BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

Türk inteqrasiyası dərinləşir, müdafiə sahəsində əməkdaşlıq isə geridə qalır

2026-11-19 09:45

BMTMM-in şöbə müdiri Vasif Hüseynovun müəllifi olduğu "Türk inteqrasiyası dərinləşir, müdafiə sahəsində əməkdaşlıq isə geridə qalır" başlıqlı məqaləsi nüfuzlu The Jamestown Foundation beyin mərkəzi tərəfindən dərc edilib.

Məqalədə qeyd edilir:

"Oktyabrın 30-da Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü Ankarada “Türk əsri: ortaq dil, düşüncə və fəaliyyət” mövzusunda keçirildi. Azərbaycan təşkilatın sədrliyini Türkiyəyə təhvil verdi. Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın sədrliyi dövründəki fəaliyyətini yüksək qiymətləndirmiş, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə təşkilat çərçivəsində əlaqələrin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. Zirvə görüşündə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qeyd etdi ki, hazırda TDT-nin strukturlarının fəaliyyəti əməkdaşlığın təxminən 60 istiqamətini əhatə edir. O, təşkilatın fəaliyyətində daha aydın prioritetlərin müəyyənləşdirilməsinə və onun qurumları arasında koordinasiyanın gücləndirilməsinə çağırdı. Bununla belə, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq təşkilatın ümumi inkişaf dinamikasından geri qalır.

Təhlükəsizlik məsələlərinin TDT-nin gündəliyinə daxil edilməsi təşəbbüsü ilə çıxış edən əsas dövlət Azərbaycandır. 2023-cü ildə Astanada keçirilən Zirvə görüşündə Prezident İlham Əliyev müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsini təklif etmiş, 2025-ci ildə Qəbələdə keçirilən Zirvə görüşü isə “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunmuşdur. Qəbələ Zirvəsində İlham Əliyev TDT-nin əməkdaşlıq platformasından dünyanın mühüm geosiyasi mərkəzlərindən birinə çevrildiyini bildirmişdi. O, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu müasir şəraitdə hərbi və müdafiə-texniki sahələrdə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdı. Digər təşəbbüslərlə yanaşı, üzv dövlətlərin iştirakı ilə 2026-cı ildə Azərbaycanda birgə hərbi təlimlərin keçirilməsini təklif etdi. Prezident, həmçinin qeyd etdi ki, Azərbaycan və Türkiyə ötən il ərzində 25-dən çox ikitərəfli və çoxtərəfli hərbi təlim keçirib. Lakin bu təşəbbüslər hələlik institusional əməkdaşlıq mexanizmlərinə çevrilməyib. Türk dövlətləri arasında hərbi əməkdaşlıq əsasən TDT-nin institusional çərçivəsindən kənarda həyata keçirilməyə davam edir.

Mərkəzi Asiya paytaxtları bu məsələdə daha təmkinli mövqe nümayiş etdirirlər. Mayın 15-də Türküstanda keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təşkilatın nə geosiyasi layihə, nə də hərbi təşkilat olduğunu bildirdi. O, TDT-ni ticarət, iqtisadiyyat, yüksək texnologiyalar, rəqəmsallaşma, mədəniyyət və humanitar əməkdaşlıq platforması kimi səciyyələndirir.

Ankarada keçirilən Zirvə görüşündə Tokayev bu mövqeyini bir daha təsdiqləyərək TDT-nin hərbi ittifaq olmadığını və belə bir ittifaqa çevrilməməli olduğunu vurğuladı. Onun sözlərinə görə, təşkilat digər beynəlxalq birliklərə qarşı yönəlməyən, əməkdaşlıq üçün açıq platforma olaraq qalmalıdır.

Bu mövqelər türk inteqrasiyasının rədd edilməsi kimi qiymətləndirilməməlidir. Qazaxıstan və onun qonşuları coğrafi mövqeləri və mövcud təhlükəsizlik mexanizmlərinin təsiri altında formalaşan balanslaşdırılmış, çoxvektorlu xarici siyasət yürüdürlər. Qazaxıstan və Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzv olaraq qalmağa davam edir. Mərkəzi Asiyanın bütün dövlətləri isə regiondakı əsas güc mərkəzlərinin hər biri ilə sabit və proqnozlaşdırıla bilən münasibətlərin qorunmasına xüsusi əhəmiyyət verirlər. Bu dövlətlər üçün TDT-yə hərbi ölçünün əlavə edilməsi türk dünyası çərçivəsindən xeyli kənara çıxan geosiyasi nəticələr doğura bilər.

Tokayevin Rusiyanı prosesə cəlb etmək təklifi də eyni balanslaşdırma məntiqinə əsaslanır. Ankarada keçirilən Zirvə görüşündə o, Qəbələ sammitində irəli sürülmüş TDT+ formatı çərçivəsində Rusiyanın təşkilatla əməkdaşlığa dəvət edilməsini və ya müşahidəçi qismində onun fəaliyyətində iştirakını təklif etmişdi. Tokayev bu addımın təşkilatın nüfuzunu artıracağını bildirmişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin mümkün iştirakını məqsədəuyğun və təbii addım kimi qiymətləndirsə də, Moskvanın hələlik hər hansı dəvət almadığını qeyd etdi.

Bu təşəbbüsü Astananın TDT-nin geosiyasi layihə kimi qəbul olunması ilə bağlı təsəvvürləri yumşaltmağa yönəlmiş növbəti cəhdi kimi qiymətləndirmək olar. Rusiyanın TDT+ formatı vasitəsilə əməkdaşlığa cəlb edilməsi mümkün görünsə də, ona müşahidəçi statusunun verilməsi ehtimalı azdır. 2021-ci ildə İstanbulda keçirilmiş və keçmiş Türk Şurasının TDT-yə çevrildiyi Zirvə görüşündə qəbul edilmiş qaydalara əsasən, müşahidəçi statusu yalnız türk dillərindən birini ölkə miqyasında dövlət və ya rəsmi dil kimi tanıyan dövlətlərə verilə bilər. Rusiya Federasiyasında federal səviyyədə yeganə rəsmi dil rus dilidir. Tatar, başqırd və digər türk dilləri isə yalnız ayrı-ayrı respublikalar çərçivəsində dövlət dili statusuna malikdir. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu da vurğuladı ki, türk dillərindən birinin ayrı-ayrı regionlarda dövlət dili kimi tanınması bu tələbə cavab vermir. O, Rusiyanın müşahidəçi statusu əldə etmək üçün müraciətinin bütün üzv dövlətlərin razılığını tələb edəcəyini bildirmişdir. Macarıstana 2018-ci ildə verilmiş müşahidəçi statusu isə qeyd olunan qaydalar qəbul edilməzdən əvvəlki dövrə təsadüf edir".

*Məqalənin ingilis dilində dərc edilmiş tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://jamestown.org/turkic-integration-deepens-as-defense-cooperation-lags/