BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Aircenter

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu İldönümünə həsr olunmuş konfrans keçirilib

2022-05-13 15:42

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə "Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu İldönümü" adlı konfrans keçirilib. Konfransın açılışında çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasında strateji əlaqələr  hər zaman mövcud olub və o, Şuşa Bəyannaməsini iki ölkə arasında tarixi əlaqələrin növbəti mərhələsi adlandırıb. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında əlaqələrin inkişafı üçün bir sıra strateji addımlar atılıb: "Hazırda Cənubi Qafqaz ətrafında gərgin geosiyasi vəziyyət hökm sürür. Bu proseslər bizi sövq edir ki, Türkiyə ilə daha sıx əməkdaşlıq edək. Hazırki vəziyyətdə regional əməkdaşlığa yeni baxış lazımdır.  Yeni geosiyasi fonda yeni imkanlar yaranıb. Azərbaycan qazına yeni maraq oyanıb, Orta Dəhlizinin əhəmiyyəti yüksəlib".

Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş deyib ki, 30 il ərzində Türkiyə-Azərbaycan əlaqələri hər sahədə inkişaf edərək dünyada nümunəsi olmayan səviyyəyə çatıb. Onun sözlərinə görə,  Vətən müharibəsi və sonradan Şuşa Bəyannaməsinin imzalanması  ilə iki ölkə qardaşlığına bütün dünya şahid olub. Ufuk Ulutaş Qarabağ məsələsinə də toxunaraq bu münaqişənin həllinin tək Azərbaycan deyil, bütün Cənubi Qafqaza rifah gətirəcəyini vurğulayıb. O həmçinin əlavə edib ki, iki ölkə arasında iqtisadi əlaqələr bütün dünyaya örnəkdir və xüsusilə enerji əlaqələri regionun inkişafına təkan verir. "Məqsədimiz bölgəni enerji mərkəzinə çevirməkdir",- deyə SAM direktoru qeyd edib. 

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı regionda formalaşan yeni reallığın ölkələri yeni siyasətin irəli sürülməsinə sövq etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra son 30 ildə əlaqələr dərinləşib, genişlənib. Səfir əlavə edib ki, Şuşa Bəyannaməsi 30 il sonra Qars müqaviləsini  taclandıran vacib sənəddir. Cahid Bağçı Qarabağ məsələsinə də toxunaraq deyib ki, Türkiyə bütün beynəlxalq platformalarda Azərbaycanın yanında olub. O əlavə edib ki, iki ölkə əl-ələ verib beynəlxalq ictimaiyyətin təmin edə bilmədiyi ədaləti təmin edib və  bu prosesdə Türkiyə Azərbaycana diplomatik və mənəvi dəstək verib.

 Daha sonra 2 hissədən ibarət panel müzakirələri baş tutub.

BMTM-in şöbə müdiri Cavid Vəliyevin moderatorluğu və Türkiyə XİN Diplomatik Akademiyasının sədri Məsud Özcan, QAFSAM-ın sədri Araz Aslanlı, İRAM-ın direktoru Hakkı Uygur, Xəzər Universiteti, Tarix və Arxeologiya Departamentinin müdiri Telman Nüsrətoğlunun iştirakı ilə birinci paneldə Türkiyə və Azərbaycan arasında siyasi və hərbi münasibətlər, AMEA, İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovun moderatorluğu və  Ankara Sosial Elmlər Universitetinin müəllimi Murad Yeşiltaş, BMTM-də aparıcı məsləhətçi Şahmar Hacıyev, Türkiyənin Azərbaycandakı Səfirliyinin ticarət müşaviri Əhməd Erdal və AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri Fuad Qəmbərovun iştirakı ilə 2-ci paneldə isə enerji, nəqliyyat və iqtisadi münasibətlər müzakirə olunub.

Müəllifin son məqalələri

10 Avqust 2023 - 14:16

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı (4-cü cild, 1-ci Sayı, Yay buraxılışı, 2023-ci il) işıq üzü görüb

21 İyul 2022 - 15:08

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb

20 İyul 2022 - 19:46

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib