Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və İsveçrənin Sent-Qallen Universitetinin nəzdində fəaliyyət göstərən Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin (Center for Governance and Culture in Europe - GCE-HSG) birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.
İki gün davam edən konfrans çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlığın gələcəyi, 44 günlük müharibədən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı, yeni infrastruktur layihələri, iqtisadi inteqrasiya, TRIPP layihəsi, mümkün xarici risklər, eləcə də Avropa İttifaqının regionda dayanıqlı əməkdaşlığın və bağlantıların gücləndirilməsində rolu əsas müzakirə istiqamətlərini təşkil edib.
Konfransın açılış mərasimində çıxış edən BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlara toxunaraq bildirib ki, hazırda regionda sülhün möhkəmləndirilməsi, münasibətlərin normallaşdırılması və regional əməkdaşlığın inkişafı üçün bir sıra mühüm imkanlar mövcuddur.
Onun sözlərinə görə, regionun şimalında, xüsusilə Rusiya-Ukrayna müharibəsi, cənubunda isə İran, ABŞ və İsrail arasında mövcud olan gərginliklər fonunda Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması daha böyük əhəmiyyət kəsb edir.
F. Şəfiyev ABŞ-nin, o cümlədən TRIPP layihəsi çərçivəsində Cənubi Qafqazda proseslərə cəlb olunmasına toxunaraq, regionda nəqliyyat və logistika bağlantılarının, eləcə də Orta Dəhlizin artan əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsinə və C6 formatında iştirakına da diqqət çəkib.
BMTMM sədri qeyd edib ki, bu proseslər enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaradır və Cənubi Qafqazda sülh, sabitlik və regional əməkdaşlığa əsaslanan yeni mərhələnin formalaşmasına xidmət edir.
Fərid Şəfiyev, həmçinin Cənubi Qafqaza sovetşünas və orientalistik stereotiplərdən kənar yanaşılmasının vacibliyini vurğulayıb.
“Bugünkü müzakirənin mühüm akademik əhəmiyyəti var. Əsas məqsədlərdən biri Cənubi Qafqaza özünəməxsus xüsusiyyətləri və reallıqları olan müstəqil bir region kimi yanaşmaqdır. Uzun illər ərzində Cənubi Qafqaz regionuna Rusiya imperiyası və Sovet İttifaqının prizmasından baxılıb. Bu yanaşma region haqqında həm akademik, həm də siyasi müzakirələrin böyük hissəsinə təsir göstərib.
Lakin Sovet İttifaqının süqutundan 30 ildən artıq müddət keçdikdən sonra artıq tamamilə yeni nəsil formalaşıb və bu nəslin nümayəndələri Sovet İttifaqı dövrünü yaşamayıblar. Bu səbəbdən Cənubi Qafqaza artıq öz reallıqları çərçivəsində yanaşmağın vaxtıdır. Regionun özünəməxsus xüsusiyyətlərini, daxili dinamikasını və tarixi təcrübəsini nəzərə almaq lazımdır.
Orientalist yanaşmanın yaratdığı problemlərdən biri də ondan ibarətdir ki, Azərbaycanla bağlı məsələlərdə bu yanaşma bəzən Avropanın media və akademik dairələrində ermənipərəst narrativlərin möhkəmlənməsinə şərait yarada bilir. Düşünürəm ki, bugünkü müzakirə mövcud yanaşmalardan kənara çıxmaq, illər ərzində formalaşmış damğalardan və stereotiplərdən uzaqlaşmaq baxımından mühüm imkan yaradır”, - deyə F. Şəfiyev bildirib.
Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin Akademik Şurasının üzvü Ulrix Şmid Cənubi Qafqazda baş verən proseslərin, Azərbaycan-Ermənistan arasında yeni sülh təşəbbüsünün regional əməkdaşlıq üçün yaratdığı imkanların və bu proseslərin Rusiyanın regiondakı mövqeyinə mümkün təsirlərinin beynəlxalq ekspert dairələrinin diqqət mərkəzində olduğunu bildirib.
U. Şmid son illərdə Cənubi Qafqazın əhəmiyyətinin əhəmiyyətli dərəcədə artdığını və regionun geniş iqtisadi və hərbi əhəmiyyətə malik mühüm geosiyasi məkana çevrildiyini qeyd edib. Onun sözlərinə görə, regionda baş verən proseslərin sürətli inkişafı Cənubi Qafqazdakı yeni reallıqların daha dərindən anlaşılmasını zəruri edir.
