Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 44 günlük müharibə və ondan sonrakı dövrdə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və qaralama kampaniyaları ilə bağlı geniş hesabat dərc edib.
APA xəbər verir ki, hesabatda erməni sentimenləri ilə Azərbaycana qarşı aparılan diffamasiya kampaniyasında iştirak edən bir sıra Qərb təşkilatlarının və ictimai sektor nümayəndələrinin adları açıqlanıb.
Qeyd edilib ki, erməni lobbisi ilə yaxın əlaqələrə malik olan bu təşkilatlar və şəxslər münaqişə və Cənubi Qafqazla bağlı məsələləri işıqlandırarkən yalnız ermənilərin perspektivinə və məsələyə baxışına yer verir, azərbaycanlı ekspertlərin və akademiklərin təhlillərinə qərəzlə yanaşır, müxtəlif bəhanələrlə onları nəşr etməkdən imtina edir, marjinallaşdırmağa çalışır və beləcə məsələ ilə bağlı Azərbaycanın mövqeyinin Qərb və dünya ictimaiyyətinə çatdırılmasının qarşısını almağa çalışırlar.
Hesabatda qeyd edilib Kİ, 44 günlük müharibə dövründə Qərb şəhərlərində münaqişəyə həsr edilmiş bir sıra tədbirlərdə azərbaycanlı ekspertlərin iştirakı əngəllənib və yalnız erməni ekspertlərə söz haqqı tanınaraq erməni təbliğatının aparılmasına şərait yaradılıb: “Misal üçün, 31 oktyabr 2020-ci ildə Los Ancelesdəki Kaliforniya Universitetində “Dağlıq Qarabağ/Artsax və Münaqişənin Palimpsestləri, Zorakılıq və Yaddaş” adlı bir günlük ümumerməni konfransı keçirilib ki, burada təxmin edildiyi kimi, erməniyönümlü, keçmiş və hazırkı hadisələrin birtərəfli narasiyası təqdim edilib”.
Digər nümunə kimi isə Kolumbiya Universitetindəki Erməni Mərkəzi tərəfindən təşkil edilmiş “Dağlıq Qarabağ/Artsax Mediada: Bütün dünyadan perspektivlər” adlı müzakirə göstərilib. Qeyd olunub ki, noyabrın 5-də keçirilmiş tədbirdə 5 erməni panelçi iştirak edib və heç bir azərbaycanlı təqdimatçı bura dəvət edilməyib.
Əlavə olunub ki, Kolumbiya Universitetinin Hüquq Fakültəsində “Cənubi Qafqazda Böhran: (dırnağarası) Artsaxda (Dağlıq Qarabağ) İnsan Haqları Pozuntuları” adlı tədbir keçirilib. Noyabrın 12-də isə Kolumbiya Universitetinin İnsan Haqları Araşdırmaları İnstitutunun Sülhyaratma və Hüquqlar Proqramı “(dırnağarası) Artsaxda İnsan haqları və Xarici Terrorçu Fəaliyyətlər” adlı araşdırma layihəsi elan edib.
Hesabatda deyilir ki, 44 günlük müharibə dövründə daha bir tədbir isə 5 noyabr 2020-ci ildə Los Ancelesdəki Oksidental Kollecinin Tənqidi Nəzəriyyə və Sosial Ədalət bölməsi tərəfindən təşkil edilib. Tədbirin “Ermənistan-Azərbaycan Müharibəsi və Artsaxda böhran” adlı ekspert panelində cəmi iki erməni panelçi iştirak edib.
Həmçinin 26 oktyabrda erməni aktivist kollektivi Zoravik tərəfindən təşkil edilmiş “Atəşkəslər haqqında: Dağlıq Qarabağ Müharibəsində Beynəlxalq Fəaliyyət(sizlik)” adlı onlayn paneldə tərəflərdən birinin iştirakı olmadan atəşkəs prosesi təhlil edilib.
Hesabatda qeyd edilib ki, Ermənistan-Azərbaycan münaqişəsinə birtərəfli yanaşma sadəcə akademik dairələr səviyyəsində deyil, ayrı-ayrı ekspertlərin, media nümayəndələrinin fəaliyyətində də özünü göstərib.
“Kanadalı “jurnalist” və təhlilçi Neil Hauer İkinci Qarabağ müharibəsi hadisələrini aktiv şəkildə erməni perspektivindən işıqlandırıb. Hauer münaqişə zamanı reportajlarında bir neçə dəfə birtərəfli yanaşma nümayiş etdirib. Qarabağ bölgəsinə gələrək şəxsən reportajlar hazırlamazdan öncə Hauer artıq BBC-nin Gəncə şəhərindən reportajına qarşı nifrətini ifadə edirdi. Özü regiondan kənarda olarkən materiallarını erməni xalqını müharibə boyunca bölgədə vəziyyətlə bağlı aldatdığı açıqlanan qərəzli və etibarsız “WarGonzo” telegram kanalına əsasən hazırlayıb. Bir tərəfdən BBC-ni “hadisələri birtərəfli işıqlandırma”sına görə tənqid edən Neil Hauer daha sonra özü BBC-yə danışarkən Xankəndidəki hadisələri geniş şəkildə işıqlandırıb, lakin Gəncə, Bərdə, Tərtər kimi şəhərlərə hücumlarla bağlı bir cümlə belə danışmaqdan imtina edib. Başqa bir nümunə isə, ona iddiaları ilə bağlı sübutlarının nə olması sualı verilərkən Hauer “mənbə Stepanakertdəki (Xankəndi) müxtəlif yaxşı məlumatlı şəxslərlə söhbətləri” olduğunu vurğulayıb”.
Hesabatda vurğulanıb ki, müharibə dövründə qeyri-peşəkar və qərəzli fəaliyyət göstərən jurnalistlərə dair daha bir nümunə isə “jurnalist” Lindsey Snelldir. Qeyd olunub ki, daha əvvəl Yaxın Şərqdə fəaliyyət göstərən, PKK və ona bağlı digər terror təşkilatları ilə əlaqələri olmaqda şübhəli bilinən Snell 2016-cı ildə Suriya-Türkiyə sərhədini qanunsuz keçərkən saxlanılıb.
“Snell saxlanılmasına görə, Türkiyədən intiqamını almaq üçün Ermənistan-Azərbaycan münaqişəsi də daxil olmaqla hər fürsətdən istifadə edib. O, tvitlərindən birində də qeyd edib ki “Türkiyə məni heç vaxt saxlamamalı idi”. O, münaqişəni birtərəfli işıqlandırıb və hətta “Human Rights Watch” təşkilatının törədilmiş müharibə cinayətləri ilə bağlı tapıntılarına qarşı çıxıb. O, həmçinin Azərbaycan tərəfindən “Amnesty International”a rüşvət verilməsi ilə bağlı bəzi konspirologiya nəzəriyyələrini retvit edib”.
Hesabatda bildirilib ki, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Marşal Evans da anti-Azərbaycan sentimenti yayaraq, Ermənistan hökumətinin mövqeyini dəstəkləyərək, hətta Azərbaycanın soyqırımı törətmək niyyətində olması kimi ekstremist iddiaları ilə Azərbaycana qarşı aparılan informasiya müharibəsinə qoşulub.
Vurğulanıb ki, Azərbaycana qarşı qərəzli mövqe müharibədən sonrakı dövrdə də davam edib. Nümunə olaraq 2021-ci ilin iyulunda Almaniyanın Heinrich Boell Stiftung fondunun maliyyə dəstəyi ilə Georgian İnstitute of Politics (GIP) təşkilatı tərəfindən Gürcüstanda keçirilən yay akademiyasında baş vermiş xoşagəlməz vəziyyət göstərilib. Qeyd edilib ki, azərbaycanlı, gürcü və erməni ekspertlər və təhqiqatçıların dəvət edildiyi tədbirdə iştirakçılardan araşdırma yazısı yazmaları istənilib və həmin materialın daha sonra GIP-nin veb saytında dərc edilməsi planlaşdırılıb. Qeyd edilib ki, akademiyada iştirak edən BMTM-nin ovaxtkı baş məsləhətçisi Vasif Hüseynovun Avropa İttifaqının Cənubi Qafqaz siyasəti ilə bağlı hazırladığı material Heinrich Boell Stiftung fondunun Cənubi Qafqaz ofisinin direktoru Sonya Şiffers tərəfindən yoxlanılıb və bu zaman sonuncunun və onun təmsil etdiyi təşkilatın Ermənistan-Azərbaycan münaqişəsində və Azərbaycanla bağlı siyasi məsələlərdə nə qədər qərəzli mövqe tutduğu bir daha aydın olub.
Qeyd olunub ki, Şiffers Vasif Hüseynovun öz araşdırmasında beynəlxalq hüququn da baza prinsipi olan Ermənistan və Azərbaycanın bir-birilərinin ərazi bütövlüyünü tanımalı olduğuna dair cümləsinin Ermənistanın perspektivinə etinasızlıq olduğunu, ona görə də sülh razılaşmasına imkan yaratmadığını bildirib. Vasif Hüseynovun Qarabağın dağıdılmış ərazilərinin beynəlxalq yardıma ehtiyac duymasına dair cümləsinə isə Şiffers belə reaksiya verib: “Əlbəttə, hamının pula ehtiyacı var. Lakin Azərbaycanın durumunda, çox şey ona görə itirilib ki, təbii sərvətlərə həddindən artıq arxalanılıb və ümumilikdə islahatlar və demokratikləşmə çatışmazlığına görə inkişaf az olub. Aİ buna görə ödənişmi etməlidir?”
Hesabatda diqqətə çatdırılır ki, Şiffersin bu cür davranışı akademik reaksiyadan daha çox siyasi mühakimələrdir. Vurğulanıb ki, Heinrich Boell Stiftung fondu tərəfindən Azərbaycana qarşı bu cür qərəzli davranışlar dəfələrlə müşahidə edilib. Belə ki, fond tərəfindən təşkil edilmiş tədbirlərdə balans Ermənistanın xeyrinə pozulub:
“Misal üçün, 2023-cü ilin yanvarında bu institut tərəfindən təşkil edilmiş “Dağlıq Qarabağda humanitar böhran və Ermənistan-Azərbaycan münaqişəsi” adlı vebinara Avropa Parlamentinin üzvü Viola von Cramonla yanaşı, spiker kimi hər iki ölkədən nümayəndələrin dəvət edilməsi gözlənilib. Halbuki təşkilatçılar olduqca marjinal fiqur olan və Azərbaycan cəmiyyətində olduqca mənfi reputasiyaya malik Bəhruz Səmədovu Azərbaycan təmsilçisi kimi dəvət ediblər. Təşkilatçılara çox yaxşı məlumdur ki, Azərbaycanda çox məhdud sayda adam onun fikirlərini bölüşür və bu fikirlər bir çoxları tərəfindən “Azərbaycanyönümlü” olmaqdan daha çox “erməniyönümlü” olaraq xarakterizə edilir. Bu təşkilatçıların açıq şəkildə balansı öz yanaşmalarının xeyrinə saxtalaşdırmaq cəhdi idi”.
Hesabatda o da qeyd edilib ki, bəzi Qərb nəşrləri azərbaycanlı ekspertlərin münaqişəyə və regiondakı vəziyyətə dair Azərbaycanın perspektivini əks etdirən yazılarını dərc etməkdən imtina edir. Paralel olaraq, Azərbaycanın mövqeyini işıqlandıran ekspertlər və xarici müşahidəçilər isə ikili standartlara məruz qalırlar. Sənəddə nümunə kimi Kiyev Mohila Akademiyası Milli Universitetinin siyasi elmlər üzrə professoru Taras Kuzionun Rolling Stone nəşrində Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı material dərc etməsindən sonra məruz qaldığı münasibət göstərilib. Qeyd edilib ki, məqalənin dərc edilməsindən sonra ermənilər tərəfindən Rollong Stone nəşrinə minlərlə email göndərilərək materialın sosial şəbəkədən silinməsi istənilib.
Hesabatda deyilir ki, Azərbaycana qarşı qərəzli fəaliyyət göstərən və regional məsələlərdə Azərbaycanın perspektivinə yer verməyən, Ermənistanın mövqeyini önə çıxarmağa çalışan media təşkilatları arasında OC media kimi tanınan Open Caucassus Media (oc.media.org) təşkilatı da var. Bu cür fəaliyyət göstərən daha bir media orqanı isə Opendemokracy.net saytıdır. Vurğulanıb ki, bu nəşrlərdə Cənubi Qafqazla bağlı hazırlanan materiallar ermənilərin nəzarətindədir və onlar son dərəcə qərəzli materialları təşviq edirlər.
Əlavə olunub ki, davamlı olaraq Azərbaycanı hədəf seçən daha bir fiqur isə Latviyada yaşayan siyasi elm xadimi Eldar Mamedovdur. Bildirilib ki, bu yaxınlaradək Avropa Parlamentinin Sosial Demokratlar qrupu üçün siyasi məsləhətçi kimi çalışan Eldar Mamedov geniş bir dövr ərzində Qərbdə Azərbaycanın reputasiyasını zədələməyə, onun Brüssel və Vaşinqtonla yaxınlaşmasına mane olmağa çalışan məqalə və nəşrlərə müəlliflik edir.
Hesabatda qeyd edilib ki, Azərbaycana qərəzli münasibət bəsləyən təşkilatlar arasında Stokholmda fəaliyyət göstərən Blankspot təşkilatı, həmçinin Almaniya mediası, xüsusilə də “Der Spiegel” nəşri də var.
Daha ətraflı: https://apa.az/pdf/Wx6DYtBSEfel.pdf
Mənbə: apa.az