BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Aircenter

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

ABŞ-Azərbaycan münasibətləri və II Qarabağ münaqişəsinə dair beynəlxalq vebinar keçirilib

2020-12-18 11:43

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ABŞ-ın Xəzər Siyasi Mərkəzinin (Caspian Policy Center-CPC) birgə təşkilatçılığı ilə “Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı beynəlxalq vebinar keçirilib.

CPC-nin Təhlükəsizlik və Siyasi Proqramlar üzrə rəhbəri Riçard Hoqlandın moderatorluq etdiyi tədbirdə təşkilatın icraçı direktoru Əfqan Nifti açılış nitqi zamanı bildirib ki, vebinar həm ABŞ, həm də Azərbaycan üçün çox əlamətdar bir vaxta təsadüf edir. Onun sözlərinə görə, təmsil etdiyi təşkilat ABŞ-Azərbaycan münasibətlərinin tədqiqinə, o cümlədən regionda, Xəzər hövzəsində baş verən hadisələrə böyük əhəmiyyət verir. Bu baxımdan ABŞ administrasiyasında dəyişiklik və Qarabağda silahlı münaqişə fonunda ABŞ-Azərbaycan münasibətlərinin müzakirəsinə ehtiyac var.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışı zamanı bildirib ki, İkinci Qarabağ Müharibəsi və Azərbaycanın öz ərazi bütövlüyün bərpa etməsi ilə regionda yeni geosiyasi reallıq formalaşıb. Onun sözlərinə görə, bu günlərdə Azərbaycanda baş vermiş digər əlamətdar hadisə TAP layihəsinin başa çatmasıdır. Fərid Şəfiyevin fikrincə, bu kimi bir sıra mövzular iki ölkə münasibətlərinə təsir göstərir. BMTM-in İdarə Heyətinin sədri II Qarabağ Müharibəsinə toxunaraq  27 ildir davam edən danışıqların heç bir nəticə vermədiyini, Ermənistanın baş naziri Nikol Paşinyanın Madrid Prinsiplərindən imtina etməsi və bu ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində təxribat törətməsi ilə münaqişəni bu vəziyyətə gətirdiyini diqqətə çatdırıb: “Hətta Ermənistanda da iyul təxribatının bu ölkə tərəfindən törədildiyi etiraf edildi. Bu hadisə həm Azərbaycan, həm də Qərb üçün  önəmli olan vacib infrastrukturu-dəmiryol və boru layihələrini təhdid altına aldı”. Fərid Şəfiyev ATƏT-in Minsk qrupu və xüsusilə Fransa tərəfinin fəaliyyətindən danışıb və bildirib ki, bu ölkə təktərəfli yanaşmalarına görə özünü təqsirli bildirməlidir. Onun sözlərinə görə, bu davranış vasitəçilik rolunun ruhuna uyğun deyil. Fərid Şəfiyevin fikrincə, Minsk qrupunun  fəaliyyəti indiki dövrdə formal xarakter daşıyır. “Mən inanmıram ki, Azərbaycan hazırda Minsk qrupunun hansısa rolunu görmək istəsin”,- deyə o qeyd edib.

Daha sonra çıxış edən CPC-nin İqtisadi və Enerji Proqramları üzrə rəhbəri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta ABŞ-ın Azərbaycanla ənənəvi olaraq təhlükəsizlik, enerji/iqtisadi münasibətlər və qanunun aliliyi/ insan hüquqları sahəsində əməkdaşlığı hər zaman prioritet seçdiyini və münasibətlərin uzun illər bu istiqamətdə inkişaf etdiyini bildirib. Lakin o, Tramp administrasiyasının regiondan bir qədər çəkildiyini diqqətə çatdırıb: “Coğrafi mövqeyini nəzərə alsaq, Azərbaycan regionda xüsusi rol oynayır. Əsasən də bu ölkənin Rusiya və İranın qonşuluğunda yerləşməsi hər zaman diqqətə alınmalıdır. Azərbaycan həmçinin Avropa və Asiya arasında bağlantı rolunu oynayan vacib mərkəzə çevrilib”. Robert Sekuta bildirib ki, Qarabağda baş verən son proseslər regionda vəziyyəti kəskin dəyişib, lakin ABŞ bu prosesdə heç bir rol oynamayıb: “Növbəti illər ərzində ABŞ-ın yeni administrasiyası yeni mərhələyə imza ata bilər. Bu baxımdan münasibətlərə yenidən baxılmasına ehtiyac var. ABŞ Ermənistanla Azərbaycana arasında sülhün yaradılmasına töhfə verə bilər”.  

