BMTM-in aparıcı məsləhətçisi Vüsal Quliyevin “Hörmüz boğazının blokadası Çinin qitənin enerji təchizatçılarına və quru nəqliyyat marşrutlarına strateji yönəlməsini sürətləndirir” adlı məqaləsi Vaşinqton mərkəzli “The Saratoga Foundation” beyin mərkəzi tərəfindən dərc edilib.
Məqalədə Hörmüz boğazının blokadası nəticəsində Çin iqtisadiyyatı üçün yaranan ciddi risklər fonunda ölkənin enerji təhlükəsizliyi strategiyasında baş verən dəyişikliklər təhlil olunur. Müəllif qeyd edir ki, enerji təchizatının əsas arteriyası olan Hörmüz boğazının blokadası Çini Yaxın Şərq neftindən qismən uzaqlaşdıraraq daha çox qitənin quru əsaslı enerji təchizatçılarına yönəldir.
Bu kontekstdə, Çinin uzun müddətdir enerji təchizatında dəniz yollarından asılılığı azaltmağa çalışması, Rusiya ilə münasibətlərdə tam etimadın olmaması və “Power of Siberia-2” layihəsinin qiymət mübahisələri səbəbilə ləngiməsi kimi amillər alternativ quru marşrutlarına yönəlməni daha da aktuallaşdırır.
Bütün bu mənzərə fonunda müəllif qeyd edir ki, Orta Dəhlizin mərkəzində yerləşən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin strateji əhəmiyyəti daha da ön plana çıxır. Müəllif vurğulayır ki, bu region ölkələri dəniz yollarından yan keçərək quru nəqliyyat dəhlizləri vasitəsilə Çinin enerji təhlükəsizliyinə töhfə vermək baxımından artan strateji əhəmiyyətə malikdir. Xüsusilə Azərbaycanın və bütövlükdə Xəzər regionunun rolu getdikcə güclənir.
“Çin Mərkəzi Asiya ilə, xüsusilə enerji baxımından zəngin olan Qazaxıstan və Türkmənistanla əlaqələrini gücləndirdiyi bir dövrdə, daha geniş Xəzər regionunda da enerji və nəqliyyat sahəsində təsirini artırmaq üçün əlverişli mövqedədir. Bu baxımdan, Azərbaycan mühüm enerji istehsalçısı və tranzit mərkəzi kimi ön plana çıxır.
“Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları kompleksi və “Şahdəniz” qaz yatağında dənizdə həyata keçirilən hasilat Azərbaycanın ixrac imkanlarının əsasını təşkil edir. Eyni zamanda, Bakı Limanının Qazaxıstanın Aktau Limanı və Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı ilə əlaqələndirilməsi hesabına Bakıda formalaşan logistika Xəzər dənizi üzərindən neft və qazın daşınmasını asanlaşdıra bilər. Uzunmüddətli perspektivdə bu marşrutlar enerji resurslarının şərq istiqamətində daşınması üçün də istifadə oluna bilər.
Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya enerji istehsalçıları ilə yaxın münasibətləri (C6 platforması və Türk Dövlətləri Təşkilatı kimi çoxtərəfli mexanizmlər vasitəsilə güclənərək) daha vahid Transxəzər dəhlizinin formalaşmasına şərait yaradır. Bu inteqrasiya nəqliyyat və enerji marşrutlarının çevikliyini artırır, həmçinin geosiyasi və ya bazar dəyişiklikləri zamanı axınların alternativ istiqamətlərə yönəldilməsini mümkün edir. Asiyada artan enerji tələbatı da bu sistemin getdikcə çoxşaxəli xarakter aldığını göstərir. Buna misal olaraq, Yaponiyanın son dövrdə Azərbaycan və Qazaxıstanın dəniz yataqlarından neft tədarükünü təmin etməyə yönəlmiş addımlarını göstərmək olar”,-deyə müəllif bildirir.
https://www.saratoga-foundation.org/p/hormuz-blockade-pushes-china-toward


