Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqovun ABŞ-ın "The National İnterest" jurnalında “ABŞ Azərbaycandan və İranın yaxınlaşmasından öyrənə bilərmi?” adlı məqaləsi dərc edilib. Məqalədə göstərilir ki, Azərbaycan və İran arasında münasibətlərin normallaşması İranın öz mövqeyindən geri çəkilərək Azərbaycanın yeganə və əsas tələbinin yerinə yetirilməsindən sonra baş verib. Bildirilir ki, Azərbaycanın bu tələbi isə İran tırlarının Qarabağa daxil olmasını qadağan etməsi idi. Məqalədə göstərilir ki, Azərbaycan İranla münasibətlərin gərginləşməsində maraqlı olmayıb və iki ölkə arasında anlaşılmazlığı diplomatik yolla həll etməyə çalışıb: “Əvvəlcə Azərbaycan İran tırlarının Qarabağa səfərləri ilə bağlı qarşı tərəfi şifahi xəbərdarlıq edib, daha sonra diplomatik nota verib. İran tırları avtomobil nömrələrini erməni nömrələrinə dəyişərək qanunsuz əməllərini davam etdirib. Bundan sonra Azərbaycan polis, sərhəd və gömrük nəzarət məntəqəsi yaradıb. Daha sonra Azərbaycan Qarabağa qanunsuz səfər edən iranlı sürücüləri həbs edib. Azərbaycana qarşı İranın hərbi təlimlər keçirməklə təzyiq etmək cəhdləri də baş tutmayıb”.
Məqalədə göstərilir ki, Azərbaycan və İran arasında gərginlik aradan qaldırılandan sonra iki ölkə arasında regionun ümumi inkişafı üçün yeni imkanlar açan mühüm razılıqlar əldə edilib. Xüsusilə Azərbaycan, İran və Türkmənistan arasında qaz sahəsində əldə edilən razılığın Avropanın gələcək enerji təhlükəsizliyi üçün böyük imkanlar aça biləcəyi vurğulanıb.
Sonda Azərbaycan və İran arasında münasibətlərinin tarixinin unikal, çoxşahəli və mürəkkəb olduğu diqqətə çatdırılaraq, mənbəyini Hind-Avropa, mədəni, dini və fəlsəfi düşüncəsindən alan Qərbin ənənəvi liberal nəzəriyyəsinin təsirində olan şərhçilər tərəfindən düzgün qiymətləndirilmədiyi vurğulanıb.