BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Qlobal böhranlar fonunda Stoltenberqin Cənubi Qafqaz səfəri

2024-03-27 09:27

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin “Qlobal böhranlar fonunda Stoltenberqin Cənubi Qafqaz səfəri”  sərlövhəli məqaləsi nüfuzlu “Daily Sabah” nəşrində dərc edilib.

Cavid Vəliyev qeyd edir ki, NATO Baş katibi Yens Stoltenberqin 3 günlük Cənubi Qafqaz səfəri vacib regional və qlobal çağırışlar fonunda (Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin münaqişəsi və Azərbaycan-Ermənistan arasında davam etməkdə olan sülh danışıqları) baş tutub.

NATO-nun 2023-cü il hesabatına diqqət çəkən müəllif bildirir ki, sənəddə xüsusi bölmə alyansın Cənubi Qafqaz ölkələrlə münasibətlərinə həsr edilib:

“Hesabat NATO-nun hər üç tərəfdaşının ərazi bütövlüyü, siyasi müstəqillik və suverenliyinə dəstəyini ifadə edib”.

NATO Baş katibinin Azərbaycana səfərinin detallarına toxunan Cavid Vəliyev burda 3 əsas istiqamətin olduğunu qeyd edir:

“Ukaynaya humanitar yardım, Azərbaycanın NATO üzv dövlətlərinin enerji təhlükəsizliyinə töhfəsi və Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması. Stoltenberqin sözlərinə görə, Ukrayna ətrafında vəziyyət olduqca vacibdir və müharibənin nəticəsi Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyi ilə də yaxından əlaqəlidir.  Azərbaycan əvvəldən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və humanitar yardımla təmin edib.  NATO-nun Vilnüs sammitində qəbul edilmiş kommünikeyə əsasən, enerji təhlükəsizliyi ümumi təhlükəsizlik kontekstində vacib rol oynayır. Enerji böhranı stabil, dayanıqlı enerji təchizatının vacibliyini, marşrutların, təchizatçıların və mənbələrin diversifikasiyasının əhəmiyyətini önə çəkir. Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində, Stoltenberq Azərbaycandan gələn təbii qazın müttəfiqlər üçün əhəmiyyətini izah edib. Azərbaycan alternativ enerji mənbəyidir. Belə ki, 6 NATO ölkəsi (Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstan) Azərbaycandan qaz idxal edir. Dövlətlər üçün enerji asılılığının səbəb olduğu siyasi nəticələri nəzərə aldıqda demək olar ki, enerji diversifikasiyası NATO-nun təhlükəsizliyində mühüm rola malikdir. 2022-ci ilin iyulunda Avropa İttifaqı ilə imzalanan müqaviləyə əsasən, Azərbaycan Avropaya ixrac ediləcək təbii qazın həcmini 2027-ci ildə 20 milyard kubmetrə çatdıracaq”.

Cavid Vəliyev diqqətə çatdırır ki, Azərbaycanın NATO-nun enerji təhlükəsizliyində oynadığı rol təkcə təbii qaz ixracı ilə məhdudlaşmır. Azərbaycanın bərpaolunan enerji imkanları ölkənin bu istiqamətdəki rolunu bir qədər də gücləndirir.

“Dövlət İnformasiya Agentliyinə müsahibəsində Stoltenberq bildirir ki, NATO və Azərbaycan arasında əməkdaşlıq barədə yeni çərçivə sənədi ilə bağlı iş aparılır. Onun sözlərinə görə, bu çərçivə sənədinin məqsədi Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına adaptasiyasıdır. NATO hesab edir ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələri arasında sıx əməkdaşlıq Azərbaycanın NATO ilə əlaqələrinin dərinləşməsinə böyük töhfə verəcək".

NATO-nun Ermənistan və Gürcüstanla cari münasibətlərinə toxunan müəllif qeyd edir ki, İrəvan Rusiya ilə olan ənənəvi tərəfdaşlığı Qərbə doğru dəyişir. Gürcüstan isə NATO üzvlüyünə müraciət edən yeganə ölkədir.

Yekunda C. Vəliyev qeyd edir ki, NATO-nun Azərbaycan üçün müəyyənləşdirdiyi əsas gündəlik enerji, Ermənistan üçün ölkənin Rusiya təsir zonasından uzaqlaşdırılması, Gürcüstan üçün isə tam üzvlüyə nail olmaq üçün siyasi islahatlar aparılmasıdır.

“Stoltenberqin Cənubi Qafqaz səfərinin gündəliyində duran vacib məsələlərdən biri Ermənistan-Azərbaycan sülh prosesinin dəstəklənməsi idi. Qərb sülh prosesində fəal rol oynamaq istəyir. Lakin bəzi Qərb liderləri sülh prosesində Ermənistanın irəli sürdüyü tezisləri dəstəklədiyi halda, Stoltenberq NATO-nun sırf sülh prosesini dəstəklədiyini bəyan etdi”.

https://www.dailysabah.com/opinion/op-ed/stoltenbergs-visit-to-south-caucasus-amid-global-turmoil

 

Müəllifin son məqalələri

29 Aprel 2024 - 17:20

Azərbaycan və Ermənistan arasında növbəti razılıq

19 Aprel 2024 - 16:55

Rusiya sülhməramlılarının Qarabağdakı mübahisəli mövcudluğu bitdi

28 Mart 2024 - 16:59

Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı Avropa İttifaqında fikir ayrılığı