BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM nümayəndə heyəti Groningen Universiteti tərəfindən təşkil edilən tədbirdə iştirak edib

2024-09-04 15:51

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti Niderlandın Groningen Universiteti tərəfindən təşkil edilən “Regionlararası əməkdaşlıq: İqlim dəyişikliyi, bərpaolunan enerji sahəsində çağırışlar və Aİ, Mərkəzi Asiya və Cənubi Qafqazda imkanlar” mövzusundakı tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan-Azərbaycan normallaşma prosesi və Cənubi Qafqaz regionunda yaranmış geosiyasi vəziyyət barədə məlumat verdi.

Ermənistan və Azərbaycan arasındakı son proseslərə toxunan F. Şəfiyev Azərbaycanın sülh gündəminə sadiq olduğunu və Ermənistanla sülh müqaviləsinin imzalanması üzərində fəal şəkildə çalışdığını vurğuladı. O qeyd etdi ki, Azərbaycan danışıqlar prosesində ikitərəfli təmaslara üstünlük verir, çünki bu təcrübə nəticə-yönümlüdür:

“Regional məsələlərə üçüncü tərəflərin müdaxiləsi təkcə Ermənistan-Azərbaycan münasibətlərinə deyil, həm də bütövlükdə regiona mənfi təsir edir və bu təsirlər region sərhədlərini də aşır”.

Ermənistanın silahlandırılması mövzusuna toxunan BMTM-in İdarə Heyətinin sədri bu kampaniyanın qeyri-məhsuldar olduğunu və yeni gərginliklərə səbəb ola biləcəyini diqqətə çatdırdı.

F. Şəfiyev Azərbaycanın türk dünyası və Mərkəzi Asiya ölkələri ilə artan qarşılıqlı əlaqəsinə də diqqət çəkdi. Onun sözlərinə görə, bu tərəfdaşlıqlar Yaxın Şərq və Ukraynada yaşanan böhranlar fonunda ümumilikdə beynəlxalq arxitekturanın təhlükəsizliyinə töhfə verəcək.

BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev Azərbaycan tərəfindən reallaşdırılan yaşıl enerji layihələri barədə məlumat verdi. Ölkəmizin  BP, BƏƏ-nin Masdar, ADNOC, Səudiyyə Ərəbistanının ACWA Power, Çinin China Gezhouba Group Overseas Investment  və Yaponiyanın TEPSCO şirkətləri ilə tərəfdaşlıqlarına toxunan Ş. Hacıyev vurğuladı ki, bütün bu təşəbbüslər Azərbaycanın ətraf mühitin mühafizə və iqlim fəaliyyətlərinə sadiqliyini nümayiş etdirir:

“Yaşıl enerji təşəbbüslərinin davamı olaraq Azərbaycan Gürcüstan, Macarıstan, Rumıniya ilə birlikdə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi ilə bağlı razılaşma imzalayıb. Bu yaşıl enerji layihəsi Cənubi Qafqazı Cənubi-Şərqi Avropa ilə birləşdirəcək və “yaşıl enerji dəhlizi” funksiyasını icra edəcək. Əlavə olaraq, bu, yaxın gələcəkdə Mərkəzi Asiyadan bərpaolunan enerji mənbələrini də ehtiva edəcək”.

Ş. Hacıyev, həmçinin COP29-a ev sahibliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri üçün davamlı inkişafın təşviqi və yaşıl enerjiyə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Groningen Universiteti tərəfindən təşkil edilən tədbirdə gələcək enerji siyasəti, regional əməkdaşlıq və davamlı inkişaf məsələləri əsas müzakirə mövzuları olub.

Müəllifin son məqalələri

23 Sentyabr 2024 - 13:16

AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ - AVQUST 2024

04 Sentyabr 2024 - 15:51

BMTM nümayəndə heyəti Groningen Universiteti tərəfindən təşkil edilən tədbirdə iştirak edib

02 Sentyabr 2024 - 12:42

BMTM-də Malayziya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib