirilən ikinci məşvərət görüşündə Azərbaycan yenidən fəxri qonaq qismində iştirak edib.

Azərbaycanın bu görüşdə ardıcıl ikinci il iştirakı təkcə Mərkəzi Asiya çərçivəsində daha dərin əməkdaşlığın aktuallığını deyil, həm də Cənubi Qafqazın Mərkəzi Asiyanı Avropa bazarlarına birləşdirən strateji qapı kimi artan əhəmiyyətini vurğuladı. İndi rəsmi Bakı təkcə beş Mərkəzi Asiya Respublikasının nüfuzlu tərəfdaşı olmaqla kifayətlənmir, həm də “5+1” formatını ortaq rifah və strateji dayanıqlıq üçün altı dövlətlik platformaya çevirən altıncı qovşaq olmağı hədəfləyir.

Azərbaycanın “5+1” konsepsiyasının tətbiqi onun strateji coğrafiyası və iqtisadi infrastrukturu əsasında Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanla sıx və davamlı tərəfdaşlıq mövqeyini gücləndirir.

Xəzər dənizinin qərb sahilində yerləşən Bakı dəmir yolu, avtomobil yolu və dəniz nəqliyyatı şəbəkələri vasitəsilə okeanlara çıxışı olmayan bu ölkələrə onları Qara dəniz və Aralıq dənizi limanları ilə birləşdirən həyati əhəmiyyətə malik tranzit dəhlizləri təqdim edir.

Bu şəkildə Azərbaycan özünü strateji bir “keçid nöqtəsi” kimi mövqeləndirib və bu, Mərkəzi Asiyaya bazarlara çıxış imkanlarını genişləndirməklə yanaşı, həm də tranzit marşrutlarını Rusiya infrastrukturunun məhdudiyyətlərindən kənarda şaxələndirmək imkanı verir.

Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı düşünülmüş və uzaqgörən geosiyasi hesablamanın nəticəsidir. 2000-ci illərin əvvəllərindən etibarən, Bakı nə Rusiya mərkəzli məkanla, nə də Qərb blokları ilə tam şəkildə yaxınlaşma yolunu tutmayıb, əvəzində praqmatik tərəfdaşlıqlar vasitəsilə siyasi müstəqilliyini və manevr imkanlarını qorumağa çalışıb. Ortaq tarix və geosiyasi maraqlara malik olan Mərkəzi Asiya isə təhlükəsizlik, enerji və iqtisadi sahələrdə qarşılıqlı əməkdaşlığı mümkün edən ideal strateji tərəfdaşdır.

Mərkəzi Asiya özü də getdikcə daha çox institutlaşmış əməkdaşlığa yönəlir. Bu proses müntəzəm keçirilən sammitlər, nazirliklər səviyyəsində dialoqlar və üçtərəfli əməkdaşlıq formatları vasitəsilə reallaşdırılır.

Bu kontekstdə, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Transxəzər əməkdaşlığı, həmçinin Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilən son sammit xüsusi qeyd olunmalıdır. Bu cür əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilə Azərbaycan göstərir ki, söhbət artıq C5+1 formatından deyil, daha güclü iqtisadi inteqrasiyanı və geosiyasi müstəqilliyi hədəfləyən 6 dövlətli bir platformadan gedir.

Son illərdə türk birliyi barədə kifayət qədər geniş materiallar yazılıb. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Azərbaycan artıq mərkəzi rol oynayır. Geostrateji mövqeyindən, iqtisadi potensialından və siyasi dinamizmindən istifadə edərək əlaqəliliyi və çoxtərəfli əməkdaşlığı dəstəkləyir.

Türk Dövlətləri Təşkilatı (TDT) 5 tamhüquqlu üzvü (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan) ilə siyasət, iqtisadiyyat, təhlükəsizlik və mədəniyyət sahələrində yüksək səviyyəli əməkdaşlığı sistemləşdirməyi davam etdirir və hazırda “Türk Dünyası Vizyonu 2040” istiqamətində irəliləməyi hədəfləyir.

Azərbaycan, həmçinin Mərkəzi Asiyada türkdilli olmayan yeganə ölkə – Tacikistanla da əlaqələr qurub. Farsdilli ölkə kimi Tacikistan həm geniş fars mədəniyyətinə, həm də türk dünyasına dərin tarixi və mədəni əlaqələrlə bağlı olduğundan, “5+1” dialoqunda ona qarşı incə və diqqətli yanaşma tələb olunur.

Bakı bu məsələyə ustalıqla yanaşaraq təkcə mədəni ritorikaya deyil, daha çox əlaqəlilik, ticarət və enerji kimi praqmatik maraqlara üstünlük verir. Son illərdə logistika, kənd təsərrüfatı və enerji sahəsində birgə təşəbbüslərdə əhəmiyyətli irəliləyiş əldə edilmişdir. Məsələn, Lapis Lazuli Dəhlizində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı infrastrukturunda güclənən əməkdaşlıq tacik ixracatçılarının ticarət axınlarını şaxələndirməsinə və sabitləşdirməsinə imkan yaratmışdır.

Üstəlik, Azərbaycanın Tacikistanla yumşaq güc sahəsində əməkdaşlığı tədricən genişlənir. Akademik mübadilələr, birgə tədqiqat layihələri və mədəni proqramlar Tacikistanı türk birliyi narrativinə məcbur etmədən, onu daha geniş Avrasiya əlaqəlilik (connectivity) şəbəkəsinə inteqrasiya etmək istəyini nümayiş etdirir.

Bu praqmatik çeviklik Azərbaycanın identiklik siyasətindən kənarda körpülər qurmaq qabiliyyətini vurğulayır, inkişaf etməkdə olan altı dövlət platformasının regionun müxtəlif tarixi, linqvistik reallıqlarına inklüziv və adaptiv qalmasını təmin edir.

C5+1 çərçivəsindəki nailiyyətlərin əksəriyyəti Mərkəzi Asiya dövlətləri arasında artan əməkdaşlıqla bağlıdır. Regionda əməkdaşlıq əvvəllər Qırğızıstan-Tacikistan sərhəd münaqişəsi, Qazaxıstan-Özbəkistan rəqabəti və Türkmənistanın izolyasionizmi, daha rəsmi desək, neytrallıq siyasəti səbəbindən məhdudlaşdırılmışdı.

Lakin bu üç amil dəyişib. Qazaxıstan və Özbəkistan 2022-ci ilin dekabrında əməkdaşlıq üzrə mühüm saziş imzalamış, Tacikistan və Qırğızıstan isə 2025-ci ilin martında sərhəd mübahisəsini həll etmişlər. Türkmənistan isə neytrallıq statusunu qorumaqla yanaşı, regional əməkdaşlıqda daha fəal iştirak yolunu seçmişdir.

Bu arada, Xəzər bölgəsindən kənarda Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki münaqişələr və ABŞ-Çin rəqabəti Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın regiondaxili (intraregional) ticarət və əməkdaşlıq sahəsində daha geniş anlaşma axtarmasına səbəb olub.

Bu amillərə əlavə olaraq, Rusiyanın Xəzər ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və etnik kimliyinə qarşı dolayı təhdidləri də vəziyyəti daha da gərginləşdirmişdir.

1990-cı illərdə okeanlara çıxışı olmayan ölkə olan Azərbaycan iki önəmli qərar qəbul etmişdi. Birincisi, sabiq prezident Heydər Əliyev ölkə iqtisadiyyatını Qərblə daha sıx əməkdaşlıq yolu ilə inteqrasiya etdirmək niyyətində idi. Bu məqsədlə, 1994-cü ildə “Əsrin Müqaviləsi” adlandırılan saziş imzalandı. İkincisi, o, neft və qaz kəmərlərinin Türkiyə vasitəsilə Avropa istiqamətinə yönəldilməsini prioritet məsələ etdi.

Bu addımlar Azərbaycanı Rusiya enerji şəbəkəsinə bağlı qalan Qazaxıstan və Türkmənistandan fərqli olaraq daha böyük geosiyasi müstəqillik əldə etməyə imkan verdi.

Hazırkı prezident İlham Əliyev isə Avropa yönümlü enerji siyasətini davam etdirməklə yanaşı, Şərqə strateji dönüş də həyata keçirib. Bu gün Azərbaycanın Orta Dəhliz və Transxəzər nəqliyyat infrastrukturuna investisiyaları Mərkəzi Asiyaya ənənəvi asılılıq marşrutlarından yan keçərək Avropa və Türkiyə bazarlarına mühüm çıxış təklif edir.

Nəqliyyat sahəsinə əlavə olaraq, enerji sahəsində əməkdaşlıq Azərbaycan ilə Mərkəzi Asiya respublikaları arasında artan əlaqələrin əsas dayağına çevrilmişdir. 2025-ci ilin yanvarında Azərbaycan, Özbəkistan və Qazaxıstan enerji tranziti, bərpa olunan enerjinin inkişafı və texnoloji mübadilə sahələrində əməkdaşlığı dərinləşdirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb.

Karbohidrogenlərdən başqa, bu tərəfdaşlıq bərpa olunan enerji sahəsində birgə tədqiqatlara, günəş və külək enerjisi texnologiyalarına sərmayələrə diqqət yetirir. Bu, regionun tədricən aşağı karbonlu iqtisadiyyata keçməsinə dəstək olur.

Belə əməkdaşlıq həm regional enerji təhlükəsizliyini möhkəmləndirir, həm də formalaşmaqda olan altı dövlətlik platformanı Şərq ilə Qərbi birləşdirən etibarlı enerji mərkəzi kimi önə çıxarır.

Azərbaycanın altı dövlət konsepsiyası təkcə sözdə bir ifadə yox, Mərkəzi Asiyanı daha geniş Avrasiya kontekstində birləşdirməyə və regional liderliyə yönəlmiş strateji yanaşmadır. Bu konsepsiya həm Azərbaycanın regional liderlik baxışını əks etdirir, həm də Mərkəzi Asiyanı Avrasiya məkanına möhkəm şəkildə inteqrasiya edir.

Lakin bu transformasiyanı reallaşdırmaq üçün iştirakçılar sadəcə ikitərəfli simvolika addımlarla kifayətlənməməli, institusional mexanizmlərə, ortaq layihələrə və infrastrukturun inkişafına sərmayə qoymalıdırlar ki, 6 dövlətin birliyi öz tərkib hissələrinin cəminə nisbətən daha güclü olsun.

Azərbaycan isə Mərkəzi Asiya ilə xarici əlaqə yaradan tərəfdaş kimi yox, keçid xətlərini vahid regional yola çevirən əvəzolunmaz və daxili tərəfdaş kimi hazırdır.