BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Azərbaycana qarşı müharibə cinayətləri” mövzusunda seminar keçirilib

2022-10-19 17:55

Oktyabrın 19-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” mövzusunda hibrid formatda seminar keçirilib.

Tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, o cümlədən onlayn formada tədbirə qatılan ukraynalı politoloq, Henri Cekson Cəmiyyətinin elmi işçisi Taras Kuzio və Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsinin müavini Tofiq Musayev çıxış ediblər.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, 30 il ərzində Ermənistan tərəfindən Azərbaycana qarşı bir sıra cinayətlər törədilib. Təəssüf ki, müharibədən sonra da toqquşmalar baş verir. Qeyd edilib ki, Vətən müharibəsi zamanı Ermənistan münaqişə zonasından uzaqda yerləşən rayonlara, Gəncəyə artilleriya zərbələri endirib. Halbuki, bu ərazilərdə heç bir hərbi infrastruktur yox idi. Diqqətə çatdırılıb ki, bunun əsas səbəbi mülki əhalini qorxutmaq, onları həmin əraziləri tərk etməyə məcbur etmək olub.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov bildirib ki, 30 il ərzində torpaqlarımızın bir hissəsi işğal altında qalmışdı. Avropa İnsan Hüquqları Konvensiyasının müddəaları əsas götürülməklə Ermənistanın Azərbaycan vətəndaşlarının hüququnu pozduğu məlum olub. Həmçinin ermənilər işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma etmişdilər.

Ç.Əsgərov deyib ki, işğaldan azad edilmiş ərazilərdə indiyədək 300 mindən çox mina və partlamamış hərbi sursat aşkar olunub. Ermənistan tərəfindən Azərbaycana təqdim olunan mina xəritələrinin doğruluğu 20-30 faizdir. “Füzulidə abidələrdən minalar aşkar edilib. Ermənistan öz silahlı qüvvələrini bu ərazilərdən çıxararkən minalar basdırıb. Minalardan zərər çəkənlərə görə Ermənistan məsuliyyət daşıyır”, - deyə sədr müavini diqqətə çatdırıb.

Tədbirə onlayn formada qatılan ukraynalı politoloq, Henri Cekson Cəmiyyətinin elmi işçisi Taras Kuzio qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı törədilən müharibə cinayətlərinə lazımi diqqət yetirilmir. Azərbaycan daha çox cinayət törədən tərəf, Ermənistan isə qurban kimi göstərilir. Dörd minə yaxın Azərbaycan vətəndaşının itkin düşdüyü faktdır. Qərb ölkələrində bunu az insan bilir.

“Qərb ölkələri Ukraynada olanlara dərhal reaksiya verir. Lakin, müsəlman ölkəsi olan Azərbaycanda yaşanan müharibə cinayətlərinə reaksiya vermirlər. İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində qanunların pozulması, mülki əhalinin öldürülməsi halları baş verib”, - deyə T.Kuzio qeyd edib.

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsinin müavini Tofiq Musayev bildirib ki, Azərbaycanın mülki əhalisi Ermənistan tərəfindən cinayətə məruz qalıb. Qeyd edib ki, Ermənistan öz hərbi məqsədlərinə nail olmaq üçün bu cinayətləri törədib. Nəticədə çox sayda hərbçilər, uşaqlar, qadınlar qətlə yetirilib. Əsirlərin çoxu öldürülüb, bəziləri isə sağlamlığını itirmiş vəziyyətdə geri qaytarılıb.

T.Musayev qeyd edib ki, müharibə zamanı ermənilər mülki şəxsləri hədəf alırdılar. Rayonlara, şəhərlərə raket zərbələri mülki insanların ölümünə yol açıb. Diqqətə çatdırıb ki, Ermənistan bu cür cinayətlərlə beynəlxalq hüququ pozub. Onlar hərbi əsirlərlə davranış qaydalarını pozublar.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Müəllifin son məqalələri

25 Dekabr 2024 - 11:55

Fransada hökümətə etimadsızlıq votumu ilə əlaqədar dərinləşən siyasi böhranın səbəbləri və mümkün nəticələri

24 Dekabr 2024 - 15:39

BMTM-in Civilnet-də dərc olunan yazı ilə bağlı bəyanatı

24 Dekabr 2024 - 14:44

BMTM-də 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib