Son dövrlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müşahidə olunan dinamika regionda uzun illər davam etmiş qarşıdurmanın aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə 2020-ci ildən sonra yaranmış yeni geosiyasi reallıqlar tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün real zəmin formalaşdırmışdır. Bu kontekstdə sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və diplomatik münasibətlərin qurulması istiqamətində aparılan müzakirələr müsbət irəliləyiş kimi qiymətləndirilə bilər.Mövcud şəraitdə iki xalq arasında dayanıqlı sülhün bərqərar olması üçün tarixi imkan yaranmışdır. Bu imkan yalnız siyasi elitaların deyil, eyni zamanda cəmiyyətlərin də məsuliyyətli davranışını tələb edir. Regionda sabitliyin təmin olunması həm iqtisadi inkişaf, həm də təhlükəsizlik baxımından bütün tərəflər üçün strateji əhəmiyyət daşıyır. Beləliklə, hazırkı mərhələdə əsas məsələ müharibənin yenidən alovlanması deyil, faktiki sülhün hüquqi-institusional çərçivəyə salınması, yəni sülh müqaviləsinin imzalanmasıdır.
Bununla belə, müsbət dinamika ilə yanaşı, sülh prosesinə mənfi təsir göstərən bir sıra amillər də mövcuddur. Xüsusilə Ermənistanda revanşist qüvvələrin fəallaşması və keçmiş münaqişə ritorikasının yenidən gündəmə gətirilməsi bu proses üçün ciddi risklər yaradır. Revanşist dairələr mövcud reallıqları qəbul etmək istəmir və cəmiyyətdə qeyri-real gözləntilər formalaşdırmağa çalışır. Qeyd edək ki, iyunda keçiriləcək seçkilərə hazırlaşan Ermənistanın əsas müxalifət qüvvələrinin siyasi platformalarına, səsləndirdikləri bəyanatlara, bəlli xarici güc mərkəzlərinə (və yaxud güc mərkəzinə) bağlılıqlarını nəzərə aldıqda vəziyyətin həqiqətən də mürəkkəb olması qənaətinə gəlmək olar. Onu da əlavə edək ki, revanşizm ideologiyası regional inteqrasiyanı deyil, keçmiş status-kvonun bərpasını hədəfləyir. Bu isə həm regional sabitlik, həm də Ermənistanın öz inkişaf perspektivləri üçün təhlükəlidir. Bundan əlavə, son zamanlar bəzi erməni rəsmilərinin səsləndirdiyi fikirlər də rəsmi İrəvanın bəyan etdiyi sülh gündəliyi ilə ziddiyyət təşkil edir. Bu cür ziddiyyətli mesajlar tərəflər arasında etimadın zəifləməsinə səbəb olur. Xüsusilə Ermənistan parlamentinin spikeri Alen Simonyanın son açıqlamaları bu baxımdan diqqət çəkir. O, Bakıda həbsdə olan və cinayətləri məhkəmə qaydasında sübuta yetirilmiş keçmiş qondarma rejim nümayəndələrinin azad olunmasına çağırış etmişdir[1]. Bununla yanaşı, Qarabağ ərazisində erməni irsinin “dağıdılması” ilə bağlı əsassız iddialar səsləndirmişdir. Bu cür bəyanatlar reallıqdan uzaq olmaqla yanaşı, həm də hüquqi və siyasi baxımdan əsassızdır. Çünki sözügedən şəxslər həm beynəlxalq hüquq normalarına, həm də Azərbaycan qanunlarına uyğun olaraq konkret cinayətlərə görə məsuliyyətə cəlb edilmişdir. Onların fəaliyyəti yalnız Azərbaycan qanunvericiliyinə deyil, eyni zamanda beynəlxalq humanitar hüquqa zidd olmuşdur.
Erməni rəsmilərinin bu kimi iddialarına baxmayaraq, Azərbaycan hökuməti hələlik təmkinli mövqe nümayiş etdirir. Bu yanaşma, ilk növbədə, sülh prosesinin qorunması və regionda yeni eskalasiyanın qarşısının alınması məqsədi daşıyır. Halbuki Azərbaycanın həm hüquqi, həm siyasi, həm də mənəvi baxımdan Ermənistanı bir dövlət olaraq, eyni zamanda da ayrı – ayrı erməni siyasi – hərbi liderlərini fərd olaraq beynəlxalq məhkəmələrə vermək üçün kifayət qədər əsasları mövcuddur. Bu hüquqi reallığı isə qısa olaraq belə təfsir etmək olar : işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş hərbi, insanlıq əleyhinə və digər cinayətlərə görə Ermənistan həm dövlət olaraq, həm də ağır cinayətlərdə ittiham edilən və məhkəmə hökmü ilə cəzalandırılan şəxslər, bəzi erməni rəsmiləri fərdi olaraq məsuliyyət daşıyır. Məlumdur ki, işğal dövründə Azərbaycan ərazilərində genişmiqyaslı dağıntılar həyata keçirilmiş, Azərbaycan xalqının maddi və mədəni irs talan edilmiş, azərbaycanlı əhali etnik təmizləməyə məruz qalmışdır. Bu faktlar bir sıra beynəlxalq təşkilatların, beynəlxalq hüquq üzrə mütəxəsislrdən ibarət qrupların hesabatlarında da öz əksini tapmışdır[2]. Təbii ki, qeyd edilən bütün bu faktlara, hadisələrə görə həmin dövrdə törədilmiş insanlıq əleyhinə və müharibə cinayətləri beynəlxalq hüququn ciddi pozuntusu kimi qiymətləndirilir. Bakıda həbsdə saxlanılan keçmiş qondarma rejim nümayəndələri də əvvəldə də qeyd edildiyi kimi məhz bu cinayətlərdə iştiraklarına görə məsuliyyətə cəlb olunmuş şəxslərdir. Bu baxımdan onların azad olunması ilə bağlı çağırışlar hüquqi prinsiplərə ziddir və siyasi manipulyasiya xarakteri daşıyır.
Azərbaycan cəmiyyətində haqlı olaraq belə suallar səslənir ki, törədilmiş bu qədər cinayətlərə baxmayaraq Ermənistan niyə beynəlxalq məhkəmələrə verilmir və niyə daha sərt hüquqi addımlar atılmır. Bu suallar ictimai ədalət hissindən və tarixi yaddaşdan qaynaqlanır. Lakin dövlətin yanaşması daha geniş strateji çərçivədə qiymətləndirilməlidir. Azərbaycan rəhbərliyi anlayır ki, uzunmüddətli sülh yalnız hüquqi addımlarla deyil, həm də siyasi dialoq və qarşılıqlı etimadın formalaşdırılması ilə mümkündür. Bununla belə, Azərbaycanın nümayiş etdirdiyi təmkin sonsuz deyil. Əgər erməni rəsmiləri əsassız, qeyri-konstruktiv ritorikanı davam etdirərsə, bu, sülh prosesinə ciddi zərbə vuracaq. Belə olan halda Azərbaycan hüquqi və siyasi müstəvidə daha sərt addımlar atmaq məcburiyyətində qala bilər. Azərbaycan tərəfi yaxşı anlayır ki, Ermənistanda hazırda ciddi daxili siyasi proseslər gedir, o cümlədən ölkə seçkilər ərəfəsindədir. Bu baxımdan bəzi açıqlamalar daxili auditoriyaya hesablanmış populist ritorika kimi qiymətləndirilə bilər. Lakin daxili siyasi məqsədlər naminə sülh prosesini riskə atmaq doğu, rasional davranış deyil və uzunmüddətli perspektivdə Ermənistanın özünə də zərər verə bilər.
Nəticə etibarilə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin uğurla nəticələnməsi üçün tərəflərin məsuliyyətli davranışı və konstruktiv yanaşması həlledici əhəmiyyət daşıyır. Mövcud tarixi imkanın itirilməsi region üçün yeni risklər yarada bilər.Yanlış və əsassız ritorika qısamüddətli siyasi dividendlər qazandırsa da, uzunmüddətli sülh perspektivinə ciddi zərbə vurur. Bu baxımdan, xüsusilə Ermənistan siyasi elitası sülh gündəliyinə uyğun, daha balanslı və məsuliyyətli mövqe nümayiş etdirməlidir. Sülh gündəliyinin daxili siyasi mübarizənin alətinə çevrilməsi normallaşma dinamikasını zəiflədə və əldə edilmiş etimadı sarsıda bilər. Azərbaycan isə indiyədək olduğu kimi, beynəlxalq hüquqa əsaslanan və regional sabitliyi prioritet hesab edən siyasətini davam etdirir. Lakin bu siyasətin davamlılığı qarşı tərəfin də adekvat davranışından asılıdır.
[1] https://oc-media.org/yerevan-says-release-of-armenian-prisoners-key-to-genuine-reconciliation-with-baku/
[2] Letter to UNSG on war crimes report A-74-676 Eng.pdf


