BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Vişeqrad qrupu ölkələri və Azərbaycan” adlı beynəlxalq seminar keçirilib

2023-06-22 17:01

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Slovakiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə iyunun 22-də “Vişeqrad qrupu ölkələri və Azərbaycan” adlı beynəlxalq seminar keçirilib.

 BMTM-in sədri Fərid Şəfiyev Azərbaycanın Avropa İttifaqı ölkələri ilə strateji əməkdaşlığı olduğunu deyib. O bildirib ki, Azərbaycan Vişeqrad qrupunun bütün ölkələri ilə də strateji tərəfdaşlıq münasibətləri saxlayır. BMTM-in sədri deyib ki, Azərbaycanın Polşa, Slovakiya, Macarıstan ilə əməkdaşlığı ortaq tarixlə yanaşı, eyni maraqlara əsaslanır.

Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik əldə edən ölkələrin ortaq çağırışlarla, problemlərlə üzləşdiklərini söyləyib. O qeyd edib ki, bu problemlər əsasən bazar iqtisadiyyatına keçid, təhlükəsizlik məsələləri ilə bağlı idi.

Uzunmüddətli risklərdən danışan səfir deyib ki, Slovakiya Avropa İttifaqının ən həssas ölkələrindən birinə çevrilir. Çünki robotlaşma sosial problemlərə və işsizliyə səbəb ola bilər.

Səfir, həmçinin Azərbaycanın iqtisadi inkişafı ilə bağlı məsələlərə də toxunub.

“Rusiya-Ukrayna müharibəsi fonunda Vişeqrad qrupu ölkələri və Azərbaycan: Enerji böhranı ilə bağlı problemlər və onların həll yollarının axtarışı” adlı paneldə Macarıstanın Xarici İşlər və Ticarət İnstitutunun (IFAT) baş elmi işçi Sandor Seremet, SOCAR-ın Xarici əlaqələr şöbəsinin rəhbəri Əli Şahbazov çıxış ediblər. Bildirilib ki, qlobal böhran və münaqişə beynəlxalq bazarda enerji qiymətlərinə ciddi təsir edib. Avropanın yaşıl enerjiyə keçidi sürətləndirdiyi vurğulanıb.

Seminarda Rusiya və Ukrayna müharibəsi fonunda enerji böhranı ilə bağlı problemlər və onların həll yolları, Vişeqrad qrupu ölkələri və Azərbaycan üçün gələcək texnoloji transformasiya üzrə çağırışlara dair müzakirələr aparılıb.

azertag.az