Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynovun “Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinə əsas töhfə verən tərəfdir” başlıqlı məqaləsi “commonspace.eu” saytında dərc edilib.
Vasif Hüseynov qeyd edir ki, qlobal enerji dinamikalarının dəyişdiyi və geosiyasi qeyri-müəyyənliklərin artığı bir dövrdə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında qarşılıqlı faydalılığa əsaslanan strateji tərəfdaşlıq ön plana çıxır.
Aİ-nin Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olduğunu deyən müəllif bildirir ki, Azərbaycan da Aİ üçün Avropa-Asiya bağlantısının əsas həlqəsi və enerji təchizatçısıdır.
“Hər iki tərəf iqtisadi çiçəklənmə və enerji təhlükəsizliyi üçün vacib olan strateji tərəfdaşlığa imza atıblar. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Prezident İlham Əliyevlə birlikdə 18 iyul 2022-ci il tarixində strateji tərəfdaşlıq barədə razılaşmaya imza atarkən Azərbaycanı etibarlı tərəfdaş adlandırmışdı. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısı və Yaşıl Enerji Məşvərət Şurasının 2-ci iclası ilə öz təsdiqini tapan bu tərəfdaşlıq, əsasən enerji əməkdaşlığı sahəsində praktik nailiyyətlər, ortaq məqsədlər üzərində qurulub”.
Vasif Hüseynov qeyd edir ki, Aİ-nin Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı səyləri onun Azərbaycanla uzunmüddətli strateji enerji əməkdaşlığa sadiqliyinin göstəricisidir.
Müəllif qeyd edir ki, ənənəvi enerji sahəsində əməkdaşlıqdan savayı, Aİ-Azərbaycan tərəfdaşlığı təmiz enerjiyə keçid istiqamətində də genişlənir.
“Azərbaycanın bərpaolunan enerji sahəsindəki nəzərəçarpan irəliləyişi onun davamlılıq və iqlim dəyişikliyi ilə mübarizəyə sadiq olmasını vurğulayır. Martın 1-də Yaşıl Enerji Məşvərət Şurasının iclasında Aİ və Azərbaycan külək enerjisi sahəsində əməkdaşlıq barədə Anlaşma Memorandumu imzaladılar. Bundan əlavə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi təmin enerjiyə keçiddə regional lider kimi rolumuzu daha da gücləndirəcək”,-deyə Vasif Hüseynov əlavə edib.
Sonda müəllif sözügedən enerji tərəfdaşlığının bərpaolunan enerji sektorunun inkişafı üçün əlverişli zəmin formalaşdırdığını və Azərbaycanın Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə verəcəyi töhfəni xüsusi vurğulayır.
*Məqalənin İspan dilindəki versiyası ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: