Fərid Şəfiyev

Səfir, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev Bakı Dövlət Universitetində tarix və hüquq üzrə ali təhsil alıb. O, 2002-2003-cü illərdə ABŞ-ın Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra Kanadanın Karlton Universitetində təhsil alaraq tarix üzrə elmlər doktoru dərəcəsi alıb.

Fərid Şəfiyev 1987-1989-cu illərdə hərbi xidmət keçib. Peşəkar karyerasına 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya və Arxeologiya İnstitutunda başlayıb.

1996-cı ildən Xarici İşlər Nazirliyində işləməyə başlayıb. Xarici işlər Nazirliyində Hərbi-siyasi məsələlər və BMT ilə iş şöbələrində çalışıb.

Fərid Şəfiyev 1998-2001-ci illərdə Azərbaycanın BMT yanında daimi nümayəndəliyində, 2005-2009-cu illərdə Azərbaycanın Kanadadakı Səfirliyində işləyib. O, 2009-cu ildə Azərbaycanın Kanadadakı səfiri vəzifəsinə təyin olunub və 2014-cü ilin iyununa kimi bu vəzifəni icra edib. 2014-cü ildən 2019-cu ilin fevralına kimi Azərbaycanın Çexiyadakı səfiri olub.

2019-cu il fevralın 19-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edilib.

Fərid Şəfiyev çoxsaylı məqalələrin, müstəqil şərhlərin (op-ed) və bir sıra akademik nəşrlərin, o cümlədən 2018-ci ildə McGill-Queen’s University Press tərəfindən nəşr olunmuş “Sərhəd bölgələrinin köçürülməsi: Cənubi Qafqazda məskunlaşma siyasəti və etnik münaqişə” adlı kitabın müəllifidir.

Fərid Şəfiyev hazırda ADA Universitetində Diplomatiya və Xarici Siyasət və Dağlıq Qarabağ Müqayisəli Perspektivdə fənlərini tədris edir.