BMTMM-in eksperti Sultan Zahidovun müəllifi olduğu “Hərbi Zəfərdən davamlı sülhə: Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar” sərlövhəli məqalə news.az tərəfindən dərc edilib.
Məqalədə qeyd edilir:
“Azərbaycanın 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər yalnız ölkənin ərazi bütövlüyünün bərpasında həlledici dönüş nöqtəsi deyil, həm də bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisədir.
Təxminən 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsi dövründə beynəlxalq vasitəçilik mexanizmlərinin nəticə əldə edə bilməməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icra olunmaması və Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi regionda davamlı sülhün bərqərar olmasına mane olmuşdur.
2020-ci ildə Azərbaycan hərbi-siyasi vasitələrlə mövcud status-kvonu dəyişdirmiş, 2023-cü ilin sentyabr ayında isə həyata keçirilmiş birgünlük antiterror tədbirləri nəticəsində bütün ərazisi üzərində suverenliyini tam bərpa etmişdir. Bununla da münaqişənin əsasını təşkil edən ərazi məsələsi öz həllini tapmış və regionda dövlətlərarası münasibətlərin yeni prinsiplər əsasında qurulması üçün tarixi fürsət yaranmışdır.
Azərbaycanın Zəfərini fərqləndirən əsas xüsusiyyətlərdən biri onun tam və qəti xarakter daşımasıdır. İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq münasibətlər tarixində çoxsaylı silahlı münaqişələr hərbi əməliyyatların dayandırılması ilə nəticələnsə də, onların əsasını təşkil edən siyasi və ərazi mübahisələri həll olunmamış qalmışdır.
İsrail-Fələstin münaqişəsi, Kəşmir mübahisəsi və digər münaqişələr göstərir ki, atəşkəsə nail olunması heç də münaqişənin birdəfəlik həll edilməsi demək deyil. Azərbaycanın təcrübəsi isə bu baxımdan fərqlənir. Azərbaycan öz hərbi-siyasi imkanlarına arxalanaraq uzun illər ərzində beynəlxalq vasitəçilik mexanizmlərinin həll edə bilmədiyi ərazi məsələsini həll etmiş, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin əsas tələblərinin icrasını təmin etmiş, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir.
Bununla belə, münaqişənin ərazi ölçüsünün aradan qaldırılması ilə dövlətlərarası münasibətlərin tam normallaşdırılması eyni anlayışlar deyildir. Məhz bu səbəbdən hərbi Zəfərin diplomatik müstəvidə möhkəmləndirilməsi müharibədən sonrakı dövrdə Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir.
Bu prosesi sülh nəzəriyyələri prizmasından da qiymətləndirmək mümkündür. Norveçli sosioloq və sülh tədqiqatçısı Yohan Qaltunq tərəfindən irəli sürülmüş “mənfi və müsbət sülh” konsepsiyaları müharibənin başa çatması ilə davamlı sülhün bərqərar olması arasındakı fərqi izah edir. Qaltunqun yanaşmasına görə, mənfi sülh birbaşa zorakılığın və müharibənin olmamasını, müsbət sülh isə zorakılığın struktur səbəblərinin aradan qaldırılmasını, ədalətli və dayanıqlı siyasi, sosial və institusional münasibətlərin formalaşdırılmasını nəzərdə tutur.
Başqa sözlə, hərbi əməliyyatların dayandırılması sülhün təmin olunması üçün zəruri şərt olsa da, bu, özlüyündə sülhün davamlılığını avtomatik olaraq təmin etmir.
Azərbaycanın müharibədən sonrakı siyasətini hərbi qarşıdurmanın başa çatmasından dövlətlərarası münasibətlərin normallaşdırılmasına keçid kontekstində də qiymətləndirmək mümkündür. Ərazi bütövlüyünün bərpası sülh mərhələsinə keçid üçün zəruri şərait yaratmışdır. Sülh sazişinin imzalanması, dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq perspektivlərinin reallaşdırılması isə müsbət sülhün formalaşdırılmasına töhfə verə biləcək mexanizmlərdir.
Digər tərəfdən, Azərbaycanın təcrübəsi göstərir ki, hərbi güc və diplomatiya dövlətin strateji məqsədlərinə xidmət edən, bir-biri ilə qarşılıqlı əlaqədə olan vasitələrdir. Bu baxımdan, Karl fon Klauzevitsin müharibəni siyasətin digər vasitələrlə davamı kimi səciyyələndirən məşhur yanaşması Azərbaycanın müharibə dövründəki və müharibədən sonrakı siyasətinin təhlili üçün mühüm nəzəri çərçivə təqdim edir.
Azərbaycanın 2020-ci ildə həyata keçirdiyi hərbi əməliyyatlar uzun illər ərzində diplomatik vasitələrlə həllini tapmayan ərazi məsələsinin həllində həlledici rol oynamışdır. Bununla belə, hərbi Zəfər Azərbaycanın strateji məqsədlərinin son nöqtəsi deyil, daha geniş siyasi hədəflərə nail olunması istiqamətində mühüm mərhələ olmuşdur.
Müharibədən sonrakı dövrdə hərbi gücün yaratdığı yeni reallıqlar diplomatik təşəbbüslərlə tamamlanmış və sülh danışıqları üçün yeni siyasi çərçivə formalaşmışdır. Beləliklə, Azərbaycanın təcrübəsini hərbi uğurun diplomatik nəticələrlə möhkəmləndirilməsi və müxtəlif xarici siyasət vasitələrinin vahid strategiya çərçivəsində uzlaşdırılması nümunəsi kimi təhlil etmək mümkündür.
Bu prosesin mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, Azərbaycan müharibədə qalib dövlət olmasına baxmayaraq, sülh gündəliyinin irəli aparılması istiqamətində təşəbbüsü öz üzərinə götürmüşdür. 2022-ci ilin mart ayında Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması məqsədilə beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan beş baza prinsipini təqdim etmişdir. Həmin prinsiplər iki dövlətin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasını, ərazi iddialarından imtina edilməsini, gücdən istifadə etməmək və ya güc tətbiqi ilə hədələməmək öhdəliyini, dövlət sərhədinin delimitasiyasını, diplomatik münasibətlərin qurulmasını və kommunikasiyaların açılmasını nəzərdə tuturdu.
Bu təşəbbüs gələcək sülh sazişinin konseptual əsaslarının formalaşdırılmasında mühüm rol oynamışdır. Azərbaycan, eyni zamanda, sülh sazişinin mətninin hazırlanması təşəbbüsü ilə çıxış etmiş, sazişin mətnini faktiki olaraq özü hazırlamış və həmin mətn üzrə danışıqlara 2022-ci ilin payızında başlanılmışdır.
Beləliklə, Azərbaycan sülh prosesinin ilkin siyasi və hüquqi çərçivəsinin müəyyənləşdirilməsində aparıcı rol oynamışdır.
Sazişin yekun mətni hər iki tərəfin iştirak etdiyi danışıqlar prosesi çərçivəsində razılaşdırılsa da, prosesin təşəbbüskarı kimi çıxış edilməsi və onun fundamental prinsiplərinin irəli sürülməsi Bakının diplomatik təşəbbüskarlığını nümayiş etdirmişdir.
Azərbaycanın müharibədən sonrakı siyasətinin digər mühüm xüsusiyyəti ondan ibarətdir ki, sülh prosesi yalnız iki dövlət arasında münasibətlərin normallaşdırılması ilə məhdudlaşmır, bütövlükdə Cənubi Qafqazın geosiyasi və geoiqtisadi transformasiyasına yönəlir. Uzun müddət münaqişələrin, bağlı sərhədlərin və geosiyasi qarşıdurmaların təsirinə məruz qalmış regionda yeni nəqliyyat və iqtisadi əlaqələrin qurulması davamlı sülhün maddi əsaslarının möhkəmləndirilməsinə töhfə verə bilər.
Bu təşəbbüs gələcək sülh sazişinin konseptual əsaslarının formalaşdırılmasında mühüm rol oynamışdır. Azərbaycan, eyni zamanda, sülh sazişinin mətninin hazırlanması təşəbbüsü ilə çıxış etmiş, sazişin mətnini faktiki olaraq özü hazırlamış və həmin mətn üzrə danışıqlara 2022-ci ilin payızında başlanılmışdır.
Beləliklə, Azərbaycan sülh prosesinin ilkin siyasi və hüquqi çərçivəsinin müəyyənləşdirilməsində aparıcı rol oynamışdır.
Sazişin yekun mətni hər iki tərəfin iştirak etdiyi danışıqlar prosesi çərçivəsində razılaşdırılsa da, prosesin təşəbbüskarı kimi çıxış edilməsi və onun fundamental prinsiplərinin irəli sürülməsi Bakının diplomatik təşəbbüskarlığını nümayiş etdirmişdir.
Azərbaycanın müharibədən sonrakı siyasətinin digər mühüm xüsusiyyəti ondan ibarətdir ki, sülh prosesi yalnız iki dövlət arasında münasibətlərin normallaşdırılması ilə məhdudlaşmır, bütövlükdə Cənubi Qafqazın geosiyasi və geoiqtisadi transformasiyasına yönəlir. Uzun müddət münaqişələrin, bağlı sərhədlərin və geosiyasi qarşıdurmaların təsirinə məruz qalmış regionda yeni nəqliyyat və iqtisadi əlaqələrin qurulması davamlı sülhün maddi əsaslarının möhkəmləndirilməsinə töhfə verə bilər.
Bu baxımdan, Zəngəzur istiqamətində kommunikasiyaların açılması, Orta Dəhlizin inkişaf etdirilməsi və regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb edir. Liberal institusionalizm nəzəriyyəsinə görə, dövlətlər arasında iqtisadi qarşılıqlı asılılığın və əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi qarşıdurmanın potensial xərclərini artırmaqla münaqişə riskinin azaldılmasına töhfə verə bilər. Azərbaycanın regional bağlantıların inkişafına xüsusi önəm verməsi də məhz bu kontekstdə qiymətləndirilə bilər.
Nəticə etibarilə, Bakı hərbi Zəfərin nəticələrini yalnız ikitərəfli sülh sazişi vasitəsilə deyil, həm də regionda uzunmüddətli sabitliyin təmin edilməsi üçün zəruri olan iqtisadi və institusional əsasları formalaşdırmaqla möhkəmləndirməyə çalışır.
Bu kontekstdə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması xüsusi əhəmiyyət kəsb edir. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Birgə Bəyannamə imzalamışlar.
Bununla yanaşı, ATƏT-in Minsk qrupunun və onunla əlaqəli strukturların bağlanmasına dair birgə müraciət təqdim edilmişdir. Bu müraciətdən sonra 2025-ci il sentyabrın 1-də ATƏT-in Nazirlər Şurası tərəfindən müvafiq qərar qəbul edilmiş, həmin strukturların bağlanması prosesi isə eyni ilin noyabrın 30-da başa çatdırılmışdır.
Vaşinqton razılaşmaları Azərbaycanın hərbi-siyasi nailiyyətlərini diplomatik vasitələrlə möhkəmləndirmək istiqamətində həyata keçirdiyi siyasətin mühüm mərhələsini təşkil etmişdir. Eyni zamanda, Zəngəzur istiqamətində nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan TRIPP təşəbbüsü regional əməkdaşlıq üçün yeni perspektivlər açmışdır”.
Məqalənin ingilis dilində dərc olunan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:


