BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan-Slovakiya tərəfdaşlığı nə vəd edir?

2024-05-14 17:17

BMTM-in şöbə müdiri Cavid Vəliyevin “Azərbaycan-Slovakiya tərəfdaşlığı nə vəd edir?” başlıqlı məqaləsi “Eurasia Review” nəşrində dərc edilib.

Məqalədə Slovakiya Baş naziri Robert Fikonun Azərbaycana səfəri zamanı müzakirə edilən məsələlər, əldə edilən razılaşmalar barədə ətraflı məlumat verilir.

Qeyd edilir ki, iki ölkə arasındakı əməkdaşlığın mühüm istiqamətlərindən biri enerji sahəsidir.

“Xüsusilə də, 2006-cı ildən xroniki hal alan və 2022-ci ildə müharibəyə çevrilən Rusiya-Ukrayna qarşıdurması Avropa İttifaqında alternativ resurslar axtarışını sürətləndirdi. Qərbin sanksiyalarına cavab olaraq Rusiya 2022-ci ilin sonunda Ukrayna üzərindən Avropa İttifaqına qaz təchizatını, demək olar ki, dayandırdı. Lakin Rusiyadan Avstriya, İtaliya, Slovakiya, Moldova kimi Aİ ölkələrinə qaz təchizatı Ukraynadan keçən zədələnməmiş boru kəmərləri vasitəsilə davam edirdi. Aİ-nin Slovakiya ilə bağlı olan son ölkə hesabatına əsasən, 2022-ci ilin yayından başlayaraq, Rusiyadan bu ölkəyə qaz idxalının payı 85%-dən 50%-dək enib”.

C.Vəliyev qeyd edir ki, Azərbaycan və Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu ölkəmizin yuxarıda adları qeyd edilən ölkələrlə  əməkdaşlığını genişləndirib.

“Bu razılaşmadan sonra Azərbaycanın Avropaya qaz təchizatı 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə çatmışdır. Bu, Azərbaycanın ümumi qaz ixracının 50%-ni təşkil edir. Bakı bu rəqəmin 2027-ci ildə 20 milyard kubmetrə çatdırılmasını hədəfləyir. Bu səbəbdən, digər ölkələr kimi Slovakiya Azərbaycanı alternativ mənbə olaraq seçib.

Azərbaycan və Slovakiya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə toxunan müəllif oxşar sənədlərin Aİ institutları tərəfindən Azərbaycana qarşı düşmən mövqe sərgiləndiyi bir dövrdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

C. Vəliyev Slovakiyanın Qarabağın bərpasındakı iştirakının da vacib məsələ olduğunu diqqətə çatdırıb.

Məqalədə Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlığa da xüsusi diqqət yetirilir.

“İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə iki vacib məsələ Azərbaycanın Slovakiyanın müdafiə sənayesinə marağını artırdı. Bunlardan birincisi Fransa və Hindistanın hələ də Ermənistanı silahlandırmağa davam etməsi, ikincisi isə Slovakiyanın müdafiə sənayesi məhsullarının Ukraynada əldə etdiyi uğurlarla bağlıdır”.

Yekunda müəllif bildirir ki, Slovakiya ilə əməkdaşlığın inkişafı Azərbaycanın ünvanına Aİ-də səsləndirilən əsassız ittihamlara qarşı haqq səsimizin eşidilməsində dəstək ola bilər.

*Aşağıdakı linkə keçid edərək məqalə ilə ətraflı tanış olmaq mümkündür:

https://www.eurasiareview.com/14052024-what-does-azerbaijan-slovakia-strategic-partnership-promise-oped/

Müəllifin son məqalələri

23 Dekabr 2024 - 17:24

Azərbaycan və Türkiyənin Suriya siyasətində koordinasiya

19 Sentyabr 2024 - 16:34

Ermənistan Konstitusiyası niyə dəyişməlidir?

21 May 2024 - 17:14

Fransa Yeni Kaledoniyadakı hadisələrə görə məsuliyyəti niyə Azərbaycanın üzərinə atır?