Fevralın 28-də Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEŞ) “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusunda üçüncü iclası keçirilib. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr olunmuş tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Rusiya Beynəlxalq Məsələlər Şurası (RBMŞ) tərəfindən təşkil olunub.
Yüksək səviyyəli plenar iclasda çıxış zamanı Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov Moskva və Bakı arasında ikitərəfli əlaqələrin inkişafında Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Rusiya Federasiyası prezidenti Vladimir Putin arasında yüksək səviyyədə etimad, qarşılıqlı maraqların nəzərə alınması və praqmatizmə əsaslanan müsbət dinamikanı qeyd ediblər. Ceyhun Bayramov bildirib ki, sabit, proqnozlaşdırıla bilən və ən əsası, suveren siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətin, o cümlədən Rusiyanın dəyərli tərəfdaşına çevirir".
Sessiyada BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyevin və RBMŞ-in baş direktoru Andrey Kortunovun RAEŞ-in fəaliyyəti haqqında məruzələri dinlənilib. Onlar Rusiya və Azərbaycan ekspertləri arasında həm iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə, həm də bir-birilərinin qlobal və regional gündəmlərinə yanaşmaların daha aydın şəkildə başa düşülməsinə yönələn birbaşa əlaqələrin daha da inkişaf etdirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar. Sessiyanın moderatoru, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri E.İskəndərov qeyd edib ki, iki ölkənin xarici işlər nazirlərinin RAEŞ çərçivəsində dialoqda iştirak etməsi Şuranın yarandığı gündən ötən qısa müddət ərzində əldə edilmiş ekspert fəaliyyətinin yüksək səviyyəsinin göstəricisidir.
Sessiya zamanı xarici işlər nazirlərinə RAEŞ-in birinci nəşrinin - rusiyalı və azərbaycanlı ekspertlərin müəllifi olduqları “Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 ili: keçilən yol və gələcəyə baxış” məqalələr toplusunun xatirə nüsxələri təqdim olunub.
İnteraktiv dialoq şəraitində keçən konfransın qapalı sessiyalarında baş tutan müzakirələr zamanı RAEŞ iştirakçıları Rusiya-Azərbaycan əməkdaşlığının siyasi, iqtisadi, humanitar və digər aspektlərini müzakirə ediblər. Çıxışlar zamanı Rusiya və Azərbaycanın Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının qurulmasına yanaşmaları təqdim olunub. Bununla əlaqədar Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli Üçtərəfli Bəyanatlarının müddəalarının tam şəkildə həyata keçirilməsinə dair Rusiya və Azərbaycanın sadiqliyi bir daha vurğulanıb.
Xüsusilə qeyd edilib ki, Cənubi Qafqazda sülh gündəliyinin gücləndirilməsi, onun davamlı sülh regionuna çevrilməsi, revanşizm cəhdlərinin və qeyri-sağlam rəqabətin neytrallaşdırılması ilə bağlı Moskva və Bakının mövqeləri yaxındır və bəzi aspektlərdə eynidir.
Yeni regional nəqliyyat və logistik infrastrukturunun qurulması mövzusuna toxunan ekspertlər qeyd ediblər ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin də daxil olduğu bu cür mürəkkəb layihələrin uğurlu olması üçün inkişaf edən iqtisadiyyat və əlverişli biznes mühiti ilə yanaşı, tranzit dövlətlər tərəfindən fəal siyasi və diplomatik səylər tələb olunur. Bunun mühüm şərti tərəflərin bir-birinin suverenliyinə və legitim maraqlarına hörmət etməyə hazır olmasıdır.
Şura üzvləri həmçinin iki ölkə arasında əlaqələrin dərinləşdirilməsinin müxtəlif aspektləri ilə bağlı Şuranın praktiki tövsiyələrini əks etdirən kommünike qəbul ediblər. Xüsusilə Şura iclasının tövsiyələrinin ikitərəfli əməkdaşlığın müvafiq platformalarına təqdim edilməsinin, birgə tematik topluların nəşr olunmasının məqsədəuyğunluğu qeyd edilib, Şuranın iclaslarının mütəmadi keçirilməsi ilə bağlı əvvəlki qərara sadiqlik, o cümlədən rəsmi iclaslarla yanaşı Şura üzvlərinin tez-tez aralıq məsləhətləşmələr aparmasının faydalı olacağı vurğulanıb.