Sadəcə nəqliyyat marşrutu deyil, strateji əlaqə
Fikrimcə, Zəngəzur dəhlizinə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsindən daha geniş prizmadan yanaşmaq daha doğru olar. Dəhlizin əhəmiyyəti milli nəqliyyat prioritetinin Cənubi Qafqazda iqtisadi münasibətləri yenidən formalaşdırmaq potensialı ilə bağlıdır.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndində regional iqtisadi və nəqliyyat əlaqələrinin, o cümlədən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat bağlantılarının bərpası nəzərdə tutulurdu. Azərbaycan o vaxtdan bu günə kimi bu əlaqələrin bərpasının sülh üçün iqtisadi təməl yarada biləcəyini vurğulayır.
Bu mövqe konkret hazırlıq işləri ilə də dəstəklənir. Horadiz-Ağbənd dəmir yolu və avtomobil yolu layihələri, eləcə də Naxçıvana uzanan nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi istiqamətində səylər göstərir ki, Bakı regional bağlantıları sadəcə diplomatik şüar kimi deyil, investisiya prioriteti kimi qiymətləndirir. Belə qabaqlayıcı sərmayələr siyasi imkanların real fəaliyyət göstərən nəqliyyat marşrutuna çevrilməsini təmin edə bilər.
Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın iştirakı ilə 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunmuş razılaşmalar bu ideyaya yeni təkan verdi. Birgə Bəyannamədə regional bağlantıların inkişafı və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) dəstəkləndi. Paraflanmış sülh sazişi isə münasibətlərin normallaşmasının iqtisadi məntiqini daha da gücləndirdi.
Daha geniş geoiqtisadi imkanlar
Azərbaycan üçün ən yaxın və birbaşa fayda Naxçıvanla, Türkiyə vasitəsilə isə daha geniş bazarlarla birbaşa əlaqənin təmin edilməsidir. Bununla belə, mən dəhlizin yarada biləcəyi strateji seçim imkanlarını da eyni dərəcədə əhəmiyyətli hesab edirəm.
Alternativ yükdaşıma marşrutları, çevik logistika imkanları və yeni xidmət mərkəzləri Azərbaycanın Xəzər hövzəsində nəqliyyat-logistika qovşağı kimi rolunu gücləndirə bilər. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkədaxili magistral nəqliyyat xətləri artıq bunun üçün mövcud baza yaradır. Zəngəzur dəhlizi bu infrastrukturu tamamlayaraq Azərbaycanın sadəcə tranzit yükləri qəbul edən ölkə deyil, müxtəlif nəqliyyat şəbəkələrini birləşdirən mühüm mərkəz kimi mövqeyini möhkəmləndirə bilər.
Daha geniş kontekstdə söhbət Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Türkiyə və Avropanı birləşdirən Orta Dəhlizdən gedir. Bu marşrutun əsas üstünlüyü nəqliyyat əlaqələrinin şaxələndirilməsidir. Müəssisələr və hökumətlər Asiya ilə Avropa bazarları arasında yalnız bir deyil, bir neçə etibarlı nəqliyyat bağlantısına ehtiyac duyurlar.
Dünya Bankının hesablamalarına görə, əlaqələndirilmiş investisiyalar və islahatlar nəticəsində 2030-cu ilə qədər Orta Dəhliz üzrə yükdaşımaların həcmi üç dəfə arta, tranzit müddəti isə iki dəfə azala bilər. Bu göstəricilər təkcə Zəngəzur dəhlizinə deyil, bütövlükdə Orta Dəhlizə aiddir. Bununla belə, hesab edirəm ki, zəruri əməliyyat koordinasiyası təmin olunarsa, təklif edilən yeni marşrut əlavə ötürücülük qabiliyyəti və alternativ imkanlar yaratmaqla daha geniş nəqliyyat şəbəkəsini gücləndirə bilər.
Avropa da bu prosesdə birbaşa maraqlıdır. Avropa İttifaqı daha dayanıqlı təchizat zəncirlərinin formalaşdırılmasına və Mərkəzi Asiya ilə əlaqələrin möhkəmləndirilməsinə çalışır. 2024-cü ildə Aİ və onun tərəfdaşları Transxəzər nəqliyyat bağlantılarının inkişafı üçün 10 milyard avro həcmində vəsaitin səfərbər edilməsinə dair öhdəliklərini açıqladılar.
2026-cı ilin yanvarında Aİ və Azərbaycan Naxçıvan dəmir yolu üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması sahəsində əməkdaşlığı da gündəliklərinə daxil etdilər. Bu addımlar TRIPP layihəsinin uğuruna zəmanət verməsə də, onun Avropanın daha geniş strateji və iqtisadi maraqları ilə uzlaşdığını göstərir. Uzunmüddətli perspektivdə enerji ötürülməsi, rəqəmsal bağlantılar və investisiyalar yük daşımaları qədər əhəmiyyətli ola bilər.
Layihənin faydaları yalnız Azərbaycanla məhdudlaşmaya bilər. Ermənistan beynəlxalq nəqliyyat şəbəkələrinə daha sıx inteqrasiya oluna, Türkiyə Azərbaycan və Mərkəzi Asiya ilə quru nəqliyyat əlaqələrini genişləndirə, Mərkəzi Asiya ixracatçıları isə əlavə marşrut seçimləri əldə edə bilərlər. Çin üçün də Avropa bazarlarına çıxış baxımından daha bir potensial nəqliyyat bağlantısı yarana bilər.
Bu maraqların üst-üstə düşməsini layihənin ən böyük geoiqtisadi perspektivi hesab edirəm. Bu, siyasi etimadın hələ də zəif olduğu şəraitdə belə, əməkdaşlığı kommersiya baxımından məqsədəuyğun edə bilər.
Sülh, regional müstəqillik və qarşıdakı əsas sınaq
Zəngəzur dəhlizinin siyasi əhəmiyyəti onun iqtisadi məntiqindən ayrılmazdır. Azərbaycan və Ermənistan arasında uzun müddət bağlı qalmış nəqliyyat əlaqələrinin bərpası ticarət, tranzit və xidmətlər vasitəsilə sabitliyin qorunması üçün gündəlik iqtisadi stimullar yaradır.
Bu cür əlaqələr özlüyündə bütün siyasi fikir ayrılıqlarını aradan qaldıra bilməsə də, sülh münasibətlərini daha faydalı və davamlı edə bilər. Müharibədən sonra Azərbaycanın irəli sürdüyü gündəliyin hazırda daha geniş beynəlxalq tərəfdaşlıq çərçivəsində konkret məzmun qazanması ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır.
Layihənin həyata keçirilməsi gömrük məsələləri, tranzit qaydaları, texniki standartlar və infrastrukturun idarə olunması sahələrində də müntəzəm əməkdaşlıq tələb edəcək. Qeyd olunan praktiki öhdəlikləri Cənubi Qafqaz üçün potensial dönüş nöqtəsi kimi qiymətləndirirəm.
Regionun yalnız geosiyasi rəqabət meydanı olaraq qalmaq əvəzinə, qonşu dövlətlərin nəqliyyat bağlantılarının açıq saxlanılmasında ortaq marağa malik olduğu əməkdaşlıq məkanına çevrilmə imkanı var. Eyni zamanda, marşrutların sayının artması hər hansı bir nəqliyyat istiqamətindən və ya xarici bazardan asılılığı azaltmaqla strateji muxtariyyəti gücləndirə bilər.
Azərbaycan, Türkiyə və Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin dərinləşməsi Türk dünyasında iqtisadi inteqrasiyanı sürətləndirmə perspektivini gücləndirir. Avropa və Çinin artan marağı, eləcə də ABŞ-nin fəal iştirakı isə Cənubi Qafqazın beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirir.
Bununla belə, onu da qeyd etmək istərdim ki, imkanın mövcudluğu hələ nəticənin əldə olunması demək deyil. TRIPP layihəsinin öz potensialını nə dərəcədə reallaşdıracağı onun kommersiya baxımından səmərəliliyindən, şəffaf idarəetmədən, effektiv sərhəd prosedurlarından və ardıcıl siyasi iradədən asılı olacaq.
Nəticə etibarilə, Zəngəzur dəhlizinin açılmasını regionun müharibədən sonrakı nəqliyyat bağlantıları gündəliyini davamlı qarşılıqlı faydaya çevirə bilib-bilməyəcəyinin mühüm sınağı kimi dəyərləndirilməlidir
Layihə səmərəli şəkildə həyata keçirilərsə, Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin edə, Orta Dəhlizi gücləndirə, Avropa ilə Asiya arasında iqtisadi mübadiləni genişləndirə və sülh üçün daha möhkəm iqtisadi zəmin yarada bilər.
Belə olan halda, onun əhəmiyyəti regional nəqliyyat çərçivəsindən xeyli kənara çıxacaq: Zəngəzur yalnız geosiyasi məsələ olmaqdan çıxaraq, həm də həqiqi mənada regionlararası geoiqtisadi imkana çevrilə bilər.
*Məqalə ilkin olaraq Euronews-da dərc edilib:
https://www.euronews.com/2026/11/03/the-zangezur-corridor-regional-peace-and-global-connectivity