“Atlantik Council”-də Qlobal Enerji Mərkəzinin direktoru, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar da Bayden administrasiyasının Azərbaycana və bütövlükdə regional proseslərə daha çox cəlb olunacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Qarabağ müharibəsi zamanı Azərbaycan böyük nailiyyət əldə edib və illər sonra ərazisinin böyük hissəsini azad etməyə nail olub. O, münaqişənin tamamilə həll olunmasını istədiyini deyib və regiondakı bütün ölkələrin, o cümlədən Ermənistanın da bunda maraqlı olduğunu bildirib.

İrs Fondu (Heritage Foundation) yanında Xarici Siyasət Araşdırmaları üzrə Allison Mərkəzinin direktoru Lyuk Koffi ABŞ-Azərbaycan münasibətlərinin gələcək perspektivləri baxımından bir sıra təkliflərlə çıxış edib. Onun sözlərinə görə, yeni administrasiya zamanı daha çox rəsmi şəxslərin Azərbaycana səfərləri təşkil olunmalıdır. Həmçinin o, Azərbaycanın münaqişə zonasına və Gürcüstana yaxın yerləşən ikinci böyük şəhəri Gəncədə ABŞ konsulluğunun açılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bununla ABŞ həmin yerlərdə vəziyyəti daha yaxşı anlaya bilər. O, həmçinin bildirib ki, Ermənistan və Azərbaycanı bir araya gətirməkdə ABŞ fəaliyyətini artırmalıdır.

Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmaları Proqramı birgə mərkəzinin direktoru Svante Kornel çıxışı bildirib ki, kağız üzərində ABŞ və Azərbaycan çox sıx tərəfdaşdırlar, lakin bu reallıqda belə deyil. O, bunun tezliklə dəyişəcəyinə də əmin olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ-Azərbaycan münasibətləri Obama dövründə ən pis həddə çatıb və bunda Obama Administrasiyasında Azərbaycana qarşı əks mövqeyə sahib rəsmilərin böyük rolu olub: “Bu məsələdə ABŞ-dakı erməni diasporunun da rolu az deyil. Lakin düşünürəm ki, bu yanaşma dəyişməli və ABŞ daha realistik yanaşma sərgiləməlidir”. O, Tramp dövründə qəbul edilən Mərkəzi Asiya üzrə strategiyanın davam edəcəyinə ümid etdiyini bildirərək Azərbaycanın da bu strategiyada yer almasının vacibliyini qeyd edib. Son zamanlar cəbhədə baş verənlərə toxunan Svante Kornelin sözlərinə görə, müharibə Azərbaycanın kiçik deyil, artıq orta ölkə olduğunu sübut edib: “Azərbaycan bu uğurları planlaşdırdığı prioritetləri və iqtisadi inkişafı nəticəsində əldə etdi. Biz bu yanaşmanı həm müharibədə, həm ölkə daxili və xarici siyasətdə görürük. ABŞ bunu nəzərə almalıdır”.

Müəllifin son məqalələri

10 Avqust 2023 - 14:16

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı (4-cü cild, 1-ci Sayı, Yay buraxılışı, 2023-ci il) işıq üzü görüb

21 İyul 2022 - 15:08

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb

20 İyul 2022 - 19:46

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib