Cənubi Qafqaz regionu öz tarixinin ən həlledici, eyni zamanda gələcəyə istiqamətlənmiş inkişaf dövrlərindən birini yaşayır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi, uzun illər davam edən və minlərlə insanın həyatına son qoyan münaqişəni başa çatdıraraq regionda yeni geosiyasi vəziyyət formalaşdırıb. Bu gün həm regional, həm də qlobal miqyasda əsas hədəf möhkəm, davamlı, beynəlxalq hüquqa əsaslanan sülhün əldə olunmasıdır. Lakin beynəlxalq təcrübədə sübut olunub ki, sülh təkcə masalar arxasında imzalanan müqavilələrlə, verilən quru bəyanatlarla deyil, dövlətlərin daxili siyasətində və beynəlxalq aktorların bu prosesə verdiyi səmimi töhfələrlə ölçülür. Təəssüflər olsun ki, Azərbaycanın davamlı sülh təşəbbüslərinə baxmayaraq, qarşı tərəfdə və onun bəzi xarici himayədarlarında keçmişin zərərli xülyalarından qopa bilməmək, ləğv edilmiş separatçı rejimin qalıqlarına süni nəfəs vermək və fərqli ictimai təşkilatlar adı altında yenidən təşkilatlandırmaq cəhdləri bu gün də açıq şəkildə müşahidə olunur. Bu cür fəaliyyətlər isə Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə birbaşa olaraq sarsıdıcı zərbə vurur.
Ermənistanın baş naziri Nikol Paşinyanın müxtəlif beynəlxalq tribunalarda və aparıcı platformalarda keçirilən ikitərəfli görüşlərdə dəfələrlə “Qarabağ hərəkatı”nın artıq bitdiyini və yeni siyasi reallıqları qəbul etdiyini bəyan edir. Eyni zamanda, rəsmi İrəvan yekun sülh müqaviləsinin qısa müddətdə imzalanmasına sadiq olduğunu vurğulayır. Lakin rəsmi ritorika ilə ölkə daxilindəki reallıq arasındakı uçurum narahatlıq doğurur. Pərdəarxası məqamlara, gündəlik daxili siyasi proseslərə diqqət yetirdikdə açıq şəkildə görünür ki, Ermənistan daxilində fəaliyyət göstərən müəyyən radikal dairələr separatizm xülyasını gələcək nəsillərə ötürmək, məğlubiyyət sindromunu aqressiv revanşizmə çevirmək üçün sistemli şəkildə işləyirlər. Sülh dövrünün ən böyük təhlükəsi real hərbi toqquşmalar deyil, məhz bu cür ictimai təşkilatlar adı altında aparılan, kütlələrin şüurunu zəhərləyən ideoloji təxribatlardır. Dövlət orqanlarının sülhə zidd addımlara rəsmən şərait yaratması isə siyasi iradənin səmimiyyətini birmənalı olaraq sual altında qoyur.
Mövcud vəziyyətin ən aydın nümunələrindən biri Ermənistanın Ədliyyə Nazirliyinin icazəsi ilə fəaliyyət göstərən “Şuşi Texnoloji Universiteti”dir. Bu qurum fond kimi rəsmi qeydiyyatdan keçib və Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ona bəzi ixtisaslar üzrə diplom vermək üçün lisenziya verib. Məsələnin ən narahatlıq doğuran tərəfi odur ki, bu təşkilat erməni diasporunun, hətta bəzi xarici ölkələrin səfirliklərinin maliyyə dəstəyi ilə təhsil fəaliyyəti ilə yanaşı, təbliğat işi aparır. Fondun bu fəaliyyətlərinə göstərilə biləcək ən bariz nümunə isə aprel ayında ölkənin aparıcı təhsil ocağı olan İrəvan Dövlət Universitetində baş tutub. Belə ki, həmin fondun tələbələrindən biri tərəfindən gənclərə “Artsaxın yolu” adlı provokativ oyunun təqdimatı keçirilib. Qeyd edək ki, bu tip oyunlar vizual və psixoloji təsir vasitəsi kimi gənc nəslin beynini belə utopik, aqressiv və revanşist ideyalarla yumaq, onlarda “itirilmiş ərazilər” kompleksini formalaşdırmaq və gələcəkdə yeni, qanlı münaqişə ocaqlarının yaranmasına münbit ictimai zəmin hazırlamaq məqsədi daşıyır. Məsələnin ən narahatedici tərəfi isə ondan ibarətdir ki, sülh prosesinə zərər vuran bu layihəyə İsveçrənin “Kaza” humanitar fondu dəstək verib.
Revanşizm meylləri və təbliğat kampaniyaları təkcə gənclər arasında deyil, beynəlxalq tədbirlər çətiri altında da həyata keçirilir. Bunun ən bariz nümunəsi 3-4 iyun tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilmiş “Silicon mountains” sammitidir. İnnovasiyalara və rəqəmsallaşmaya hesablanmış elmi-praktik Sammitin builki adı ləğv edilmiş qondarma separatçı rejimin rəmzinə çevrilmiş məşhur “We are our mountains” monumentini xatırladan şüarla təqdim olunub. Qonşusu ilə sülh axtarışında olduğunu iddia edən Ermənistan rəsmilərinin bu provokativ tədbirdə ən yüksək səviyyədə iştirakı isə rəsmi İrəvanın danışıqlardakı mövqeyi ilə bağlı sual doğurur. Belə ki, əgər Ermənistan hakimiyyəti doğrudan da keçmişin qaranlıq səhifələri ilə vidalaşıbsa, o zaman niyə rəsmi şəxslər separatizmin simvolları altında pərdələnmiş tədbirlərdə boy göstərir və onlara legitimlik qazandırırlar? Bu proseslərin sadəcə kiçik bir qrupun təşəbbüsü və ya təsadüf olmadığını, əksinə qlobal miqyasda geniş, çoxşaxəli və vahid mərkəzdən koordinasiya olunan bir şəbəkə tərəfindən idarə edildiyini sübut edən digər təkzibolunmaz bir fakt isə hadisələrin xronoloji uyğunluğudur. Nə qəribə bir təsadüfdür ki, bu sammitin başlanmasından bir gün əvvəl, yəni iyunun 2-də Rusiyanın Yessentuki şəhərində erməni diasporunun təşkilatçılığı ilə “We are our mountains” abidəsinin açılış mərasimi keçirilib.
Bununla yanaşı, bu ardıcıl proseslərin fonunda sülhə təhdid yaradan ən fundamental problem radikal qüvvələrin bilavasitə dövlət səviyyəsində leqallaşdırılmasıdır. Hamıya məlumdur ki, 8 avqust 2025-ci il Vaşinqton razılaşmaları regionda sabitliyin tam və dönməz şəkildə təmin olunması üçün şərait formalaşıb. Ermənistan dövlətinin də revanşist qüvvələrə qarşı sərt mövqe nümayiş etdirməsi, onların hüquqi fəaliyyətini dayandırması gözlənilirdi. Hətta qəbul etmək lazımdır ki, Ermənistan hakimiyyət nümayəndələri revanşist qüvvələrin tam zərərləşdirilməsi ilə bağlı bəyanatlar da veriblər. Lakin acı reallıq budur ki, Ermənistanın Ədliyyə Nazirliyi revanşist təşkilatları sərbəst şəkildə qeydiyyatdan keçirməyə davam edir. Rəsmi qeydiyyat xronologiyasına diqqət yetirək: 1 aprel tarixində “Artsax könüllülər birliyi” ictimai təşkilatı və 23 aprel tarixində “Artsax irsinin qorunması və bərpası fondu” adlı təşkilatlar hüquqi şəxs kimi dövlət reyestrinə daxil edilib. Bu təşkilatların hər biri cəmiyyətləri inteqrasiyaya deyil, yeni ədavətə səsləyən radikal strukturlardır. Sülh müqaviləsi imzalamağa hazırlaşan ölkənin dövlət qeydiyyatından bu cür “ictimai təşkilat”ların keçməsi siyasi riyakarlığın göstəricisidir. Əlavə etmək lazımdır ki, sülh prosesində ən vacib məsələlərdən biri məhz gənclərlə işin aparılmasıdır, çünki əsl və dayanıqlı sülh bilavasitə gələcək nəsillərdən asılıdır. Lakin Ermənistanda bu istiqamətdə ciddi narahatlıq doğuran məqamlar qalmaqda davam edir. Hüquqi don geyindirilərək rəsmi qeydiyyatdan keçən qurumlardan biri olan “Artsax qartalları-komandos” ictimai təşkilatı hazırda gənclərin fiziki və psixoloji cəhətdən radikal, aqressiv ruhda yetişməsi üçün əməli və praktiki fəaliyyət göstərir. Sözügedən qurum qeyri-hökumət təşkilatı adı altında tamamilə açıq şəkildə gənclərə hərbi hazırlıq dərsləri keçir, onlara döyüş taktikalarını, diversiya qaydalarını və odlu silahla davranış bacarıqlarını öyrədir. Özünü beynəlxalq ictimaiyyətə qonşularla dinc yanaşı yaşamaq istəyən sülhpərvər ölkə kimi təqdim etməyə çalışan bir cəmiyyətdə dinc əhaliyə bu cür paramilitar təlimlərin keçirilməsinin hansı məqsədə xidmət etdiyi haqlı suallar doğurur. Bu proses faktiki olaraq Azərbaycan dövlətinə və bütövlükdə regionun təhlükəsizliyinə qarşı gələcəkdə mütləq partlayacaq saatlı bomba effekti yaradır.
Bütün bu ardıcıl, biri digərini tamamlayan və açıq-aşkar anti-Azərbaycan xarakteri daşıyan faktlar silsiləsi sonda tək və dəyişməz bir həqiqəti ortaya qoyur. Bu da separatizm xəstəliyi Ermənistan cəmiyyətinin şüurundan və ən əsası, bəzi dövlət institutlarının fəaliyyət mexanizmindən hələ də tam təmizlənməyib. Dərin narahatlıq doğuran vəziyyət fonunda Azərbaycan dövlətinin sülh müqaviləsi çərçivəsində irəli sürdüyü Ermənistan Konstitusiyası ilə bağlı tələbin nə qədər həyati əhəmiyyətli, tarixi baxımdan haqlı və beynəlxalq hüquq müstəvisində ədalətli olduğu bir daha birmənalı şəkildə öz təsdiqini tapır. Belə ki, Azərbaycan dövlətinin hazırkı sülh müqaviləsi üzrə danışıqlar prosesi çərçivəsində rəsmi şəkildə irəli sürdüyü fundamental tələb heç də sadəcə siyasi kapriz, ya da kiməsə şərt diktə etmək istəyi deyil, bu tələb bütövlükdə regionun gələcək onilliklər üçün təhlükəsizliyinin mütləq qarantıdır. Və nə qədər ki, Ermənistanın Konstitusiyasında, Müstəqillik Bəyannaməsində və onlara əsaslanan digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları hüquqi sənəd kimi qüvvədə qalır, radikal qüvvələr bu sənədlərdən toxunulmazlıq çətiri kimi istifadə edərək qanunsuz əməllərinə daim hüquqi don geyindirəcəklər. Bu səbəbdən Azərbaycan haqlı olaraq yarımçıq, kövrək, vaxt qazanmağa hesablanmış bir kağız parçası deyil, təməli sağlam və hüquqi cəhətdən qüsursuz bir sülh tələb edir və ətrafda cərəyan edən son hadisələr Azərbaycanın bu prinsipial mövqeyinin alternativsizliyini bütün aydınlığı ilə təsdiqləyir.
https://www.eurasiareview.com/23062026-the-hidden-obstacles-to-peace-oped/


