Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Orxan Bağırovun “Suveyş kanalının bağlanması Orta Koridorun əhəmiyyətini ortaya qoydu” başlıqlı məqaləsi Aİ-nin nüfuzlu “Modern Diplomacy” portalı tərəfindən çap edilib.
Məqalədə Süveyş kanalının yük gəmilərinə bağlaması nəticəsində yaranan böhranın Orta Koridorun əhəmiyyətini artırmasından bəhs olunur. Məqalədə qeyd edilir ki, Süveyş kanalında yaşanan böhran beynəlxalq yükdaşımaların bu marşrutdan asılılığının formalaşdırdığı risklər barədə suallar yaradıb: “Ona görə də bir sıra dövlətlər bu marşruta alternativ ola biləcək marşrutları təklif və təbliğ etməyə başladılar. Belə ki, Rusiya tərəfindən Süveyş kanalından keçən yola alternativ kimi Şimal Dənizi marşurtu, İran tərəfindən isə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi irəli sürüldü”. Müəllif hesab edir ki, Suveyş kanalına alternativ yola çevrilmək imkanlarına malik olan əsas yol Trans-Xəzər Şərq-Qərb-Orta Koridor Təşəbbüsü, qısa olaraq Orta Koridordur. Ona görə ki, bu yol həm ənənəvi nəqliyyat yolları, həm də təklif edilən alternativlər ilə müqayisədə bir sıra üstünlüklərə malikdir: “Trans-Sibir Dəmiryolu ilə müqayisədə Orta Koridor 2 min km qısadır və daha əlverişli iqlimə malik olan ərazilərdən keçir. Ənənəvi dəniz yolu ilə müqayisədə isə bu marşurtla yükləri Çindən Avropaya 3 dəfə daha az müddətə çatdırmaq mümkündür. Təklif edilən alternativ yollara gəldikdə isə Şimal Dənizi marşurtu ilin böyük hissəsi qarla örtülü olur və bu marşurt üzrə yükdaşımalar üçün xüsusi təyinatlı gəmilərə ehtiyac var. Şimal-Cənub Nəqliyyat Dəhlizi isə Suveş kanalına birbaşa rəqib ola bilməz. Ona görə ki, bu dəhliz Suveyş kanalı kimi Şərqi Asiyanı Avropa ilə deyil, Hind Okeanı və Fars Körfəzini Şimali Avropa ilə əlaqələndirmək üçün nəzərdə tutulub. Şimal-Cənub dəhlizi yalnız Orta Koridora inteqrasiya olunduğu halda Suveyş kanalı üçün alternativə çevrilə bilər. Ona görə də Orta Koridorun malik olduğu üstünlüklər və digər alternativlərin çatışmaz tərəfləri Orta Koridoru Suveyş kanalından keçən marşurt üçün ən yaxşı alternativə çevirir”.