BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədovun “Azərbaycan-Almaniya münasibətləri: Cənubi Qafqazda əməkdaşlıq üçün yeni istiqamətlər” başlıqlı məqaləsi “news.az” saytında dərc edilib.
Məqalədə Prezident İlham Əliyevin Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı və səfər çərçivəsində keçirdiyi görüşlərin təfərrüatları qeyd edilib.
Bildirilib ki, səfər zamanı Prezident İlham Əliyev və kansler Olaf Şolts arasında iqlim siyasəti və Ermənistan-Azərbaycan normallaşma prosesi müzakirə edilib.
“Şolts tərəflərin uzunmüddətli və davamlı həll yolu tapmasında dəstək göstərməyə hazırdır. İqlim siyasətinə gəlincə, Şolts bildirdi ki, yaşıl enerji sahəsində əməkdaşlıq üçün regionun böyük potensialı mövcuddur. Prezident İlham Əliyev Azərbaycanın Avropaya təbii qaz tədarükü ilə yanaşı, yaşıl enerjinin ixracı istiqamətində atdığı addımları da vurğuladı”.
N. Əhmədov bildirir ki, Berlinin Azərbaycan-Ermənistan normallaşma münasibətlərindəki rolu xüsusi qeyd edilməlidir.
“Almaniya xarici işlər naziri Annalena Berbokun təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almaniyada görüşü təşkil edilmişdi”.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Almaniya ilə müsbət ikitərəfli əlaqələri olduğuna diqqət çəkən müəllif iqtisadi seqmentin bu münasibətlərdə əsas yeri tutduğunu qeyd edib. Almaniyanın regiondakı yeganə Xarici Ticarət Palatası 12 noyabr, 2012-ci ildə Bakıda açılıb.
“Bu, Almaniyanın Moskvadan sonra MDB məkanındakı ikinci ticarət palatasıdır. Hər iki tərəfdən təxminən 150 şirkət palatanın üzvüdür. Almaniya Avropa İttifaqında İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır və cari ilin ilk rübündə dünya üzrə on ən iri ticarət tərəfdaşları arasındadır. İqtisadi əməkdaşlığın ənənəvi sahələri ilə yanaşı, alman şirkətlər Azərbaycanla yaşıl enerjiyə keçid və bərpa olunan enerji layihələrinin genişləndirilməsi sahəsində əməkdaşlıqda da xüsusilə maraqlıdır”.
Müəllifin sözlərinə görə, Azərbaycan və Almaniya arasında münasibətlər qarşılıqlı hörmət üzərində qurulub və Prezident İlham Əliyevin Almaniyaya müntəzəm səfərləri ikitərəfli gündəmin kifayət qədər geniş olmasını sübut edir.
“Hər iki ölkə iqlim dəyişikliyi və beynəlxalq terrorizm kimi qlobal məsələlərdə vacib tərəfdaşdır”.
Sonda N. Əhmədov bildirir ki, Azərbaycan və Almaniya arasında əməkdaşlığın dərinləşdirilməsi üçün kifayət qədər potensial mövcuddur. Praqmatik əməkdaşlığın dərinləşdirilməsi hər iki ölkənin marağındadır”.
* Aşağıdakı link vasitəsilə məqalənin tam versiyasına keçid etmək mümkündür.
https://news.az/news/azerbaijan-germany-relations-new-avenues-for-cooperation-in-the-south-caucasus