BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Rutin səfər və onun doğurduğu diqqətçəkən reaksiya

2026-09-18 12:13

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən təxminən 150 nümayəndəsi ölkəmizin Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər etdi. Səfər iştirakçıları Şuşa və Xankəndi şəhərlərinə, habelə Gəncəsər və Xudavəng monastırları da daxil olmaqla, bir sıra tarixi abidələrə baş çəkiblər.

Diplomatik praktikanın qəbul olunmuş və adi normaları baxımından bu, tamamilə sıradan bir tədbir idi. Xarici dövlətlərin diplomatik nümayəndəlikləri akkreditə olunduqları suveren dövlətin müxtəlif bölgələrinə mütəmadi olaraq səfərlər edirlər. Heç bir dövlət öz ərazisini diplomatik tərəfdaşlarına təqdim etmək və nümayiş etdirmək üçün qonşu dövlətin paytaxtından icazə almır.

Ermənistanda bundan sonra baş verənlər isə heç də adi deyildi. Parlament üzvləri, hökumətə yaxın şərhçilər, media qurumları və diaspor təşkilatları səfəri pisləyən genişmiqyaslı reaksiyalarla çıxış edərək bunu “etnik təmizləməni legitimləşdirmək” cəhdi kimi qiymətləndirdilər, diplomatları səfəri boykot etməyə çağırdılar və İrəvanın ən azı kağız üzərində kənara qoyduğu “Artsax” məsələsi ilə bağlı ritorikanı yenidən gündəmə gətirdilər.

Bu reaksiyaya diqqət yetirmək lazımdır. Bunun səbəbi onun Qarabağda vəziyyəti faktiki olaraq dəyişdirməsi deyil. Qarabağ Azərbaycanın suverenliyi altında yerləşir və beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınır. Əsas məsələ bu reaksiyanın Ermənistanın bəyan etdiyi sülh siyasəti ilə ölkə daxilində müşahidə olunan siyasi reflekslər arasındakı fərqi üzə çıxarmasıdır.

Ermənistan, o cümlədən 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanmış sülh müqaviləsinin mətnində dəfələrlə bəyan edib ki, Azərbaycanın sovet dövründən qalma inzibati sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır və bu sərhədlərə Qarabağ da daxildir. Əgər bu tanıma səmimidirsə, akkreditə olunmuş diplomatların Azərbaycanın ərazisinə səfəri məntiqi baxımdan siyasi səfərbərlik tələb edən bir qalmaqal kimi qəbul edilə bilməz. Dövlət eyni zamanda müəyyən bir sərhədi qəbul etdiyini bəyan edirsə, həmin sərhədlər daxilində suverenlik hüquqlarının adi qaydada həyata keçirilməsini hiddət doğuran hadisə kimi qiymətləndirə bilməz.

Bu ziddiyyətin parlamentdə, dövlətə yaxın mediada, habelə hökumətlə əlaqəli beyin mərkəzlərini və diaspor qurumlarını təmsil edən siyasi ekspertlər arasında təkrarən üzə çıxması onu göstərir ki, kağız üzərində ifadə olunan tanıma hələ praktikada tam qəbul edilməyib. Sülhün qarşısındakı əsas maneə hər hansı xarici diplomatın səfəri deyil, məhz bu uçurumdur.

Bu proses davam edərsə, onun nəyə gətirib çıxara biləcəyini açıq şəkildə demək lazımdır. İstənilən sülh prosesi hər iki tərəfin açıq və ya dolayı şəkildə keçmiş münaqişənin hesabını aparmağa son qoymaq barədə razılığa gəlməsindən asılıdır. Azərbaycan böyük ölçüdə bunu artıq edib.

2020-ci il müharibəsindən və 2023-cü ildə Qarabağ üzərində tam suverenliyin bərpasından sonra Bakı diqqətini münaqişənin tarixini mövcud olan hər bir beynəlxalq platformada yenidən gündəmə gətirməkdənsə, əsasən regionun yenidən qurulmasına, “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkün ailələrinin doğma yurdlarına qayıdışına və hazırda dünyada həyata keçirilən ən genişmiqyaslı minalardan təmizləmə əməliyyatlarından birinə yönəldib.

Bununla yanaşı qeyd edilməlidir ki, işğal dövründə və bəzi sənədləşdirilmiş hallarda 2020-ci il atəşkəsindən sonra basdırılmış minalar səbəbindən azərbaycanlı minaaxtaranlar və mülki şəxslər, o cümlədən uşaqlar hələ də həlak olur və ya ağır xəsarətlər alırlar. Bu itkilərin səbəblərindən biri kimi Ermənistanın minalanmış ərazilərin tam və dəqiq xəritələrini hələ də təqdim etməməsidir.

Əgər Ermənistan parlamentinin üzvləri, rəsmiləri və diaspor şəbəkələri Azərbaycan hər dəfə öz suveren hüquqlarından adi qaydada istifadə etdikdə münaqişəni yenidən aktual siyasi və mənəvi mübahisə mövzusuna çevirməkdə israr edirlərsə, anlamalıdırlar ki, bu, Ermənistanın qalib gəlmək ehtimalı olan bir mübarizə deyil.

Bu kontekstdə 1992-ci ilin fevralında baş vermiş Xocalı qətliamını qeyd etmək kifayətdir. Həmin hadisə zamanı şəhəri tərk edərək qaçmağa çalışan 600-dən çox azərbaycanlı mülki şəxs öldürülmüşdü. Bu tarixə, həmçinin, Qarabağın və ətrafındakı 7 rayonun təxminən 30 il davam edən işğalı daxildir. Bu işğal nəticəsində təxminən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.

Bu tarixin bir hissəsini də Ağdam və Füzuli kimi şəhərlərin taleyi təşkil edir. İşğal dövründə bu şəhərlər o dərəcədə dağıdılmışdı ki, beynəlxalq müşahidəçilər Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar.

Azərbaycan isə əsasən, bu tarixi öz diplomatiyasının mərkəzi mövzusuna çevirməməyi seçib. Bu təmkin sülhün davamlı şəkildə təmin olunması naminə verilmiş siyasi qərardır, baş vermiş hadisələrin mövcud olmadığını qəbul etmək və ya onları unutmaq demək deyil.

Münaqişə ilə bağlı narrativi gündəmə daim yenidən qaytaran erməni tərəfdarları bununla həmin tarixi yenidən müzakirə masasına çıxarmağı həqiqətən istəyib-istəmədiklərini düşünməlidirlər. Çünki faktlar onların xeyrinə deyil.

Həmin səfər zamanı ziyarət edilən iki monastır -Gəncəsər və Xudavəng -də eyni mənzərəyə uyğun gəlir. Bu kilsələr Azərbaycanda qədim Qafqaz Albaniyasının xristian irsinin bir hissəsi kimi qəbul edilir. Bu monastırlar müasir dövlətlərin hər hansı birinin regiona dair iddia irəli sürməsindən çox-çox əvvəl, əsrlər boyu bölgənin dini həyatını formalaşdırmış Albaniya krallığının hakimiyyəti dövründə inşa edilib və bu gün Azərbaycan tərəfindən öz tarixi və dini irsinin ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılır.

Bakı həmçinin vurğulayır ki, bu iki yaxşı sənədləşdirilmiş abidəyə göstərilən diqqət, bunun əksinə, digər tərəfdə baş vermiş və daha geniş miqyasda olan, lakin daha az araşdırılmış itki ilə kəskin təzad təşkil edir. Belə ki, hazırda Ermənistan ərazisi olan torpaqlarda əsrlər boyu azərbaycanlılar tərəfindən inşa edilmiş yüzlərlə məscid, qəbiristanlıq və digər abidə Qərbi Azərbaycan icmasının öz yurdlarından qovulmasından sonra dağıdılıb, baxımsız vəziyyətə salınıb və ya tarixi yaddaşdan silinib. Bu irs itkisinə bir diplomatik səfərə göstərilən beynəlxalq diqqətin cüzi bir hissəsi qədər belə diqqət yetirilməyib.

Bunların heç biri Ermənistanın özünün bəyan etdiyi maraqlara xidmət etmir. 2025-ci ilin avqustundan etibarən əldə edilmiş irəliləyişlər, paraflanmış sülh müqaviləsi və Azərbaycanı Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirməsi nəzərdə tutulan, “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılan dəhlizlə bağlı əldə olunmuş razılaşma, eləcə də 1990-cı illərdən bəri regionda hökm sürən dondurulmuş münaqişə məntiqindən nəhayət xilas olmuş Cənubi Qafqaz perspektivi olduqca kövrəkdir və hər iki tərəfdən davamlı siyasi intizam tələb edir.

Bu cür hər bir emosional çıxış, xüsusilə də xaricdəki diaspora fəallarından deyil, hazırda vəzifədə olan deputatlardan və rəsmilərdən gəldikdə, Ermənistanın sülhə sadiqliyinin səmimi deyil, taktiki xarakter daşıdığını və İrəvanın Vaşinqtonda bir söz, öz ölkəsində isə başqa söz dediyini iddia edənlərə əlavə arqument verir.

Azərbaycan dəfələrlə bildirib ki, Ermənistan da eyni addımı atacağı təqdirdə, bu məsələni birdəfəlik geridə qoymağa hazırdır. Buraya Ermənistanın qəbul etdiyini bəyan etdiyi sərhədlərə öz konstitusiyasını nəhayət uyğunlaşdırması da daxildir.

Azərbaycan ərazisinə diplomatik səfərin heç vaxt mübahisə predmetinə çevrilməsinə ehtiyac olmamalı idi. Bunun belə bir mübahisəyə çevrilməsi daha çox onu göstərir ki, İrəvanda bəyan edilən sülh siyasətinin siyasi yanaşmada da əksini tapması üçün hələ görüləsi çox iş var; bu, Bakının niyyətlərindən daha çox Ermənistanın daxilindəki vəziyyətlə bağlıdır.

Ermənistanın rəhbərliyi, mediası və diaspora təşkilatları anlamalıdırlar ki, münaqişəni yenidən narazılıq mövzusuna çevirmək Ermənistanın öz mövqeyinə çox zərər vurur və bu yanaşmanın yeganə nəticəsi hər iki xalqın uğrunda böyük səylər sərf etdiyi sülh prosesinin sarsılması olacaq.

https://www.commonspace.eu/index.php/opinion/opinion-routine-visit-revealing-reaction

Müəllifin son məqalələri

18 Sentyabr 2026 - 12:13

Rutin səfər və onun doğurduğu diqqətçəkən reaksiya

10 Sentyabr 2026 - 12:15

Qərb mediası Azərbaycana qarşı ikili standartlar tətbiq edirmi?

23 İyun 2026 - 10:25

Ermənistandakı seçkilərin nəticələri sülh prosesi barədə mühüm məqamları üzə çıxarır