O, xüsusilə Azərbaycanda baş verən proseslərə və formalaşmaqda olan sülh prosesinə diqqət çəkərək, bu prosesin Azərbaycan, bütövlükdə Cənubi Qafqaz və daha geniş region üçün mümkün nəticələrinin araşdırılmasının vacibliyini vurğulayıb.
İsveçrənin Azərbaycan və Türkmənistandakı Səfirliyinin Regional Əməkdaşlıq bölməsi rəhbərinin müavini Qay Bonvin isə Cənubi Qafqazın coğrafi mövqeyinin regionu Avropa, Qara dəniz və Mərkəzi Asiya arasında mühüm bağlantı məkanına çevirdiyini bildirib.
Azərbaycanın bu prosesdə mühüm rol oynadığını deyən diplomat ölkənin son 30 ildə keçdiyi inkişaf yolunun və regional əlaqələrinin genişlənməsinin diqqətəlayiq olduğunu vurğulayıb.
Q. Bonvin Bakının COP29-a ev sahibliyi etməsini bu baxımdan mühüm nümunə kimi qiymətləndirib:
“COP29-un Bakıda keçirilməsini bu baxımdan mühüm nümunə kimi qiymətləndirirəm. İsveçrə nümayəndə heyətinin üzvü kimi COP29-da iştirak etdim və Azərbaycanın belə beynəlxalq platformaya ev sahibliyini əhəmiyyətli hadisə hesab edirəm”.
Diplomat İsveçrənin əməkdaşlıq proqramı çərçivəsində maliyyə və rəqəmsal xidmətlərin inkişafı, açıq bankçılıq, eləcə də maliyyə sektorunda qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində işlərin aparıldığını bildirib. O, bu sahədə Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstan və Özbəkistan, həmçinin Gürcüstan arasında mərkəzi banklar səviyyəsində əlaqələrin inkişafının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Q. Bonvin, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının kiçik biznes və startapların dəstəklənməsinə yönəlmiş mexanizmləri çərçivəsində Azərbaycanda müxtəlif startaplara texniki yardım, ilkin maliyyələşmə və vençur kapitalı ilə əlaqələndirmə imkanlarının yaradıldığını qeyd edib.
Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin (GCE-HSG) direktoru, idarəçilik, regional siyasət və sosial-siyasi transformasiya üzrə ekspert Alexander Meienbergerin moderatorluğu ilə keçirilən birinci panel “İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz: Yeni regional düzən?” mövzusuna həsr olunub.
Sessiyada Cənubi Qafqazda meydana çıxan yeni geosiyasi reallıqlar, Azərbaycanın regionda artan rolu və xarici siyasət prioritetləri, regional təşəbbüslər, eləcə də müxtəlif güc mərkəzləri arasında formalaşan münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
Paneldə hüquqşünas, araşdırmaçı, İspaniya Deputatlar Konqresinin və Senatının keçmiş üzvü Jordi Xuclà “Azərbaycanın Cənubi Qafqazda dəyişən geosiyasi rolu və Avropa İttifaqının strateji dönüşü” mövzusunda çıxış edib.
Yeni Avrasiya Observatoriyasının (ONE) həmtəsisçisi, Mərkəzi Asiya və Rusiyanın Asiyaya siyasəti üzrə ekspert Michaël Levystone 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın xarici siyasətində baş verən dəyişikliklərə nəzər salıb.
ADA Universitetinin Dövlət İdarəçiliyi üzrə dosenti, postsovet məkanında dövlət siyasəti, idarəçilik, demokratiya və şəhər inkişafı üzrə mütəxəssis Anar Vəliyev isə “Tarazlıq axtarışında: Cənubi Qafqazda rəqabət aparan regional yanaşmalar fonunda Azərbaycan və qoşulmama siyasəti” mövzusunda analitik təqdimatla çıxış edib.
BMTMM-in şöbə müdiri Vasif Hüseynovun moderatorluğu ilə keçirilən ikinci panel “Ermənistan-Azərbaycan sülh prosesi və iqtisadi normallaşma” mövzusuna həsr olunub.
Panel çərçivəsində regionda sülh prosesinin perspektivləri, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, iqtisadi əməkdaşlığın yaratdığı imkanlar, eləcə də bu prosesin regional və beynəlxalq müstəvidə mümkün geosiyasi və iqtisadi nəticələri nəzərdən keçirilib.
Sessiyada Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin (GCE-HSG) elmi əməkdaşı Sophie Harper və Sent-Qallen Universitetinin tədqiqatçısı, Aurora Intelligence şirkətinin təsisçisi Julius Schulte “Süni intellekt axtarış sistemlərinin informasiya mənbələri və Azərbaycan haqqında formalaşan təsəvvür” mövzusunda birgə təqdimatla çıxış ediblər.
İsveçrənin Friburq Universitetinin Sosial Elmlər Departamentinin baş elmi tədqiqatçısı Ansgar Jödicke mədəni, akademik və vətəndaş cəmiyyəti təmaslarının Azərbaycan və Ermənistan arasında sülh prosesinə təsir imkanlarını araşdırıb.
ADA Universitetinin professoru, beynəlxalq münasibətlər, geosiyasət, strateji araşdırmalar və xarici siyasət üzrə mütəxəssis Damjan Krnjević isə “Ermənistan-Azərbaycan sülh prosesi və iqtisadi normallaşmanın geosiyasi nəticələri” mövzusunda fikirlərini bölüşüb.
Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin Akademik Şurasının üzvü Ulrix Şmidin moderatorluğu ilə keçirilən üçüncü panel “Orta Dəhliz və Cənubi Qafqazın bağlantı arxitekturası” mövzusuna həsr olunub.
Paneldə Orta Dəhlizin inkişaf perspektivləri, Cənubi Qafqazın Avropa və Asiya arasında nəqliyyat-logistika bağlantılarında artan rolu, TRIPP və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR) imkanları, eləcə də ABŞ-nin regionda bağlantıların inkişafına verdiyi və verə biləcəyi töhfələr müzakirə olunub.
Atlantik Şurasının Avrasiya Mərkəzinin direktor müavini Andrew D’Anieri TRIPP və TITR çərçivəsində ABŞ-nin iştirakı və bağlantı arxitekturasının inkişafı məsələlərinə dair təqdimatla çıxış edib.
ARD/Tagesschau-nun Rusiya, Cənubi Qafqaz və Avropanın qonşuluq siyasəti üzrə xarici müxbiri Silvia Stöber Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyəni birləşdirən inteqrasiya olunmuş Cənubi Qafqaz bağlantı sisteminin perspektivlərini təhlil edib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) Rusiya və Avrasiya Proqramının baş elmi əməkdaşı Jeffrey Mankoff Orta Dəhlizin perspektivləri, qarşılaşdığı maneələr və gələcək inkişaf istiqamətləri barədə fikirlərini təqdim edib.
BMTMM-in aparıcı məsləhətçisi Vüsal Quliyev isə “Orta Dəhlizin cənub qolu Avrasiyada bağlantı dinamizmini gücləndirir” mövzusunda təqdimatla çıxış edib.
Sentyabrın 9-da Bahçeşehir Universitetinin İqtisadiyyat və Maliyyə üzrə dosenti Deena Saleh Shahinin moderatorluğu ilə keçirilən növbəti panel “Enerji dəhlizləri, iqtisadi inteqrasiya və bağlantıların geosiyasəti” mövzusuna həsr olunub.
Paneldə enerji və nəqliyyat dəhlizlərinin regional iqtisadi inteqrasiyaya təsiri, Azərbaycanın enerji və logistika bağlantılarında strateji mövqeyi, Avropa İttifaqının Global Gateway strategiyası çərçivəsində regionla əməkdaşlığı, həmçinin bağlantı layihələrinin iqtisadi və geosiyasi aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin (GCE-HSG) siyasi sosiologiya və regional idarəçilik üzrə elmi əməkdaşı Felix Hans Breiteneicher Avropa İttifaqının Global Gateway təşəbbüsü çərçivəsində Almaniyanın Cənubi Qafqazdakı rolunu nəzərdən keçirib.
Rusiya-Avropa-Asiya Araşdırmaları Mərkəzinin (CREAS) təsisçisi və direktoru Theresa Fallon Azərbaycan vasitəsilə enerji bağlantılarının geosiyasi əhəmiyyətini təhlil edib.
İsveçrənin Azərbaycan və Türkmənistandakı Səfirliyinin Regional Əməkdaşlıq bölməsi rəhbərinin müavini Qay Bonvin isə bağlantıların iqtisadi və logistik aspektləri, eləcə də bağlantı kontekstində su məsələləri barədə təqdimatla çıxış edib.
Konfrans proqramının davamı olaraq, iştirakçıların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahə tədqiqatları aparması, Ermənistanın işğalı dövründə ərazilərdə törədilmiş dağıntılar və regionda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yerində tanış olması məqsədilə sentyabrın 9-dan 11-dək info-turun keçirilməsi nəzərdə tutulub.
İnfo-tur çərçivəsində Ağdam, Cəbrayıl, Füzuli, Şuşa və Laçın ərazilərinə səfərlərin təşkil olunması planlaşdırılıb.


