BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM və Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib

2024-10-08 16:29

Londonda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin dəstəyi ilə “COP29: İqlim dəyişikliyi, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə hər iki ölkədən yüksək səviyyəli qonaqlar, region üzrə ekspertlər, dövlət və özəl sektorun nümayəndələri iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən COP26-nın prezidenti Alok Şarma Azərbaycanda keçiriləcək COP29-un bəşəriyyətin gələcəyi üçün əhəmiyyətindən danışıb. COP29-da əldə olunacaq nailiyyətlərin tək Azərbaycanın deyil bütün dünyanın uğuru olacağını vurğulayıb. A. Şarma COP29-un müəyyən edilmiş prezidenti və onun komandası ilə sıx təmasda olduğunu, onların bu mötəbər tədbirin uğurlu təşkili üçün yorulmadan çalışdıqlarını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, COP29 Sədrliyinin danışıqlar qrupunun müşaviri Elşad İskəndərov qarşıdan gələn sammitin regional və qlobal nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb. Diplomat çıxışında iqlim dəyişikliyi və əhalinin yerdəyişməsi arasında birbaşa əlaqəyə toxunaraq ətraf mühitin deqradasiyasının əsas fəsadlarından birinin miqrasiya olacağına diqqət çəkdi. Elşad İskəndərov bildirdi ki, iqlim maliyyəsi COP29-un əsas mövzusu olacaq. Belə ki, müzakirələr əsasən iqlim dəyişikliyinin fəsadlarından ən çox zərər çəkən ölkələrə dəstək daxil olmaqla, maliyyənin idarə edilməsi məsələlərini ehtiva edəcək. COP29 təşəbbüsləri barədə danışan diplomat Birləşmiş Krallığın Sülh və Bərpa Təşəbbüsünə dəstəyini xüsusi qeyd etdi. “İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu müraciətlərə baxılma müddətini 9 ayadək azaldacaq. Fond iqlim dəyişikliyinin fəsadlarının azaldılması, adaptasiyası, həmçinin araşdırma və inkişafla bağlı dövlət və özəl sektorun fəaliyyətini stimullaşdıracaq”.

Britaniyanın COP26 çərçivəsində Latın Amerikası və Karib regionu üzrə səfiri olmuş Fiona Clouder çıxışında COP26-da qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində atılan addımlar barədə məlumat verib və Azərbaycanda keçirilən COP29-dan böyük gözləntilərin olduğunu bildirib.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev COP29 təşəbbüsləri barədə çıxış etdi. O, Azərbaycanın təbii yanacaqla zəngin ölkələrin yaşıl texnologiyalara keçidə daha çox töhfə verməsini nəzərdə tutan İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunu dəstəklədiyini bildirdi. Dünyada hazırda davam edən münaqişələr barədə danışan F. Şəfiyev Azərbaycanın COP atəşkəsi çağırışına da diqqət çəkdi: “Olimpiya barışığını nümunə alaraq irəli sürülən COP atəşkəsi sülh və iqlim fəaliyyətinin vacibliyini irəli sürür”. Bununla yanaşı, Fərid Şəfiyev enerji diversifikasiyası və yaşıl enerjiyə keçidlə bağlı Azəbaycanda aparılan işlər barədə məlumat verdi. O qeyd etdi ki, Azərbaycan bu istiqamətdə müxtəlif enerji layihələrini icra edir və BP ölkəmizdə yaşıl enerji layihələrini reallaşdıraraq bu planları dəstəkləyir.

RUSI-nin beynəlxalq təhlükəsizlik üzrə direktoru Neil Melvin çıxışında Cənubi Qafqaz regionunda baş verən müsbət dəyişikliklərdən söhbət açaraq, COP29-un istər iqlim baxımından, istərsə də regionun ümumi inkişafı baxımında olduca vacib tədbir olduğunu vurğulayıb və Azərbaycana uğurlar arzulayıb.

Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri James Şarp təyinatı dövründə Britaniyanın Azərbaycanda enerji keçidini təşviq edən əməkdaşlıqdan söhbət açıb və Azərbaycanın beynəlxalq səviyyədə iqlim fəaliyyətinə töhfə vermək səylərini yüksək qiymətləndirdiyini vurğulayıb. 

BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev COP29 və iqlim dəyişlikliyi ilə mübarizədə Azərbaycanın yanaşması mövzusunda təqdimatla çıxış etdi. Çıxışını 3 əsas istiqamət- yaşıl enerjiyə keçid, Orta Dəhlizin enerji təhlükəsizliyi üçün yaratdığı imkanlar və çağırışlar, COP29-un alternativ enerjiyə keçidə töhfəsi- üzərində quran Ş. Hacıyev ölkəmizin yaşıl keçid hədəfləri ilə bağlı ətraflı məlumat verdi. O qeyd etdi ki, təmiz ətraf mühit və yaşıl enerji zonalarının yaradılması əsas hədəflərdir. İşğaldan azad edilmiş ərazilərdəki yaşıl enerji konsepsiyası barədə danışan Ş. Hacıyev bərpaolunan enerji mənbələrinin davamlı inkişafa töhfələrini diqqətə çatdırdı.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov da tədbirdə iştirak edib və sual-cavab sessiyasında ünvanlanan sualları cavablandırıb.

Müəllifin son məqalələri

15 Noyabr 2024 - 13:05

Bakı İqlim və Sülh Fəaliyyəti Habı çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradılıb

15 Noyabr 2024 - 12:07

BMTM və Braziliyanın Beynəlxalq Münasibətlər Mərkəzi tərəfindən COP29 çərçivəsində sessiya təşkil edilib

07 Noyabr 2024 - 14:26

AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ - OKTYABR 2024