BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

44 günlük müharibədən altı il sonra; Sülhün hüquqi təmələ ehtiyacı var

2026-11-11 15:04

BMTMM-in şöbə müdiri Vasif Hüseynovun müəllifi olduğu “44 günlük müharibədən altı il sonra: Sülhün hüquqi təmələ ehtiyacı var” sərlövhəli məqalə LINKS Europe Foundation” beyin mərkəzinə bağlı “Commonspace” nəşrində dərc edilib.

Məqalədə qeyd edilir:

“Bu həftə Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı Zəfərin altıncı ildönümünü qeyd edir. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla başa çatan 44 günlük müharibə təxminən otuz il ərzində işğal altında olmuş ərazilər üzərində Azərbaycanın suverenliyinin bərpasını təmin etmiş və bütövlükdə Cənubi Qafqazda regional nizamı əsaslı şəkildə dəyişdirmişdir. Aradan altı il keçdikdən sonra artıq əsas məsələ münaqişənin yenidən alovlanmasının mümkün olub-olmaması deyil. Əsas məsələ Bakı və İrəvanın hazırda mövcud olan de-fakto sülh vəziyyətini davamlı və hüquqi cəhətdən məcburi xarakter daşıyan yekun razılaşmaya çevirə bilib-bilməyəcəyidir.

Ehtiyatlı nikbinlik üçün əsaslı səbəblər mövcuddur. 2025-ci ilin avqust ayında Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Sazişin mətnini paraflamışlar. Həmin sazişin ilk maddələrində tərəflər bir-birinə qarşı ərazi iddialarının olmadığını və gələcəkdə də belə iddialar irəli sürməyəcəklərini təsdiq edirlər. Həmin vaxtdan etibarən sərhəddə sabitlik qorunub saxlanılmış, ticarət əlaqələrinin bərpasına başlanılmış, Azərbaycan rəsmiləri isə münasibətlərin hazırkı vəziyyətini açıq şəkildə “real sülh” kimi səciyyələndirmişlər. Ermənistan hökuməti də öz növbəsində sazişin imzalanmasını dəfələrlə ən yüksək prioritetlərindən biri kimi bəyan etmişdir.

Lakin bir ildən artıq vaxt keçməsinə baxmayaraq, saziş hələ də imzalanmamışdır. Bunun əsas səbəbi isə hamıya məlumdur: Ermənistan Respublikasının Konstitusiyası.

Ermənistan Konstitusiyasının preambulasında 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad olunur. Öz növbəsində, həmin Bəyannamə Ermənistan SSR Ali Sovetinin və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) qondarma Milli Şurasının 1989-cu il dekabrın 1-də qəbul etdikləri “birləşdirilmə” haqqında birgə qərara açıq şəkildə istinad edir. Bu istinadlar zənciri vasitəsilə Ermənistan dövlətinin təsis sənədi beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan torpaqlara dair iddia ilə hüquqi bağlılığını qoruyub saxlayır.

İrəvan bu istinadın heç bir hüquqi qüvvəyə malik olmadığını iddia edir və Ermənistan Konstitusiya Məhkəməsinin 2024-cü ildə qəbul etdiyi qərara istinad edir. Lakin məhkəmənin hüquqi şərhi sonradan başqa məhkəmə tərəfindən yenidən nəzərdən keçirilə, hökumətin verdiyi siyasi təminatlar isə onu əvəz edən növbəti hökumət tərəfindən dəyişdirilə bilər. Nəsillər boyu qüvvədə qalması nəzərdə tutulan sülh sazişi hüquqi şərhlərə deyil, konkret və birmənalı mətnə əsaslanmalıdır.

Ermənistan Konstitusiyasının preambulası dəyişdirilmədiyi təqdirdə, gələcəkdə İrəvanda hakimiyyətə gələcək istənilən hökumət həmin müddəaya istinad edərək sazişin legitimliyini şübhə altına ala bilər. Bundan əlavə, sazişin ratifikasiyadan əvvəl konstitusiyaya uyğunluğunu yoxlamalı olan Ermənistan Konstitusiya Məhkəməsi onun ölkənin Əsas Qanununa zidd olduğu qənaətinə gələ bilər.

Bakı bu məsələdə də öz mövqeyini aydın şəkildə ifadə etmiş və konstitusiya dəyişikliyinin hansı formada həyata keçirilməsini müəyyənləşdirmədiyini bildirmişdir. Ermənistanın yeni konstitusiya qəbul etməsi və ya başqa hüquqi mexanizmdən istifadə etməsi onun öz qərarıdır. Əsas məsələ nəticədir: Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilə bilən müddəaların hüquqi sənədlərdən rəsmi qaydada çıxarılması”.

*Məqalənin ingilis dilində dərc edilmiş tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.commonspace.eu/opinion/opinion-six-years-after-44-day-war-peace-needs-legal-foundation

Müəllifin son məqalələri

11 Noyabr 2026 - 15:04

44 günlük müharibədən altı il sonra; Sülhün hüquqi təmələ ehtiyacı var

21 Oktyabr 2026 - 15:08

Sülh, yoxsa münaqişə? “The Nation” nəşrinə cavab

21 Oktyabr 2026 - 09:36

Əliyev doktrinası: Azərbaycan dünyəvi kimliyini siyasiləşdirilmiş dindən necə qoruyur