BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Fərid Şəfiyev

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Cənubi Qafqazda Münaqişənin Tənzimlənməsindən Sülhün Möhkəmləndirilməsinə

2026-09-15 13:48

27 sentyabr 2026-cı il yaxınlaşdıqca İkinci Qarabağ müharibəsinin növbəti ildönümünü qeyd etməyə hazırlaşırıq. Lakin bu gün müharibədən altı il sonra biz 27 sentyabr tarixini yalnız müharibənin başlanğıcı kimi deyil, həm də regionun simasını dəyişdirən mühüm bir tarix olaraq dəyərləndiririk. Söhbət münaqişə, işğal və dağıntılara məruz qalmış regiondan gedir.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini təxminən otuz il ərzində işğal altında saxlayan Ermənistan geosiyasi dalana dirənmiş, Rusiyadan tam asılı vəziyyətə düşmüş və özünün millətçi narrativlərinin girovuna çevrilmişdi.

Hazırda həm Ermənistan, həm də Azərbaycan sülh, əməkdaşlıq və barışıq haqqında getdikcə daha çox danışır. Sülh prosesinin yekunlaşdırılması üçün isə atılmalı bir sıra addımlar mövcuddur.

Sülhün təməlini beynəlxalq hüquq təşkil edir. Beynəlxalq nizamın üzləşdiyi böhrandan asılı olmayaraq təhlükəsizliyin əsası qəbul edilmiş normalara söykənir. Bu baxımdan, suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qarşılıqlı tanınması hazırda Azərbaycan-Ermənistan sülh çərçivəsinin əsasını təşkil edir.

İki ölkə hazırda bir sıra mühüm istiqamətlər üzrə fəaliyyət göstərir: sərhədlərin delimitasiyası, nəqliyyat, ticarət və barışıq. ABŞ-nin TRIPP layihəsində iştirakı kimi geosiyasi aktorların prosesə cəlb olunması da müsbət impuls yaratmış və yalnız regional bağlantıların inkişafında deyil, bütövlükdə sülh prosesində də mühüm rol oynamışdır.

2026-cı ilin iyununda Ermənistanda keçirilən seçkilər də əhalinin əksəriyyətinin müharibədən çox sülhə üstünlük verdiyini göstərdi. Bununla belə, sülh prosesi bir sıra geosiyasi və daxili çağırışlarla üzləşir. Bu baxımdan, Aİ və onun institutları kimi geosiyasi aktorların ədalətli sülhü dəstəkləməsi əhəmiyyət kəsb edir. Lakin bəzən Avropa radikal qüvvələrin və münaqişənin davam etdirilməsində maraqlı olan aktorların mövqelərinə də yer verir.

Müxtəlif humanitar məsələlər barışıq prosesinin qarşısında duran əsas maneələr kimi təqdim olunur. Mədəni irsin qorunması normallaşmanın mühüm elementidir, lakin bu yanaşma Azərbaycan irsinə də şamil edilməlidir. Münaqişə Azərbaycan ərazisində baş verib və ən çox zərər çəkən tərəf Azərbaycandır. Ölkənin geniş əraziləri tamamilə dağıdılıb, ərazilər minalarla çirklənib, qaçqınlar və itkin düşmüş şəxslər problemi yaranıb, həmçinin mədəni irs obyektləri vandalizmə məruz qalıb.

Lakin Avropanın bəzi siyasi institutlarının,o cümlədən Avropa Parlamentinin, eləcə də bəzi media qurumlarının təqdimatında ən çox zərər çəkmiş tərəf Ermənistan kimi göstərilir. Şübhəsiz ki, hər iki tərəfin narazılıqları və ağrılı xatirələri qalacaq. Lakin qeyd etmək vacibdir ki, münaqişə artıq geridə qalıb. 27 sentyabr sülh və barışıq üçün zəruri şərait yaradıb. Bu gün qarşıda duran siyasi çağırış tarixi yaddaşın gələcək münaqişənin mənbəyinə çevrilməsinin qarşısını almaqdır.

Avropanın əsas marağı Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, Şərqlə Qərb arasında əlaqələrin gücləndirilməsi, enerji və ticarət yollarının təhlükəsizliyinin qorunması, həmçinin Orta Dəhlizin inkişaf etdirilməsidir.

Buna görə də Avropanın siyasətçiləri və ekspert icması Ermənistan və Azərbaycan arasında ədalətli və rəvan normallaşma prosesinin təmin olunmasına çalışmalıdır. Bu yolda çoxsaylı pozucu qüvvələrlə qarşılaşacağıq. Lakin bu qüvvələrin siyasi tribuna və media məkanından sui-istifadə etməsinə imkan verməkdənsə, onları təcrid etmək lazımdır.

https://www.commonspace.eu/node/14218

 

Müəllifin son məqalələri

15 Sentyabr 2026 - 13:48

Cənubi Qafqazda Münaqişənin Tənzimlənməsindən Sülhün Möhkəmləndirilməsinə

08 Sentyabr 2025 - 09:19

“5+1”dən “6-lığa” doğru: Azərbaycanın Mərkəzi Asiya ilə birliyi

31 Avqust 2025 - 11:53

Vaşinqton görüşü və Xəzər hövzəsində dəyişən geosiyasi mənzərə