Fərhad Məmmədov
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini
farhad.mammadov@aircenter.az
(+994 12) 596-82-39
Fərhad Məmmədov Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavriat təhsilini 2001-ci ildə, magistratura təhsilini isə 2003-cü ildə fərqlənmə diplomları ilə başa vurub. 2006-cı ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aspiranturasını bitirib. “Qloballaşmanın mənəvi-etik əsasları və onların Azərbaycan fəlsəfə və etikasında dərki” mövzusunda dissertasiya müdafiə edib və 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Elmi, ictimai və dövlət qulluğu fəaliyyəti dövründə iki kitabın, 10 elmi məqalənin və 120-yə yaxın publisistik məqalənin müəllifi kimi tanınıb.
Peşəkar fəaliyyətinə 2000-ci ildə “İmpuls” konsaltinq qrupunda başlayıb. Burada siyasi və sosioloji araşdırmalar aparıb, yerli seçkiqabağı kampaniyaların təşkilində iştirak edib. 2004-cü ildə Milli Strateji Təşəbbüslər Mərkəzini (MSTM) təsis edib və onun icraçı direktoru vəzifəsini tutub. Mərkəz Azərbaycanın siyasi partiyaları arasında debatlar təşkil edib, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş internet resursu yaradıb, eləcə də ölkənin siyasi həyatında baş verən aktual məsələlərə dair televiziya debatlarının keçirilməsini təmin edib.
2005-ci ildə yaradılan Ümumrespublika Gənclər Hərəkatı “İRƏLİ” İctimai Birliyinin təsisçilərindən biri olub.
2007-ci ildə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müşaviri vəzifəsində çalışıb.
2008-ci ildən Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsində aparıcı məsləhətçi kimi fəaliyyət göstərib. 2011-ci il iyunun 1-dən həmin şöbənin Analitik təhlil və proqnozlaşdırma sektoruna rəhbərlik edib.
2012-ci il mayın 31-dən 2019-cu il yanvarın 14-dək Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsini icra edib.
2019-cu ildə “Strategy Consultancy Group” şirkətinin direktoru kimi fəaliyyətini davam etdirib. 2021-ci ildə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzini təsis edib və quruma direktor kimi rəhbərlik edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 sentyabr 2026-cı il tarixli sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.


