BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Nizamsız interregnum: Cənubi Qafqaza təhdidlər?” sərlövhəli məqaləsi “Commonspace” nəşrində dərc edilib.
ABŞ-nin yeni prezidenti Donald Trampın qəbul etdiyi qərarların beynəlxalq düzəndə əsaslı dəyişikliklərə səbəb olmasına diqqət çəkən müəllif qeyd edir ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış sistem dağılmağa doğru gedir və proses elə həmin sistemin yaradılmasına liderlik etmiş Vaşinqtonun özü tərəfindən sürətləndirilir. V. Hüseynovun fikrincə, ABŞ İkinci Dünya müharibəsindən sonra dünya liderliyi rolunu, Avropa, Şərqi Asiya və digər ərazilərdəki müttəfiqlərinin təhlükəsizliyini qorumaq öhdəliklərini tərk edir və beləliklə, Pax Americana tarixə qovuşur.
“Bu dəyişiklik qlobal hökmranlıq uğrunda ABŞ ilə rəqabət aparan digər böyük güclər tərəfindən müsbət qarşılana bilər. Lakin, yaranmaqda olan nizamın – və ya nizamsızlığın – qlobal sülh və təhlükəsizliyə müsbət töhfə vəd edib-etmədiyi açıq sual olaraq qalır. Tarix göstərir ki, çoxqütblülük çox vaxt qeyri-sabitlik gətirir, sonda bir və ya iki qütbün hakim olduğu yeni nizamın yaranması ilə nəticələnən böyük münaqişələrə səbəb olur. Tarixi nöqteyi-nəzərdən beynəlxalq münasibətlərdə müasir dövrü nizamsız interregnum – bir hegemon düzənin tənəzzülü ilə digərinin yaranması arasında qeyri-sabitlik mərhələsi kimi xarakterizə etmək olar”.
V. Hüseynov qeyd edir ki, sözügedən vəziyyət bu proseslərin mərkəzində qalan Cənubi Qafqaza da müəyyən təhdidlər yaradır.
Belə ki, 2021-ci ilin dekabrında Rusiya NATO-ya verdiyi ultimatumda Cənubi Qafqazı hələ də öz təsir dairəsinin bir hissəsi hesab etdiyini açıq şəkildə ifadə edib. Bununla belə, region ölkələri Rusiyaya tabe olmaqdan uzaqlaşır və ya daha balanslı xarici siyasət yeridirlər.
Müəllif digər narahatlıq doğuran məqamın kənar qüvvələrin regiondakı fikir ayrılıqlarını öz strateji maraqları naminə istifadə etməsi olduğunu bildirir.
Sonda V. Hüseynov vurğulayır ki, mövcud təhlükəsizlik risklərini azaltmaq üçün Cənubi Qafqaz ölkələri öz təhlükəsizlik arxitekturasına yenidən nəzər salmalı və xarici aktorların istifadə etdiyi tarixi “parçala və hökm sür” strategiyasına qarşı çıxmalıdırlar.
https://www.commonspace.eu/opinion/opinion-disordered-interregnum-threats-south-caucasus
*Məqalənin isveç dilində tərcüməsi:
https://diplomaticworld.se/2025/02/14/konsekvenser-for-sodra-kaukasusregionen/