Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Bağırov Orxanın “Yeni iqtisadi rayonlar vasitəsilə Qarabağ Qafqazın iqtisadi drayverinə çevriləcəkdir” adlı məqaləsi Eurasia Review nəşri tərəfindən çap edilib.
Məqalədə əsas diqqət işğaldan azad edilmiş ərazilərimizdə yaradılmış yeni iqtisadi rayonlara yönəldilmişdir. Qeyd edilmişdir ki, Qarabağ iqtisadi rayonun yaradılması qədim tarixi və mədəni irsə malik olan olan Qarabağ regionunun bərpa edilməsi və sürətli inkişafı üçün vacibdir. Yeni yaradılmış digər iqtisadi rayon olan Şərqi Zəngəzur haqqında isə qeyd edilmişdir ki, bu rayona daxil olan inzibati rayonlar tarixən eyni coğrafi ərazidə yerləşmiş, sosial-iqtisadi, tarixi və mədəni bağlara malik olmuşdur. Ona görə də onların vahid iqtisadi rayon daxilində birləşdirilməsinə ehtiyac yaranmışdır.
Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü iqtisadi ixtisaslaşmanı, effektiv investisiya siyasətinin həyata keçirilməsini və çevik regional idarəetməni təmin edəcək. Yeni iqtisadi zonaların yaradılması 44 Günlük Müharibədən sonra azad edilmiş ərazilərin bərpasına və inkişafına təkan verəcək. Ona görə də iqtisadi rayonların yeni bölgüsü azad edilmiş ərazilərin inkişafı üçün vahid planın yaradılmasında mühüm addım kimi qiymətləndirilə bilər. Bu həm də azad edilmiş ərazilərin Azərbaycan iqtisadiyyatına yenidən inteqrasiyası baxımından da vacibdir.
Daha sonra məqalədə diqqətə çatdırılmışdır ki, bərpa edildikdən sonra azad edilmiş ərazilərdə iqtisadi imkanların reallaşmasının Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edəcəyi şübhəsizdir. İşğal səbəbiylə, Qarabağda 7 min müəsisə bağlanmışdı hansılar ki, Azərbaycanın taxıl istehsalının 24%-ni, spirtli içki istehsalının 41%-ni, kartof istehsdalının 46%-ni, ət istehsalının 18%-ni, süd istehsalının 34%-ni təmin edirdi. Bu istehsal imkanlarının bərpası, müxtəlif iqtisadi sektorların, xüsusilə də kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir edəcəkdir. İlkin hesablamalara görə yeni yaradılan Şərqi Zəngəzur iqtisadi rayonu önümüzdəki illərdə Azərbaycan iqtisadiyyatının təxminən 4%-ni formalaşdıracaqdır.
Azad edilmiş ərazilər həm də böyük bərpa olunan, xüsusən də hidro enerji potensialına malikdir. Belə ki, Azərbaycanın yerli su ehtiyatlarının 25% -i Qarabağda əmələ gəlir ki, bu da su elektrik stansiyalarının (SES) yaradılması üçün imkanlar yaradır. 44 Günlük Müharibə dövründə Azərbaycan sözügedən su mənbələrindən istifadə edən və erməni işğalçıları tərəfindən dağıdılmış 30 SES üzərində nəzarəti ələ keçirdi. Bu elektrik stansiyalarının bir çoxu bərpa edilib, digərlərində isə bərpa işləri davam etdirilir. Qarabağda eyni zamanda kifayət qədər günəş və külək enerjisi potensialı var. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin ilkin hesablamalarına görə, azad edilmiş ərazilər 4 min meqavatdan çox günəş enerjisi və 5 yüz meqavat qədər külək enerjisi potensialına malikdir.
Daha sonra məqalədə qeyd edilir ki, azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşması üçün dayanıqlı nəqliyyat infrastrukturunun olması da vacibdir. Buna görə də, azad edilmiş ərazilərin bərpası proqramının əsas istiqamətlərindən biri hərtərəfli nəqliyyat infrastrukturunun yaradılmasıdır. Qarabağda ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı artıq tikilib və sınaq uçuşları həyata keçirilib. Zəngilan və Laçın rayonlarında digər iki beynəlxalq hava limanının təməli də qoyulub. Hava limanları ilə yanaşı, azad edilmiş ərazilərdə yerli avtomobil və dəmir yolları şəbəkəsinin bərpası və genişləndirilməsi işləri də davam etdirilir və bəzi magistral yollar artıq istifadəyə verilmişdir. Bu yollar Qarabağa şimal, şərq və cənub istiqamətlərindən girişi təmin edəcək və onu regionun nəqliyyat qovşağına çevirəcəkdir.
Sonda isə diqqətə çatdırlır ki, azad edilmiş ərazilərdə mövcud olan iqtisadi imkanların iqtisadi rayonların yeni bölgüsü vasitəsilə ilə reallaşdırılması və Qarabağın və Azərbaycan iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcəkdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi inkişafı və onların beynəlxalq şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərinə, eləcə də Zəngəzur dəhlizinə çıxışının olması Qarabağı bütün Cənubi Qafqazın iqtisadi drayverinə çevirəcəkdir. Nəticədə Qarabağ erməni işğalı dövründə olduğu kimi, münaqişə bölgəsi deyil, regional əməkdaşlığın simvoluna çevriləcəkdir.
Daha ətraflı : https://www.eurasiareview.com/28092021-with-new-economic-regions-karabakh-set-to-become-economic-driver-of-caucasus-oped