Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Orxan Bağırovun “Azərbaycan azad edilmiş əraziləri yüksək texnoloji əraziyə çevirməyi hədəfləyir” adlanan məqaləsi "Eurasia Review" nəşri tərəfindən çap edilib.
Məqalədə əsas diqqət işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa layihələrinə yönəldilib və bu layihələr çərçivəsində texnoloji yeniliklərin tətbiqinə üstünlük verildiyi qeyd edilib.
İlk olaraq azad edilmiş ərazilərdə həyata keçirilən nəqliyyat layihələri haqqında məlumat verilib. Bu çərçivədə Tərtər şəhərindən Talış və Suqovuşan kəndlərinə çəkilən avtomobil yolları, Əhmədbəyli-Füzuli-Şuşa və Toğanalı-Kəlbəcər magistralları, Horadiz-Zəngilan-Qubadlı-Laçın avtomobil yolu, Horadiz-Füzuli-Şuşa dəmiryolu, Bərdə-Ağdam dəmiryolu, Horadiz-Ağbənd dəmiryolu layihələri qeyd edilib. Daha sonra Füzuli Beynəlxalq Hava Limanının tikintisi haqqında məlumatlar diqqətə çatdırılıb və bu limanın turizmin inkişafında rolunun böyük olacağı vurğulanıb. Bundan əlavə Laçın və Zəngilanda digər iki hava limanının tikintisinin planlaşdırıldığı da qeyd edilib.
Nəqliyyat layihələri ilə yanaşı məqalədə azad edilmiş ərazilərin enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən layihələrə də yer ayrılıb və qeyd edilib ki, Azərbaycanın əsas məqsədi azad edilmiş əraziləri “Yaşıl Enerji” zonasına çevirməkdir. Belə zonanın yaradılması ilə bağlı Azərbaycanın Energetika Nazirliyinin beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar apardığı vurğulanıb. Bununla yanaşı icrasına başlanılmış digər enerji layihələri haqqında da məlumat verilib. Qeyd edilib ki, Şuşa şəhərinə iki elektrik enerjisi xəttinin çəkilişinə başlanılıb və “Azərişıq Qarabağda” layihəsi həyata keçirilməkdədir. Bununla yanaşı Güləbird SES-in artıq istifadəyə verilməsi və yenidənqurma işlərinin aparıldığı digər SES-lər haqqında da məlumat verilib.
Məqalədə eyni zamanda texnoloji yeniliklərin şəhərsalma prosesində də tətbiq ediləcəyi vurğulanıb. Bunun üçün şəhərlərin və kəndlərin yenidən qurulmasında “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarından istifadə ediləcəyi və ilk ağıllı kəndin Zəngilan rayonunun Ağalı kəndinin olacağı diqqətə çatdırılıb.
Sonda isə qeyd edilib ki, həyata keçirilən layihələr vasitəsilə Azərbaycan azad edilmiş əraziləri regionun ən inkişaf etmiş ərazilərindən birinə çevirəcək: "“Yaşıl Enerji” zonasının və “Ağıllı Kənd”-lərin yaradılması davamlı iqtisadi inkişafın əldə edilməsinə, nəqliyyat layihələrinin inkişafı isə turizm potensialından tam istifadəyə imkan yaradacaq. İqtisadi inkişaf isə öz növbəsində davamlı sülhün formalaşdırılmasına və Azərbaycan ilə Ermənistan arasında 10 Noyabr razılaşması çərçivəsində barışığın əldə edilməsi perspektivlərinin yaranmasına imkan yaradacaq".