BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Moskvada Rusiya-Azərbaycan Ekspertlər Şurasının ikinci iclası keçirilib

2022-11-22 17:11

Noyabrın 17-də Moskvada BMTM və Rusiya Beynəlxalq Məsələlər Şurasının (RBMŞ) birgə təşkilatçılığı ilə "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin 30 illiyi: Gedilən yol və inkişaf perspektivləri" mövzusunda Rusiya-Azərbaycan Ekspertlər Şurasının II iclası keçirilib.

Tədbirin açılışında çıxış edən RBMŞ-nin baş direktoru Andrey Kortunov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, RF Dövlət Dumasının MDB ilə iş, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədr müavini Kazbek Taysayev, Milli Məclisin deputatı Nizami Səfərov, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Ivan Qluşko, Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov ötən ilin sonunda yaradılmış Rusiya-Azərbaycan Ekspertlər Şurasının əhəmiyyəti, Rusiya və Azərbaycan ekspertləri arasında birbaşa əlaqənin həm ikitərəfli əlaqələrin inkişafı, həm də qlobal və regional gündəlikdə olan məsələlərə dair yanaşmaların öyrənilməsi baxımından vacibliyi  müzakirə edilib.

Panel diskussiyası formatında aparılan müzakirələr zamanı spikerlər Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının qurulmasına Rusiya və Azərbaycanın yanaşmalarını nəzərdən keçiriblər. İkinci panel qlobal və regional nəqliyyat-logistika kommunikasiyalarının inkişafında ikitərəfli əməkdaşlığın roluna həsr olunub. Üçüncü panel humanitar və informasiya sahələrində əməkdaşlığı əhatə edib.

Müzakirələr zamanı üçtərəfli bəyanatın müddəalarının tam yerinə yetirilməsi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və sərhədlərin delimitasiyası, o cümlədən ictimai təşkilatlar, ekspertlər və parlamentarilər vasitəsilə dialoqun genişləndirilməsinin vacibliyi bir daha vurğulanıb. Bundan əlavə, regionun iqtisadi inkişafı, Cənubi Qafqaz regionunda etimad və davamlı sülh mühitinin yaradılması, qlobal və regional nəqliyyat-logistika kommunikasiyalarının qurulması istiqamətində ikitərəfli əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Tədbirin sonunda ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair praktiki tövsiyələrin yer aldığı sənəd qəbul olunub.