Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Şahmar Hacıyevin “Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir” başlıqlı məqaləsi “EU Reporter” nəşrində dərc edilib.
Şahmar Hacıyev bildirir ki, İkinci Qarabağ Müharibəsindən sonra regional iqtisadi layihələr üçün geniş imkanlar açılıb və Ermənistan-Azərbaycan arasında gələcək sülh sazişi ilə bağlı danışıqlar aparılıb. Lakin Ermənistan hökumətinin mövqeyi səbəbindən sülh sazişi ilə bağlı yekun razlığa gəlməklə mümkün olmur. Çünki Ermənistan Fransa, Hindistan və Yunanıstanla birlikdə silahlanma yarışını başladıb.
“2021-ci ildə Ermənistan hərbi məqsədlər üçün dövlət büdcəsindən 600 milyon ABŞ dolları ayırıb. 2022-ci ildə ölkə hərbi xərclərini 10%-dən çox artıraraq 750 milyon ABŞ dollarına çatdırıb. Ermənistanın 2023-cü il büdcəsində hərbi xərclər rekord 1.28 milyard ABŞ dolları məbləğində nəzərdə tutulub. 2024-cü ildə Ermənistan hökuməti müdafiə büdcəsini bir qədər də artırıb və 557 milyard dram ayırıb”.
Müəllif İrəvanın regionda silahlanma yarışını artırması və mənbə olaraq ənənəvi müttəfiq Moskvadansa, Hindistan və Fransanın seçməsi ilə bağlı yaranan suallara aydınlıq gətirir.
“İkinci Qarabağ müharibəsi və Rusiya-Ukrayna müharibəsi Avrasiyada geosiyasi mənzərəni dəyişib. Moskva ilə sıx təhlükəsizlik və iqtisadi əlaqələrə baxmayaraq, Rusiya İrəvanı vəd edilən silah-sursatla təmin edə bilmir. Eyni zamanda, Ermənistan və Rusiya arasında 2023-cü ilin 9 ayında olan ticarət dövriyyəsi 43.5 % artaraq 4.4 milyard ABŞ dollarına çatıb”.
İrəvanın Fransa və Hindistanla strateji tərəfdaşlığa nail olduğunu qeyd edən müəllifin fikrincə, sözügedən ölkələrin sürətli silahlanmaya dəstək verməsi Cənubi Qafqazda yeni gərginlik ocağı formalaşdıra bilər.
“Paris və İrəvan arasında münasibətlər yeni mərhələyə keçib. Fransa Prezidenti Emmanuel Makron açıq şəkildə Azərbaycanı ittiham edib, Bakının ünvanına əsassız iddialar səsləndirib və Ermənistana birmənalı dəstək ifadə edib. Paris-İrəvan müdafiə əməkdaşlığı Ermənistana çoxsaylı hərbi yardımları nəzərdə tutur. Paris-Yeni Dehli-İrəvan üçlüyü Cənubi Qafqazda təhlükəsizlik dinamikasını dəyişmək məqsədi daşıyır. Bu isə Ermənistan və Azərbaycan arasındakı sülh danışıqlarının gələcəyinə qeyri-müəyyənlik əlavə edir”.
Şahmar Hacıyevin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında birbaşa dialoq aparılsa, regionda davamlı sülhə nail olmaq mümkündür.
Sonda müəllif qeyd edir ki, Cənubi Qafqazda dayanıqlı sülh bütün region üçün mühüm iqtisadi faydalara səbəb ola bilər.
“İlk olaraq, iqtisadi inkişaf, regional inteqrasiya və bağlılıq üçün yeni imkanlar yaranacaq. İkincisi, Ermənistan hərbi xərclərini azaldacaq. Sonuncusu, regionda yaranan sülh silahlanma yarışının qarşısına sədd çəkəcək. Ermənistan və müttəfiqləri sülh prosesinə töhfə vermək, davamlı sülhə nail olmaq üçün silahlanma yarışı əvəzinə, sülh yarışını dəstəkləməlidirlər”.
https://www.eureporter.co/armenia-3/2024/03/14/armenia-instigates-arms-race-in-the-south-caucasus/