BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Nəhayət, Transxəzər qaz kəmərinin vaxtı çatıb?

2021-06-15 14:08

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin və Kanadada NATO Assosiasiyası təşkilatının Enerji Təhlükəsizliyi Proqramı üzrə direktoru Robert Katlerin  ABŞ-ın “The National Interest” saytında “Nəhayət, Transxəzər qaz kəmərinin vaxtı çatıb?” başlıqlı birgə məqaləsi dərc olunub.

Müəlliflər yazıda qeyd edir ki, Transxəzər qaz kəməri Orta Asiyanın nəhəng təbii qaz ehtiyatlarını Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropanın enerji bazarlarına nəql etmək məqsədi daşıyır. Bu isə, Orta Asiya və Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirmək deməkdir.

Qeyd olunur ki, son dörd il ərzində Xəzər və Cənubi Qafqaz regionlarında dinamik dəyişikliklər müşahidə olunub. Belə ki, iyirmi illik danışıqlardan sonra 21 avqust 2018-ci ildə beş Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran - nəhayət, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar: "Bunun ardınca Azərbaycan və Türkmənistan ikitərəfli münasibətlərdə yeni bir səhifə açdılar və 2021-ci ilin yanvarında Azərbaycanın "Kəpəz", Türkmənistanın "Sərdar" adlandırdığı mübahisəli dəniz yatağının birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandumu imzalandı. Həmçinin, 2020-ci ilin sonunda Xəzər dənizindən birbaşa Avropaya təbii qaz nəql edən Cənub Qaz Dəhlizi yekunlaşdı".

Müəlliflər vurğulayırlar ki, "Dostluq" yatağının birgə işlənməsi üzrə Azərbaycan-Türkmənistan Memorandumu Transxəzər qaz kəməri reallaşmasına ümidləri artırır və Xəzər dənizində enerji əməkdaşlığı üçün yeni imkanlar yaradır. Bildirilir ki, bu boru kəməri həm Türkmənistanın təbii qaz tədarükünə olan tələbi şaxələndirəcək, həm də Avropa enerji istehlakçılarına Orta Asiyanın geniş enerji ehtiyatlarına çıxış üçün imkan yaradacaq. Müəlliflər qeyd edirlər ki, qlobal təbii qaz qiymətlərindəki artım bu məsələnin vacibliyini bir daha ortaya qoyur: "Azərbaycandan İtaliyaya qədər uzanan Cənub Qaz Dəhlizinin tamamlanması da Türkmənistanı və Avropanı Transxəzər qaz kəmərini daha da dəstəkləməyə təşviq etməlidir. Təbii qazın Azərbaycanın mövcud enerji infrastrukturu vasitəsilə Qərbə çatdırılması iqtisadi baxımdan faydalı olardı, çünki bu hal rəsmi Aşqabadın bir neçə ixrac marşrutundan yüksək asılılığını azalda bilər".

Sonda qeyd olunur ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgənin geosiyasi mənzərəsini dəyişdirib. "Hazırda

nəqliyyat yollarının açılması və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi sülh və inkişaf üçün vacibdir. Transxəzər qaz kəməri Cənubi Qafqazda sülh, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və inkişafı təşviq etmək üçün son dərəcə əhəmiyyətli potensiala malikdir. Eyni zamanda, layihə Avropa Birliyinin enerji ehtiyaclarını ən qənaətcil şəkildə və Avropanın “Green Deal” prinsiplərinə zidd olmadan təmin edə bilər. Transxəzər qaz kəməri Ermənistana da Türkmənistandan qaz almağa imkan yarada bilər", -deyə müəlliflər qeyd edir. 

Daha ətraflı: https://nationalinterest.org/blog/buzz/has-trans-caspian-pipeline%E2%80%99s-time-finally-arrived-187737

Müəllifin son məqalələri

17 İyul 2024 - 15:16

Davamlı tərəqqiyə doğru

10 May 2024 - 11:52

COP29 üçün iqlimlə bağlı çağırışların həlli

15 Mart 2024 - 11:10

Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir