Hazırda Azərbaycanda Ermənistanın işğalı və Azərbaycana qarşı qanunsuz hərəkətləri ilə bağlı mühüm məhkəmə prosesi davam edir. Azərbaycan torpaqlarının işğalından əvvəl və işğal dövründə qanunsuz fəaliyyətlərinə görə 15 nəfər mühakimə olunur. İşğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni qurumun “prezidenti” və “naziri” vəzifələrində çalışmış bu şəxslər 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra həbs ediliblər.
Onlara qarşı 1987-ci ilin oktyabrından 2024-cü ilin 22 aprelinədək müharibənin planlaşdırılması və həyata keçirilməsi, soyqırımı, qırğınlar, quldarlıq, insanların öz torpaqlarından məcburi qovulması, işgəncələr, qanunsuz həbslər, terrorizm, terrorizmə maliyyə dəstəyi, hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun devrilməsi və digər cinayətlər üzrə 1389 iş tərtib edilərək məhkəməyə təqdim edilib.
Məhkəmə prosesi müəyyən edib ki, bu şəxslərin qanunsuz hərəkətləri nəticəsində Azərbaycana 100 milyard dollardan çox ziyan dəyib, on minlərlə mülki şəxs və hərbçi həyatını itirib, ətraf mühitə ciddi ziyan dəyib.
Cinayət məsuliyyətindən yayınma
Azərbaycan Baş Prokurorluğu bu cinayətlərdə şübhəli bilinən şəxslər və digər şahidlərlə bağlı Ermənistan Respublikasının müvafiq qurumlarını əməkdaşlığa dəvət etsə də, Ermənistandan bu günə qədər heç bir müsbət cavab alınmayıb. Çünki işğal dövründə Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətə görə cavabdeh olan bir çox şəxslər Ermənistanda qalıb. Bu şəxslərin bir çoxu Ermənistan vətəndaşları olsalar da, cinayətlər Azərbaycan torpaqlarında baş verib. Ermənistan nəinki bu cinayətlərə görə onları təqib etməkdən çəkinir, həm də bu məsələdə Azərbaycanın məhkəmə orqanları ilə əməkdaşlıqdan yayınır.
Bütün təqsirləndirilən şəxslər bəşəriyyətə qarşı ağır cinayətlər törətməkdə ittiham olunsalar da, iki şəxs xüsusilə seçilir. Həbs olunanlardan biri də 2022-ci ilin sentyabrında Rusiyadan Qarabağa Rusiya sülhməramlılarının nəzarətində olan Laçın yolu ilə gəlmiş milyarder Ruben Vardanyandır. Onun gəlişi Rusiyanın bölgədəki siyasi proseslərə təsir etmək istəyinin göstəricisi kimi qiymətləndirilib. Prokurorlar onu yüksək rütbəli Azərbaycan məmurlarına sui-qəsdin təşkilində günahlandıraraq, “Nemesis 2.0 əməliyyatı” hazırlamaqda ittiham ediblər. “Nemesis” adı I Dünya Müharibəsindən sonra Osmanlı və Azərbaycan liderlərinə qarşı sui-qəsdlər həyata keçirən Ermənistan İnqilabi Federasiyasının rəhbərlik etdiyi əməliyyata aiddir. 2020-ci ildə Qarabağ müharibəsi zamanı Azərbaycanın Livandakı səfirliyi və onun Los-Ancelesdəki konsulluğu radikal erməni diasporunun hücuma məruz qalıb.
İkinci diqqət çəkən şəxs İkinci Qarabağ müharibəsi zamanı qanunsuz xunta rejiminə rəhbərlik etmiş Araik Arutyunyandır. O, Azərbaycanın Gəncə və Bərdə kimi şəhərlərinin bombalanmasına göstəriş verməkdə ittiham olunur. Bu əməllərlə bağlı Arutyunyan özü də açıq etiraf edib. Oktyabrın 4-də Gəncəyə ilk raket hücumundan sonra o, azərbaycanlılara xəbərdarlıq edərək şəhəri boşaltmağa çağırıb.
Ermənistanın məsuliyyəti
Bu məhkəmə işini əhəmiyyətli edən, həbs edilmiş şübhəlilərin törətdiyi iddia edilən ayrı-ayrı cinayətlərin araşdırılması ilə yanaşı, Ermənistan dövlətini məsuliyyətə cəlb edə biləcək mümkün nəticələrin olmasıdır. Azərbaycan Baş Prokurorluğu proseslə bağlı ilkin bəyanatında bildirib: “Ermənistan Respublikasının birbaşa və tam dəstəyi ilə Azərbaycan Respublikası ərazisində yaradılmış saxta “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz qüvvələrinin Azərbaycana qarşı qanunsuz fəaliyyəti ilə bağlı material məhkəməyə göndərilib”.
Bu bəyanat o deməkdir ki, Azərbaycan Baş Prokurorluğu təkcə həbs edilmiş şəxslərin deyil, həm də Ermənistan Respublikasının hərəkətlərinə görə birbaşa məsuliyyət daşıdığını irəli sürür. Azərbaycanda məhkəmə prosesi davam etdiyi zamanda Ermənistan parlamentinin spikeri Alen Simonyanın verdiyi “Qarabağ erməniləri Ermənistan Respublikasının verdiyi silahlarla döyüşmək əvəzinə bölgəni tərk etdilər” açıqlaması Ermənistan dövlətinin məsələdə iştirakını və məsuliyyətini bir daha sübut edir.
Alen Simonyanın bəyanatı bu səpkidəki ilk bəyanat deyil. Alen Simonyandan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın və digər Ermənistan rəsmilərinin bəyanatlarında bu qarşılıqlı əlaqəyə işarə edən əsaslı sübutlar səsləndirilmişdi. Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycan işğal edilmiş ərazilərdəki de fakto struktura Ermənistanın birbaşa rəhbərlik etdiyi və göstərişlərini İrəvandan almasına dair kifayət qədər sübut toplayıb.
İkinci Qarabağ müharibəsi zamanı mülki insanların həlak olması ilə nəticələnən Bərdə və Gəncəyə raket hücumlarının sifarişçisi, həbs edilən şəxslərdən Araik Arutyunyan məhkəməyə ifadəsində bu sözləri deyib: "Azərbaycan xalqı arasında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərarı mən verməmişəm... Mənim buna səlahiyyətim yoxdur". Təbii ki, Arutyunyanın açıqlaması Gəncə və Bərdəyə əslində kimin raket zərbələri endirmək əmrini verməsi ilə bağlı suallar yaratdı.
Hərbi ekspertlərin fikrincə, İkinci Qarabağ müharibəsi zamanı Gəncə və Bərdə şəhərlərinə buraxılan “Skud”, “Toçka-U” və “Smerç” də daxil olmaqla ballistik raketlər yalnız erməni baş komandanının icazəsi ilə buraxıla bilərdi. Mətbuatda gedən xəbərlərdə deyilir ki, müharibə zamanı işğal olunmuş ərazilərdə Azərbaycan silahlı qüvvələri tərəfindən 5 ədəd “Smerç” raket kompleksi vurulub və bu raketlər ancaq Ermənistanın baş komandanının razılığı ilə Azərbaycan sərhədlərini keçə bilərdi. Bundan əlavə, Azərbaycan ordusu bu raketlərin bir qismini Ermənistan sərhədləri daxilində məhv edərək, bu raketlərin Ermənistan ərazisindən buraxıldığını beynəlxalq ictimaiyyətə nümayiş etdirən videogörüntülər yayıb. Hətta Şuşanın azad edilməsi zamanı Azərbaycan əsgərlərini kütləvi şəkildə tələf etmək məqsədilə şəhərə “İsgəndər-E” raketi atılıb, lakin bu, uğursuz yekunlaşıb.
*Məqalənin tam versiyası ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.dailysabah.com/opinion/op-ed/trial-of-separatists-and-responsibility-of-armenia