BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM nümayəndə heyəti AQEM Beyin Mərkəzi Forumunun 12-ci toplantısında iştirak edib

2024-10-24 12:31

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və aparıcı məsləhətçi Roza Bayramlı oktyabrın 24-25 tarixlərində Çinin Şanxay şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzi Forumunun “Çoxqütblü dünyada Asiyanın yeni rolu” mövzusundakı 12-ci toplantısında iştirak ediblər.

 “Asiya perspektivindən çoxqütblü dünyanın inkişafı” mövzusunda keçirilən birinci paneldə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra hər zaman çoxtərəflilik və beynəlxalq hüququn aliliyinə dəstəyini ifadə etməsinə diqqət çəkdi.

AQEM Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının 2024-2026-cı illər üzrə AQEM sədri seçilməsinə toxunan F.Şəfiyev sədrlik çərçivəsində Azərbaycan 2024-cü ildə Xarici İşlər Nazirlərinin toplantısına, 2026-cı ildə isə Dövlət və Hökumət başçılarının Zirvəsinə ev sahibliyi edəcəyini qeyd etdi.

Cari geosiyasi böhranlar fonunda Xəzər regionunun əhəmiyyətinin daha da artmasından bəhs edən BMTM sədri bildirdi ki, region ölkələri ənənəvi olaraq geosiyasi aktorlara münasibətdə balanslı yanaşmalar sərgiləyiblər, lakin son dövrlər bəzi qlobal və regional güclər Xəzər regionu ölkələrini seçim qarşısında qoymağa çalışırlar.

“Bu siyasət zərərli və qeyri-konstruktivdir”.

F.Şəfiyev beynəlxalq hüququn fundamental prinsiplərinin qlobal güclər tərəfindən pozulması nəticəsində dünya düzəninin daha həssas və parçalanmış vəziyyətə gəldiyini bildirdi.

Azərbaycan-Çin əməkdaşlığına toxunan F.Şəfiyev 2024-cü ilin iyulunda tərəflər arasında imzalanmış “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”ni dönüş nöqtəsi olaraq adlandırdı. Onun sözlərinə görə, Azərbaycan Çinlə əməkdaşlığını ikitərəfli müstəvi ilə yanaşı, həm də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində dərinləşdirir.

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafının Azərbaycan xarici siyasətinin prioritetlərindən olduğunu deyən F.Şəfiyev bu əməkdaşlığın əsasən Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirildiyini, ölkələr arasında sıx siyasi, iqtisadi əməkdaşlıqla yanaşı, alternativ enerji, eləcə də informasiya texnologiyaları sahələrində münasibətlərin dərinləşdirildiyinə diqqət çəkdi.

“AQEM-də yüksələn güclər” mövzusunda yanaşı tədbirdə çıxış edən BMTM-in aparıcı məsləhətçisi Roza Bayramlı xarici siyasət və təhlükəsizlik sferalarında gender məsələlərinə, sözügedən sahələrdə qadın təmsilçiliyində balansın pozulmasına diqqət çəkdi.  R. Bayramlı qeyd etdi ki, Parlamentlərarası İttifaq tərəfindən 2020-ci ildə aparılmış sorğuya əsasən, 190 ölkədən cəmi 60-da qadınlar xarici işlər naziri vəzifəsində çalışıblar.

BMTM-in eksperti, həmçinin qadınların sülhyaratma fəaliyyətlərinə cəlb edilməsinin vacib olduğunu vurğuladı.

“Bu faktor davamlı və effektiv sülh danışıqlarının əsas elementlərindəndir”,-deyə R. Bayramlı əlavə etdi.

Qeyd edək ki, Beynəlxalq Araşdırmalar üzrə Şanxay İnstitutunun təşkilatçılığı ilə keçirilən toplantıda AQEM-ə üzv dövlətlərdən ekspertlər, rəsmilər iştirak ediblər.

Müəllifin son məqalələri

13 Dekabr 2024 - 16:39

BMTM və XİN-in birgə təşkilatçılığı ilə “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim keçirilib

11 Dekabr 2024 - 12:27

ERMƏNİ MİLLƏTÇİ İRREDENTİZMİ VƏ QARABAĞ MÜHARİBƏLƏRİ

10 Dekabr 2024 - 15:35

“Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib