BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Ermənistan-Azərbaycan münasibətləri: Sülhə baxmayaraq, müharibənin fəsadları hələ də qalmaqdadır

2026-04-08 09:55

BMTM-in şöbə müdiri Vasif Hüseynovun "Ermənistan-Azərbaycan münasibətləri: Sülhə baxmayaraq, müharibənin fəsadları hələ də qalmaqdadır" sərlövhəli məqaləsi "The Liberum" nəşrində dərc edilib.

Məqalədə qeyd edilir:

"4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür. Dünyanın böyük hissəsi üçün bu, sadəcə növbəti adi gün, ən yaxşı halda isə təqvim qeydi, bəlkə də sosial şəbəkə paylaşımıdır. Azərbaycan üçün isə bu, tamamilə başqa məna daşıyır: fasilə tanımayan, geri çəkilməyən və bağışlamayan bir reallığa tutulmuş güzgü.

Azərbaycan üçün bu günün xüsusi həssaslığı var. Belə ki, ölkə beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini əhatə edən və üç onilliyə yaxın davam edən erməni işğalının nəticələri ilə hələ də üz-üzədir. Bu işğal dövründə 700 minədək insan öz tarixi yurdlarından didərgin salınıb, nəticə etibarilə, məcburi köçkünə çevrilib, minlərlə günahsız mülki şəxs isə həyatını itirib.

Qeyd olunan işğala Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020 və 2023-cü illərdə həyata keçirilmiş hərbi əməliyyatlar nəticəsində son qoyuldu.

Sonrakı aylar, illər ərzində isə tarixdə nadir hallarda müşahidə olunan bir proses baş verdi. Otuz il ərzində kəskin qarşıdurma şəraitində olan iki ölkə tədricən, lakin səmimi şəkildə sülhə doğru irəliləməyə başladı. 8 avqust 2025-ci il tarixində iki ölkə lideri - Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan - ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda görüşərək sülh müqaviləsinin mətnini parafladılar, eləcə də digər mühüm məsələlər üzrə razılığa gəldilər. 

Simvolika olduqca təsirli idi. Bir neçə ay sonra- 2026-cı ilin fevralında hər iki lider Əbu-Dabidə birgə “Zayed İnsan Qardaşlığı Mükafatı”nı aldılar. Paşinyan qeyd etdi ki, bir neçə il əvvəl belə səhnə təsəvvür edilə bilməzdi. Və o, haqlı idi.

Bu gün üçüncü ölkələrdən gələn, müxtəlif malları daşıyan yük qatarları Azərbaycan ərazisi vasitəsilə Ermənistana doğru hərəkət edir. Azərbaycan Ermənistana neft məhsulları ixrac edir. Hər iki ölkə ikitərəfli ticarət üçün malların siyahısını qarşılıqlı şəkildə mübadilə edib. Enerji şəbəkələrinin yaxın gələcəkdə əlaqələndirilməsi də mümkündür.

Bundan əlavə, tərəflər “Sülh Körpüsü təşəbbüsü” adlı proqram çərçivəsində vətəndaş cəmiyyəti dialoquna start veriblər. Daha önəmlisi isə, 1990-cı illərin əvvəllərində müstəqilliklərini əldə etdikdən ilk dəfə olaraq sərhədlərdə sakitlik müşahidə olunur, hər hansı toqquşma və ya itki qeydə alınmayıb. Qısaca desək, sülh realdır.

Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində fərqli müharibə davam edir. Bu müharibədə döyüşçü və ya artilleriya ilə deyil, səssizcə gözləyən 1,5 milyon mina ilə mübarizə aparılır.

Ermənistan Silahlı Qüvvələri minaları Azərbaycan torpaqlarını işğal altında saxladığı zaman kənd təsərrüfatı sahələrinə, yol kənarlarına, çay yataqlarına və ailələrin bir zamanlar tərk edib indi geri dönməyi arzuladığı evlərin qapılarının önünə yerləşdiriblər. Bu partlayıcı sursatlar təsadüfi yox, strateji qaydada yerləşdirilib”.

Məqalədə bildirilir ki, 2020-ci ilin noyabrından indiyədək 400-dən çox azərbaycanlı (mülki şəxslər, fermerlər, mina təmizləyən əməkdaşlar) mina partlayışları nəticəsində həlak olub və ya ciddi şəkildə xəsarət alıb.

“Bunlar müharibənin yox, sülhün itkiləridir. İşğalın arxasında qoyduğu fiziki dağıntılar isə heyrətamiz dərəcədə böyükdür. İnfrastruktur tamamilə məhv edilb, meşələr kəsilib. Regiondakı 67 məsciddən 65-i dağıdılıb və ya təhqiramiz rəftara məruz qalıb. Azərbaycan Mədəniyyət Nazirliyinin təsdiqlədiyi kimi, 400-dən çox mədəni və dini abidə məhv edilib.

Ermənistan dəqiq mina xəritələrini təqdim edə bilmədi (və ya imtina etdi). 2026-cı ilin yanvar ayında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)  bildirdi ki, azad edilmiş ərazilərin 2,483,91 kvadrat kilometri (ümumi 8,780 kvadrat kilometr) 2020-ci il müharibəsinin bitməsindən bəri minalardan və digər partlayıcı maddələrdən təmizlənib.

Azərbaycan minatəmizləmə əməliyyatları üçün müəyyən beynəlxalq dəstək alıb. Almaniya, Belçika, İtaliya, Çin və BƏƏ bu fəaliyyətlərə töhfə verib. Avropa İttifaqı isə ümumi minatəmizləmə dəstəyini təxminən 23 milyon avroya çatdırıb. Bu töhfələr əhəmiyyətlidir. Lakin çirklənmə miqyası ilə müqayisədə onlar hələ də məhdud qalır.

Minalar indiki məqamın narahatlıq doğuran paradoksudur. Sülhün diplomatik arxitekturası formalaşır. Belə ki, ticarət bərpa olunur, infrastruktur inkişaf edir və beynəlxalq mükafatlar Əbu-Dabidə təqdim edilir. Lakin Qarabağ torpaqları hələ də bilərəkdən yerləşdirilmiş silahlarla doludur. Bu silahlar sülh dövründə belə insanları öldürməkdə və yaralamaqda davam edir”.

Yekunda müəllif bildirir ki, minatəmizləmə əməliyyatları bərpa-quruculuq işlərinin texniki əlavəsi deyil, əsas şərtidir.

“Sülh bərqərar olur, lakin minalar hələ də qalmaqdadır. Onlar təmizlənməyincə müharibənin yaraları da sağalmayacaq”.

*Məqalənin ingilis dilində dərc edilmiş tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://theliberum.com/armenia-azerbaijan-despite-peace-the-consequences-of-war-are-still-present/

Müəllifin son məqalələri

08 Aprel 2026 - 09:55

Ermənistan-Azərbaycan münasibətləri: Sülhə baxmayaraq, müharibənin fəsadları hələ də qalmaqdadır

31 Mart 2026 - 09:47

Avropa İttifaqı və Azərbaycan strateji əməkdaşlığı dərinləşdirir

31 Mart 2026 - 09:43

Azərbaycan Aİ ilə münasibətlərində konkret nəticələr axtarışındadır