BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Nağı Əhmədov

Email: naghi.ahmadov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Aİ-Ermənistan-ABŞ yüksək səviyyəli görüşü: Cənubi Qafqaz üçün həlledici məqam

2024-04-15 10:30

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Nağı Əhmədovun “Aİ-Ermənistan-ABŞ yüksək səviyyəli görüşü: Cənubi Qafqaz üçün həlledici məqam” başlıqlı məqaləsi “NE GLOBAL” nəşrində dərc edilib.

Məqalədə 5 aprel tarixli Aİ-Ermənistan-ABŞ görüşünün təfərrüatları barədə məlumat verilir. Qeyd edilir ki, hər 3 tərəf gündəliyin Ermənistanın iqtisadi dayanıqlılığı, eləcə də humanitar ehtiyacları mövzularına fokuslanacağını bildirsə də, regional güclər tərəfindən bu toplantı birmənalı qarşılanmadı.

“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin vəziyyətin təhlükəli olduğunu və Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir edə biləcəyini vurğuladı.  Üçtərəfli görüşdən sonra Rusiya XİN-dən verilən açıqlama da bu mənada diqqət çəkir. Bildirilir ki, Brüsseldəki görüş Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkməyə yönəlmiş növbəti cəhddir.

Aprelin 4-də Türkiyə Xarici İşlər Nazirliyi üçtərəfli görüş barədə açıqlama verdi. Türkiyə “üçüncü ölkələri regional parametrləri nəzərə almağa və tərəflərə münasibətdə bərabər yanaşma sərgiləməyə dəvət etdi”. Onu da əlavə etdi ki, Azərbaycanın prosesdən kənar saxlanılması regionun kompleks problemlərinə neytral yanaşmanı zəiflədir və geosiyasi qarşıdurmanı qızışdıra bilər.

İran da Ermənistanı “Cənubi Qafqazı regiondankənar güclərin geosiyasi rəqabət meydanına çevirməsi” ilə bağlı xəbərdarlıq edib. İran XİN-in sözçüsü Naser Kənaninin 10 aprel tarixli açıqlamasında Qafqazda sülh və sabitliyin bərqərar olması üçün regional əməkdaşlığın vacibliyi xüsusi vurğulanıb.

N. Əhmədov Azərbaycan və Ermənistan mətbuatında görüşdən öncə yayılan Ermənistana təhlükəsizlik qarantiyaları veriləcəyi ilə bağlı informasiyalara da diqqət çəkir:

“Bu fikirlər Aİ rəsmiləri tərəfindən təkzib edildi. Maraqlısı odur ki, görüşdən öncə Entoni Blinken və Ursula fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək sözügedən görüşün ancaq Ermənistanın iqtisadi inkişafına fokuslandığı və Azərbaycanın əleyhinə hər hansı məqam olmadığı ilə bağlı əminlik yaratmağa çalışıblar. ABŞ Dövlət katibinə cavab olaraq Prezident İlham Əliyev vurğuladı ki, onda Ermənistana hərbi yardım, birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhəd ərazilərdə hərbi infrastrukturun yaradılması və Ermənistanın Avropa Sülh Mexanizmi vasitəsilə silahlandırılmasının müzakirə mövzuları arasında olması barədə məlumat var”.

Məqalədə bildirilir ki, Ermənistan təhlükəsizlik qarantiyalarına nail olmaq üçün Azərbaycandan potensial təhlükələr ola bilməsi ilə bağlı fikir fomralaşdırmağa çalışır.

“ “Azərbaycanın yeni müharibəyə hazırlaşması” ilə bağlı uydurulmuş iddialar da bu məqsədə xidmət edir. Lakin Aİ və ABŞ rəsmilərinin bəyanatlarından aydın olur ki,  Ermənistana təhlükəsizlik qarantiyaları verilməsi ilə bağlı tərəddüdlar var. Bu səbəbdən də yalnız iqtisadi dəstək üzərində dayanırlar”,-deyə N. Əhmədov bildirir.

“Ümumiləşdirsək, Ermənistan Cənubi Qafqazda ABŞ-Rusiya qarşıdurmasının plasdarmı olmaq yolunu seçib. İrəvan hər iki tərəfə oynamağa davam edəcək. Bir tərəfdən, Qərbdən təhlükəsizlik qarantiyaları gözləyəcək. Digər tərəfdən, Rusiyanın rəhbərlik etdiyi iqtisadi və təhlükəsizlik təşkilatlarına üzvlüyü davam etdirəcək. Beləliklə, Ermənistanın yanaşmaları sülh vəd etmir. Geosiyasi rəqabətin daha çox intensivləşməsi regionun hər ölkəsi, həm də qonşuları üçün çağırışlardan xəbər verir. Bu isə Cənubi Qafqazı böyük güclər arasında münaqişə meydanına çevirəcək”.

Daha ətraflı:

https://www.neglobal.eu/eu-armenia-u-s-high-level-meeting-a-critical-moment-for-the-south-caucasus/

Müəllifin son məqalələri

15 Aprel 2024 - 10:30

Aİ-Ermənistan-ABŞ yüksək səviyyəli görüşü: Cənubi Qafqaz üçün həlledici məqam

01 Aprel 2024 - 11:49

Ermənistan hökuməti və müxalifət arasında artan fikir ayrılığı: Bu, Azərbaycanla normallaşma prosesinə necə təsir edəcək?